QAYNAR XƏTT 1654

Konvensiya

“Kibercinayətkarlıq haqqında” Konvensiyanın Təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 “Kibercinayətkarlıq haqqında” 2001-ci il noyabrın 23-də Budapeşt şəhərində imzalanmış Konvensiya müvafiq bəyanatlar və qeyd-şərtlərlə təsdiq edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2009-cu il.

№ 874-IIIQ

 

 

Kibercinayətkarlıq haqqında Konvensiya

Budapeşt, 23 noyabr 2001-ci il

 

Preambula

 

Avropa Şurasının üzv dövlətləri və bu Konvensiyanı imzalayan digər dövlətlər

Avropa Şurasının məqsədinin onun üzvləri arasında birliyə nail olmaqdan ibarət olduğunu nəzərə alaraq;

bu Konvensiyanı imzalayan digər dövlətlərlə əməkdaşlığı möhkəmləndirməyin əhəmiyyətini etiraf edərək:

digər tədbirlərlə yanaşı, müvafiq qanunvericilik aktlarının qəbul edilməsi və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi vasitəsilə cəmiyyəti kibercinayətkarlıqdan qorumağa yönəlmiş cinayət hüququ sahəsində ümumi siyasətin prioritet qaydada aparılması zərurətindən əminliyi qeyd edərək;

rəqəmsal texnologiyaların həyatımıza daxil olması, kompüter şəbəkələrinin birləşməsini və qloballaşmasının səbəb olduğu əhəmiyyətli dəyişiklikləri dərk edərək;

kompüter şəbəkələrinin, elektron məlumatların cinayətlərin törədilməsi üçün istifadə edilməsi və bu növ cinayətlərin baş verməsinə dair sübutların bu şəbəkələrdə saxlanılması və ya şəbəkələr vasitəsilə ötürülməsi təhlükəsindən narahat olaraq;

kibercinayətkarlığa qarşı mübarizədə dövlətlərlə özəl sektor arasında əməkdaşlığın zəruriliyini və informasiya texnologiyalarından istifadə və onların inkişaf etdirilməsi sahəsində qanuni mənafelərin müdafiə edilməsi zərurətini anlayaraq;

kibercinayətkarlığa qarşı səmərəli mübarizə aparmaq üçün cinayət hüququ sahəsində geniş, operativ və normal beynəlxalq əməkdaşlığın tələb olunduğunu nəzərə alaraq;

Hazırkı Konvensiyanın müvafiq əməlləri cinayət kimi qeyd etmək, bu cür cinayət əməllərinə qarşı mübarizə aparmaq üçün zəruri səlahiyyətlər vermək, onların həm ölkədaxili, həm də beynəlxalq səviyyədə tədqiqatı, istintaqı və təqib olunmasına şərait yaratmaq, sürətli və etibarlı beynəlxalq əməkdaşlığı təmin etmək yolu ilə kompüter sistem və şəbəkələrinin, o cümlədən kompüter verilənlərin məxfiliyi, bütövlüyü və yararlılığına qarşı yönəlmiş əməllərin, həmçinin bu sistem, şəbəkə və verilənlərdən qeyri-qanuni istifadənin qarşısını almaq zəruriliyindən əmin olaraq;

Hüquqi qayda-qanunun saxlanması maraqları ilə 1950-ci il tarixli "İnsan hüquq və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Şurasının Konvensiyasında, Birləşmiş Millətlər Təşkilatının 1966-cı il tarixli "Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktında, o cümlədən hər kəsin fikir və mülahizələrinin maneəsiz ifadə etmək hüququnu və, dövlət sərhədlərindən və şəxsi həyata müdaxilə ilə bağlı hüquqdan asılı olmayaraq, hər növ məlumat və ideya axtarmaq, əldə etmək və yaymaq azadlığını təsdiq edən insan hüquqları haqqında beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş əsas insan hüquqlarına hörmət edilməsi arasında lazımi balansın təmin edilməsi zərurətini xatırlayaraq;

Eyni zamanda, məsələn Avropa Şurasının 1981-ci il tarixli Fiziki şəxslərin şəxsi verilənlərin avtomatlaşdırılmış işlənməsi zamanı mühafizəsi haqqında Konvensiyası kimi beynəlxalq sənədlərdə nəzərdə tutulmuş şəxsi verilənlərin mühafizəsi hüququnu xatırlayaraq;

Birləşmiş Millətlər Təşkilatının 1989-cu il tarixli Uşaq hüquqları haqqında Konvensiyasını və Beynəlxalq Əmək Təşkilatı tərəfindən qəbul edilmiş 1999-cu il tarixli Uşaq əməyinin ən pis formaları haqqında Konvensiyanın müddəalarını nəzərə alaraq;

Avropa Şurasının penitensiar sahədə əməkdaşlıq haqqında qüvvədə olan konvensiyalarına, o cümlədən Avropa Şurasının üzvü olan dövlətlərlə digər dövlətlər arasında bağlanmış analoji konvensiyaları nəzərə alaraq və bu Konvensiyanın həmin konvensiyaları kompüter şəbəkələri və kompüter verilənləri ilə bağlı cinayətlərin istintaqı və prosessual hərəkətlərin səmərəliliyini artırmaq, o cümlədən cinayətin elektron formada törədilməsi haqqında sübutların toplanmasını təmin etmək məqsədilə tamamladığını qeyd edərək;

Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa İttifaqı və "səkkizlik qrupu" tərəfindən qəbul edilmiş tədbirlər də daxil olmaqla, son zamanlar kibercinayətkarlığa qarşı mübarizədə beynəlxalq anlaşma və əməkdaşlığı daha da inkişaf etdirən nailiyyətləri alqışlayaraq;

Nazirlər Komitəsinin "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasının telekommunikasiya məlumatlarının tutulması haqqında məhkəmə tapşırıqlarına aid olan hissəsinin praktiki tətbiqinə dair R(85)10 nömrəli; müəllif hüquqları və əlaqəli hüquqlar sahəsində piratçılığa qarşı mübarizə haqqında R(88)2 nömrəli; polis tərəfindən şəxsi verilənlərdən istifadə qaydası haqqında R(87)15 nömrəli; telekommunikasiya xidmətləri, xüsusilə telefon xidmətləri sahəsində şəxsi verilənlərin qorunması haqqında R(95)4 nömrəli; habelə bəzi kompüter cinayətlərinin anlayışlarının müəyyənləşdirilməsi üçün milli qanunvericilik orqanları üçün rəhbər prinsipləri təmin edən kompüter sahəsində cinayətlərə dair R(89)9 nömrəli və cinayət-prosessual hüququnun informasiya texnologiyaları ilə bağlı olan problemləri üzrə R(95)13 nömrəli Tövsiyələrini xatırlayaraq;

Avropa ədliyyə nazirlərinin 21-ci konfransında (Praqa, 10 və 11 iyun 1997-ci il) qəbul edilmiş və Cinayət Problemləri üzrə Avropa Komitəsi (CPAK) tərəfindən ölkələrin daxili cinayət qanunvericiliyinin müddəalarını bir-birinə uyğunlaşdırmaq, həmçinin kompüter sahəsində cinayətlərin araşdırılmasında səmərəli vasitələrin istifadə olunmasına imkan yaratmaq məqsədilə həyata keçirdiyi kibercinayətkarlıq sahəsində işlərini dəstəkləməyin Nazirlər Komitəsinə tövsiyə edildiyi 1 №-li qərarını; o cümlədən Avropa ədliyyə nazirlərinin 23-cü konfransında (London, 8 və 9 iyun 2000-ci il) qəbul edilmiş və danışıqlarda iştirak edən Tərəflərin mümkün qədər böyük sayda dövlətlərin Konvensiyanın iştirakçısı olmasına imkan yaradan qərarların qəbul edilməsi və həlletmə üsullarının tapılması məqsədilə səylərini əsirgəməməyə çağıran, həmçinin kibercinayətkarlığa qarşı mübarizənin özünəməxsus tələblərini lazımi qaydada nəzərə alan sürətli və səmərəli beynəlxalq əməkdaşlıq sisteminə olan ehtiyacı etiraf edən 3 №-li qərarını nəzərə alaraq;

O cümlədən Avropa Şurasının üzvü olan dövlətlərin dövlət və hökumət başçılarının ikinci sammitində (Strasburq, 10 və 11 oktyabr 1997-ci il) qəbul edilmiş Avropa Şurasının standartları və dəyərləri əsasında yeni informasiya texnologiyalarının inkişafını dəstəkləyən ümumi tədbirlərin müəyyən edilməsi üzrə tədbirlər planını nəzərə alaraq;

aşağıdakılar barədə razılığa gəldilər:

 

Fəsil I - Terminlərdən istifadə

 

Maddə 1 – Anlayışlar

 

Hazırkı Konvensiyanın məqsədlərinə nail olmaq üçün:

a)       «kompüter sistemi» - müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatik işlənməsini həyata keçirən hər hansı qurğunu və ya qarşılıqlı qoşulmuş və ya əlaqəli qurğular qrupunu nəzərdə tutur;

b)       «kompüter verilənləri» - faktların, məlumatların və ya anlayışların kompüter sistemində, o cümlədən kompüter sistemində hər hansı funksiyanın həyata keçirilməsini təmin edən proqram vasitəsilə emal üçün yararlı olan istənilən təqdim formasını nəzərdə tutur;

c) «Xidmət provayderi»:

i) xidmətlərinin istifadəçilərini kompüter sistemi vasitəsi ilə məlumat mübadiləsi imkanı ilə təmin edən istənilən dövlət və ya özəl qurum; və

ii) bu cür rabitə xidməti və ya onun istifadəçilərinin adından kompüter verilənlərinin işlənməsi və ya saxlanılmasını həyata keçirən istənilən digər qurum nəzərdə tutur:

d) «trafik verilənləri»- kompüter sistemi vasitəsilə ötürülən və müvafiq rabitə zəncirinin
tərkib hissəsi olan kompüter sistemlərində yaradılan informasiya ilə əlaqəli olan və
informasiyanın mənbəyi, təyinatı, marşrutu, vaxtı, tarixi, həcmi, davamlılığı və ya əsas
xidmətin növünü göstərən kompüter verilənlərini nəzərdə tutur.

 

Bölmə II - Milli səviyyədə həyata keçirilən tədbirlər

 

Fəsil 1 - Maddi cinayət hüququ

 

Altfəsil 1 - Kompüter verilənləri və sistemlərinin məxfiliyi, tamlığı və istifadə imkanlarına qarşı cinayətlər

 

Maddə 2 - Qanunsuz daxil olma

 

Hər bir Tərəf kompüter sisteminə və ya onun hər hansı hissəsinə belə hüquq olmadan qəsdən daxil olmanın daxili qanunvericilikdə cinayət əməli kimi tövsif edilməsi üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür. Hər bir Tərəf bu əməllərin, təhlükəsizlik tələblərini pozmaqla, kompüterdə mövcud olan verilənlərin ələ keçirmək niyyəti və ya digər bəd niyyətlə, yaxud başqa kompüter sistemləri ilə bağlı olan kompüter sistemlərinə münasibətdə törədildiyi halda cinayət əməli hesab olunmasını tələb edə bilər.

 

Maddə 3 Qanunsuz ələ keçirmə

 

Hər bir Tərəf texniki vasitələrdən istifadə etməklə kompüter sistemindən, kompüter sisteminə və yaxud kompüter sistemi vasitəsilə ötürülən və ümumi istifadə üçün nəzərdə tutulmamış verilənlərin, həmçinin bu cür verilənləri daşıyan kompüter sistemlərindən elektromaqnit şüalanmanın belə hüquq olmadan qəsdən ələ keçirilməsinin daxili qanunvericilikdə cinayət əməli kimi tövsif olunması üçün zəruri olan qanunvericilik və digər tədbirlər görür. Hər bir Tərəf bu əməllərin, yalnız bəd niyyətlə, yaxud başqa kompüter sistemləri ilə bağlı olan kompüter sistemlərinə qarşı törədildiyi halda cinayət əməli hesab olunmasını tələb edə bilər.

 

Maddə 4 Verilənlərə müdaxilə

 

1. Hər bir Tərəf daxili qanunvericiliyində kompüter verilənlərinin belə hüquq olmadan qəsdən zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya təcrid edilməsi əməllərinin cinayət əməli kimi tövsif olunması üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür.

2. Hər bir Tərəf 1-ci bənddə qeyd olunmuş əməlləri yalnız əhəmiyyətli zərər vurduqda cinayət əməli kimi tövsif etmək hüququnu özündə saxlayır.

 

Maddə 5 - Sistemlərə müdaxilə

 

Hər bir Tərəf daxili qanunvericiliyində kompüter verilənlərinin daxil edilməsi, ötürülməsi, zədələnməsi, silinməsi, korlanması, dəyişdirilməsi və ya təcrid edilməsi üsulu ilə kompüter sistemlərinin fəaliyyətinə belə hüquq olmadan qəsdən ciddi maneə törədilməsi əməlini cinayət əməli kimi tövsif olunması üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür.

 

Maddə 6 Qurğulardan qanunsuz istifadə

 

1. Hər bir Tərəf aşağıdakı əməllərin qəsdən və belə hüquq olmadan törədilməsi
hallarında onların daxili qanunvericiliyində cinayət əməli kimi tövsif olunması üçün zəruri
olan qanunvericilik və digər tədbirləri görür:

a) aşağıdakıların istehsal, satış, istifadə üçün əldə olunması, idxalı, topdan satışı və
ya digər formalarda istifadəyə təqdim olunması:

i) 2-5-ci maddələrdə qeyd olunmuş cinayətlərdən əsasən hər hansı birinin törədilməsi məqsədi üçün hazırlanmış və ya uyğunlaşdırılmış qurğular, o cümlədən kompüter proqramları;

ii) 2-5-ci maddələrdə qeyd olunmuş cinayətlərdən hər hansı birinin törədilməsində istifadə etmək üçün kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq imkanını yaradan kompüter parolları, giriş kodları və ya digər analoji verilənlər:

b) maddənin «a» bəndinin «i» və ya «ii» yarımbəndlərində qeyd olunmuş vasitələrə
2-5-ci maddələrdə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini törətmək üçün
istifadə etmək niyyəti ilə onlara sahib olmaq. Hər bir Tərəf qanunla cinayət
məsuliyyətinin yaranması üçün şəxsin bir neçə bu cür vasitəyə sahib olmasını tələb
edə bilər.

2. Bu maddənin 1-ci bəndində qeyd olunmuş vasitələrin istehsalı, satışı, istifadə üçün əldə olunması, idxalı, topdan satışı və ya digər formalarda istifadəyə təqdim olunması, yaxud da onlara sahiblik Konvensiyanın 2-5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi məqsədini daşımırsa, məsələn kompüter sistemini müvafiq icazə ilə yoxlamaq və ya mühafizə etmək məqsədini daşıyırsa, bu bənd bu cür əməllərə görə cinayət məsuliyyətini müəyyənləşdirmək üçün təfsir edilə bilməz.

3. Tərəf bu maddənin 1-ci bəndində göstərilən müddəaları tətbiq etməmək hüququnu bir şərtlə özündə saxlayır ki, adı çəkilən qeyd-şərt bu maddənin «a» bəndinin «ii» yanmbəndində göstərilən əşyaların satışı, topdan satışı, yaxud digər formada istifadəsinə aid edilməsin.

 

Yarımfəsil 2 - Kompüter vasitələrindən istifadə ilə bağlı cinayətlər

 

Maddə 7 - Kompüter texnologiyalarından istifadə etməklə saxtalaşdırma

 

Hər bir Tərəf daxili qanunvericiliyində birbaşa oxuna bilməsi və ya anlaşılan olmasından asılı olmayaraq kompüter verilənlərini hüquqi məqsədlərlə autentik verilənlər kimi hesab edilməsi və ya istifadə edilməsi üçün onlara belə hüquq olmadan verilənlərin autentikliyinin pozulmasına səbəb olan qəsdən daxil etmə, dəyişdirmə, silmə və ya təcrid etmə əməllərini cinayət əməli kimi tovsif etmək üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür.

 

Maddə 8 Kompüter texnologiyalarından istifadə etməklə dələduzluq

 

Hər bir Tərəf daxili qanunvericiliyində özü və ya digər şəxs üçün mənfəət əldə etmək məqsədilə dələduzluq və ya bəd niyyətlə

a)    kompüter verilənlərinin hər hansı daxil edilməsi, dəyişdirilməsi, silinməsi və ya təcrid edilməsi;

b)    kompüter sisteminin fəaliyyətinə hər hansı müdaxilə edilməsi üsulu ilə

başqa bir şəxsi qəsdən və belə hüquq olmadan əmlakdan məhrum etmə əməlini cinayət əməli kimi tövsif olunması üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür.

 

Yanmfəsil 3 Məlumatların məzmunu ilə bağlı cinayətlər

 

Maddə 9 - Uşaq pornoqrafiyası ilə bağlı cinayətlər

1.           Hər bir Tərəf aşağıdakı əməllərin qəsdən və hüquqazidd olaraq törədilməsi
hallarında onların daxili qanunvericiliyində cinayət əməli kimi tövsif olunması üçün zəruri
olan qanunvericilik və digər tədbirləri görür:

a)   kompüter sistemi vasitəsilə yaymaq məqsədilə uşaq pornoqrafiyasının istehsalı;

b)   kompüter sistemi vasitəsilə uşaq pornoqrafiyasının təklif edilməsi və ya istifadə üçün təqdim edilməsi;

c)   kompüter sistemi vasitəsilə uşaq pornoqrafiyasının yayılması və ya ötürülməsi;

d)   özü, yaxud digər şəxs üçün kompüter sistemi vasitəsilə uşaq pornoqrafiyasının əldə edilməsi;

e) kompüter sistemində və ya kompüter verilənlərinin daşıyıcılarında uşaq pornoqrafiyasına malik olma.

2.           Bu maddənin 1-ci bəndində göstərilən məqsədlər baxımından «uşaq pornoqrafiyası»
anlayışına aşağıdakıları təsvir edən pornoqrafiya materialları daxildir:

a) yetkinlik yaşına çatmamış şəxsin açıq seksual xarakterli hərəkətlərdə iştirakı;

b) yetkinlik yaşına çatmaması güman edilən şəxsin açıq seksual xarakterli hərəkətlərdə iştirakı;

c) açıq seksual hərəkətlərdə iştirak edən yetkinlik yaşına çatmamış şəxsin həqiqi təsvirləri.

3. Bu maddənin 2-ci bəndinin məqsədləri üçün «yetkinlik yaşına çatmamışlar» anlayışı 18 yaşına çatmamış istənilən şəxsi nəzərdə tutur. Lakin, hər bir Tərəf 16 yaşdan az olmamaq şərtilə daha aşağı yaş hədlərini müəyyən edə bilər.

4. Hər bir Tərəf bu maddənin 1-ci bəndinin «d» və «e» yarımbəndlərinin, o cümlədən 2-ci bəndin «b» və «c» yarımbəndlərinin müddəalarını tam və ya qismən tətbiq etməmək hüququnu özündə saxlayır.

 

Yarımfəsil 4 Müəllif hüquqlarının və əlaqəli hüquqların pozulması ilə bağlı cinayətlər

 

Maddə 10 - Müəllif hüquqlarının və əlaqəli hüquqların pozulması ilə bağlı cinayətlər

 

1. Hər bir Tərəf "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyasına dəyişiklikləri əhatə edən 24 iyul 1971-ci il tarixli Paris Aktına, "Əqli mülkiyyət hüquqlarının ticarət aspektləri haqqında" Sazişə və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının "Müəllif hüququ haqqında" Sazişinə uyğun üzərinə götürdüyü Öhdəliklərinə müvafiq olaraq həmin Tərəfin qanunvericiliyində nəzərdə tutulmuş müəllif hüquqlarının pozulması əməlinin kommersiya miqyasında və kompüter sistemi vasitəsilə, istənilən mənəvi hüquqlar istisna olmaqla, qəsdən törədilməsi hallarının daxili qanunvericiliyində cinayət əməli kimi tövsif olunması üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür.

2. Hər bir Tərəf "Sənətkar-ifaçıların, fonoqram və veriliş təşkilatçılarının mənafelərinin qorunması haqqında" Beynəlxalq Konvensiyaya (Roma Konvensiyası), “Əqli mülkiyyət hüquqlarının ticarət aspektləri haqqında” Sazişə və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “İfa və fonoqramlar haqqında” Sazişinə uyğun olaraq üzərinə götürdüyü öhdəliklərinə müvafiq olaraq həmin Tərəfin qanunvericiliyində nəzərdə tutulmuş əlaqəli hüquqlarının pozulması əməlinin kommersiya miqyasında və kompüter sistemi vasitəsilə, istənilən mənəvi hüquqlar istisna olmaqla, qəsdən törədilməsi hallarının daxili qanunvericiliyində cinayət əməli kimi tövsif olunması üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür.

3. Hər bir Tərəf o hallarda bu maddənin 1 və 2-ci bəndlərinin müddəalarına uyğun olaraq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməməsi hüququnu özündə saxlaya bilər ki, məsuliyyətə cəlb etmə üzrə digər səmərəli müdafiə vasitələrinə malik olsun və bu, həmin Tərəfin üzərinə götürdüyü, bu maddənin 1 və 2-ci bəndlərində qeyd olunan beynəlxalq sənədlərdə nəzərdə tutulmuş öhdəliklərinin qismən ləğv olunması ilə nəticələnməsin.

 

Yarımfəsil 5 - Məsuliyyətin əlavə növləri və sanksiyalar

 

Maddə 11 - Cinayət etməyə cəhd, cinayətin törədilməsində iştirakçılıq və ya cinayətə təhrikçilik

 

1. Hər bir Tərəf bu Konvensiyanın 2-10-cu maddələrində nəzərdə tutulan cinayətin törədilməsində iştirakçılığın, yaxud cinayətə təhrikçiliyin daxili qanunvericilikdə cinayət əməli kimi tövsif olunması üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür.

2. Hər bir Tərəf bu Konvensiyanın 3-5-ci, 7-ci, 8-ci maddələrində və 9.1-ci maddəsinin «a». və «c» bəndlərində nəzərdə tutulmuş cinayətlərin törədilməsinə qəsdən edilən cəhdin daxili qanunvericilikdə cinayət əməli kimi tövsif olunması üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür.

3. Hər bir Tərəf bu maddənin 2-ci bəndinin müddəalarını tam və ya qismən tətbiq etməmək hüququnu özündə saxlayır.

 

Maddə 12 Hüquqi şəxsin məsuliyyəti

 

1. Hər bir Tərəf müstəqil olaraq və ya hüquqi şəxsin müvafiq orqanının əməkdaşı kimi
fəaliyyət göstərən və aşağıda qeyd olunmuş əsaslarla bu orqanda aparıcı mövqe tutan hər
hansı fiziki şəxs tərəfindən hüquqi şəxsin xeyrinə bu Konvensiyada nəzərdə tutulmuş
cinayətlərin törədilməsinə görə belə hüquqi şəxsin məsuliyyətə cəlb olunmasını təmin
etmək üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür:

a) bu hüquqi şəxsi təmsil etmək səlahiyyəti əsasında;

b) bu hüquqi şəxsin adından qərar qəbul etmək hüququ əsasında;

c) bu hüquqi şəxsin daxilində nəzarəti həyata keçirmək hüququ əsasında.

2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş hallara əlavə olaraq, hər bir Tərəf 1-ci bənddə qeyd olunan fiziki şəxs tərəfindən lazımi rəhbərliyin və ya nəzarətin həyata keçirilməməsinin nəticəsində həmin şəxsin tabeçiliyində olan fiziki şəxs tərəfindən hüquqi şəxsin xeyrinə bu Konvensiyada nəzərdə tutulmuş cinayətin törədilməsi hallarında həmin hüquqi şəxsin məsuliyyətə cəlb olunmasını təmin etmək üçün zəruri tədbirlər görür.

3. Müvafiq Tərəfin qəbul etdiyi hüquq prinsiplərindən asılı olaraq, hüquqi şəxs cinayət, mülki, yaxud inzibati məsuliyyət daşıya bilər.

4. Bu növ məsuliyyət hər hansı yüngülləşmə ilə nəticələnmir və cinayət törətmiş fiziki şəxsləri cinayət məsuliyyətindən azad etmir.

 

Maddə 13 - Sanksiya və tədbirlər

 

1. Hər bir Tərəf 2-11-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə azadlıqdan məhrumetmə cəzası da daxil olmaqla təsirli, mütənasib və inandırıcı cəza tədbirlərinin tətbiq edilməsini təmin etmək üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür.

2. Hər bir Tərəf 12-ci maddənin müddəalarına uyğun olaraq məsuliyyətə cəlb olunmuş hüquqi şəxslərə maliyyə sanksiyaları da daxil olmaqla cinayət və ya qeyri-cinayət xarakterli təsirli, mütənasib və inandırıcı cəza tədbirlərinin tətbiq olunmasını təmin edir.

 

Fəsil 2 - Prosessual hüquq normaları

 

Yarımfəsil 1 - Ümumi müddəalar

 

Maddə 14 - Prosessual normaların tətbiq etmə dairəsi

 

1. Hər bir Tərəf konkret cinayət təqibinin və ya icraatın aparılması məqsədilə bu fəsildə nəzərdə tutulmuş səlahiyyətlərin və prosedurların müəyyənləşdirilməsi üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür.

2. 21-ci maddə ilə başqa xüsusi müddəa nəzərdə tutulmayıbsa, hər bir Tərəf bu maddənin 1-ci bəndində qeyd olunan səlahiyyətləri və prosedurları aşağıdakılara münasibətdə tətbiq edir:

a) hazırkı Konvensiyanın 2-11-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərə;

b) hər hansı kompüter sistemi vasitəsi ilə törədilən digər cinayətlərə;

c) cinayətlə bağlı sübutlarının elektron formada toplanmasına.

3. a) Hər bir Tərəf 20-ci maddədə qeyd olunan tədbirləri yalnız öz qeyd-şərtində
göstərilmiş cinayətlər və ya cinayət növləri üzrə tətbiq etmək hüququnu o şərtlə özündə
saxlayır ki, belə cinayətlərin və ya cinayət növlərinin dairəsi 21-ci maddədə nəzərdə
tutulmuş tədbirlərin tətbiq edildiyi cinayətlərin dairəsindən daha məhdud olmasın. Hər bir
Tərəf 20-ci maddədə qeyd edilən tədbirlərin mümkün qədər geniş tətbiq edilməsi
məqsədilə belə qeyd-şərtin tətbiq etmə dairəsinin məhdudlaşdırılmasını nəzərdən keçirir.

b) Hər hansı Tərəf hazırkı Konvensiyanın qəbul edildiyi zaman qüvvədə olan qanunvericiliyindəki məhdudiyyətlərə görə xidmət provayderinin

i) istifadəçilərin qapalı qrupu üçün istifadə edilən və

ii) ictimai rabitə şəbəkələrindən istifadə etməyən və digər ictimai və ya özəl şəbəkələrə qoşulmayan kompüter sistemi vasitəsilə ötürülən məlumatlara 20 və 21-ci maddələrdə göstərilən tədbirləri tətbiq etmək imkanına malik olmazsa, belə Tərəf məlumatların bu cür ötürülməsinə həmin tədbirləri tətbiq etməmək hüququnu özündə saxlaya bilər. Hər bir Tərəf 20-ci və 21-ci maddələrdə qeyd edilən tədbirlərin mümkün qədər geniş tətbiq edilməsi məqsədilə belə hüququn məhdudlaşdırılmasını nəzərdən keçirir.

 

Maddə 15 - Şərtlər və zəmanətlər

 

1. Hər bir Tərəf bu bölmə ilə nəzərdə tutulmuş səlahiyyət və prosedurların müəyyənləşdirilməsi, icrası və tətbiqinin həmin dövlətin hüquq və azadlıqların, o cümlədən bu Tərəfin Avropa Şurasının 1950-ci il tarixli “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyası, BMT-nin 1966-cı il tarixli "Mülki və Siyasi Hüquqlar haqqında" Paktı, həmçinin insan hüquqları haqqında digər beynəlxalq müqavilələr üzrə öhdəliklərindən irəli gələn digər hüquqların müdafiəsini təmin edən və mütənasiblik prinsipini nəzərdə tutan daxili qanunvericiliyinə uyğun olaraq nəzərdə tutulmuş şərtlərə və təminatlara müvafiq şəkildə həyata keçirilməsini təmin edir.

2. Səlahiyyət və prosedurların xarakteri nəzərə alınaraq, bu şərtlərə və zəmanətlərə, digərlərlə yanaşı, məhkəmə nəzarəti və digər müstəqil nəzarət, tətbiq etmənin hüquqi əsasları, bu səlahiyyət və proseduraların tətbiq etmə dairəsinə və müddətlərinə məhdudiyyət qoyulması daxildir.

3. İctimai maraqlara, xüsusən də ədalət mühakiməsinin əsaslı həyata keçirilməsinə uyğun olması həddində hər bir Tərəf bu bölmədə nəzərdə tutulmuş səlahiyyət və prosedurların üçüncü tərəflərin hüquq, vəzifə və qanuni maraqlarına təsirini nəzərdən keçirir.

 

Yarımfəsil 2 - Saxlanılan kompüter verilənlərinin mühafizəsinin operativ təminatı

 

Maddə 16 - Saxlanılan kompüter verilənlərinin mühafizəsinin operativ təminatı

 

1. Hər bir Tərəf səlahiyyətli orqanlarına kompüter məlumatlarının, xüsusilə də kompüter sistemlərində saxlanılan trafik verilənlərinin, onların itki və ya modifikasiya riskinə məruz qaldığını güman etməyə əsaslar olduğu hallar da daxil olmaqla, operativ mühafizəsinin təmin edilməsi ilə bağlı sərəncam verilməsinə və ya digər tədbirlər görülməsinə dair səlahiyyət vermək üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür.

2. Tərəf 1-ci bənddə göstərilən müddəaları hər hansı şəxsin mülkiyyətində və ya nəzarətində olan konkret kompüter verilənlərinin qorunmasının təmin edilməsi haqqında sərəncam verilməsi yolu ilə həyata keçirirsə, səlahiyyətli orqanların həmin kompüter məlumatlarının açılmasına nail olması məqsədilə həmin Tərəf bu şəxsin üzərinə adıçəkilən kompüter verilənlərini qorumaq və ya müvafiq müddət ərzində, doxsan gündən çox olmamaq şərti ilə, onların toxunulmazlığını təmin etmək vəzifəsini qoymaq üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür. Tərəf bu sərəncamın qüvvədə olma müddətinin uzadılması imkanını nəzərdə tuta bilər.

3. Hər bir Tərəf kompüter verilənlərinin mühafizəsi həvalə olunduğu bu məlumatları saxlayan şəxsin və ya digər şəxsin daxili qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində bu cür prosedurların həyata keçirilməsini gizli saxlamaq vəzifəsini müəyyən edən qanunvericilik və digər tədbirləri görür.

4. Bu maddədə nəzərdə tutulmuş səlahiyyət və prosedurlar 14-cü və 15-ci maddələrə müvafiq olaraq müəyyən edilir.

 

Maddə 17 - Trafik verilənlərinin qorunmasının operativ təminatı və onların qismən açıqlanması

 

1. Hər bir Tərəf 16-cı maddəyə uyğun qorunması təmin edilən trafik verilənləri ilə
əlaqədar aşağıda göstərilən işləri həyata keçirmək üçün tələb edilən qanunvericilik və digər
tədbirləri görür:

a) məlumatın ötürülməsində bir və ya daha çox xidmət provayderinin iştirak etməsindən asılı olmayaraq, trafik verilənlərinin mühafizəsini təmin etmək;

b) bu Tərəfə xidmət provayderlərini və bu məlumatın ötürülməsi yolunu müəyyənləşdirməyə imkan yaradan trafik verilənlərinin bu Tərəfin səlahiyyətli orqanına və ya həmin orqanın təyin etdiyi şəxsə kifayət həcmdə açıqlanmasına zəmanət vermək.

2. Bu maddədə sadalanan səlahiyyət və prosedurlar 14-cü və 15-ci maddələrin
müddəalarına uyğun olaraq müəyyən edilir.

 

Yarımfəsil 3 - Təqdimetmə göstərişi

 

Maddə 18 - Təqdimetmə göstərişi

 

1. Hər bir Tərəf onun səlahiyyətli orqanlarının aşağıdakı şəxslərə göstəriş vermək
səlahiyyətini təmin etmək üçün zəruri qanunvericilik və digər tədbirləri görür:

a) onun ərazisində hər hansı bir şəxsə - bu şəxsin sərəncamında olan, yaxud onun nəzarət etdiyi, kompüter sistemində və ya kompüter daşıyıcılarında saxlanan konkret kompüter verilənlərinin təqdim edilməsi ilə bağlı göstəriş:

b) onun ərazisində fəaliyyətini həyata keçirən xidmət provayderinə - bu provayderin ixtiyarında olan və ya onun nəzarət etdiyi abunəçilər haqqında məlumatın təqdim edilməsi ilə bağlı göstəriş.

2.                                                                                      Bu maddədə sadalanan səlahiyyət və prosedurlar 14-cü və 15-ci maddələrə uyğun
olaraq müəyyən edilir.                                                            

3. Bu maddənin məqsədləri üçün «abunəçilər haqqında məlumat» anlayışı xidmət provayderinin öz abunəçiləri barədə kompüter verilənləri formasında və yaxud başqa bir formada malik olduğu məlumatlan nəzərdə tutur, trafik verilənləri və ya məlumatların məzmunu istisna olmaqla, və belə məlumatlar vasitəsi ilə aşağıdakıları müəyyən etmək olar:

a) istifadə edilən rabitə xidmətlərinin növü, bu məqsədlə qəbul edilmiş texniki təminat tədbirləri və xidmətin göstərilmə müddəti;

b) xidmət müqaviləsi və ya razılaşması əsasında əldə olunan istifadəçinin şəxsiyyəti, onun poçt və ya coğrafi ünvanı, telefon və başqa əlaqə nömrəsi, xidmət haqqı hesabları və ödənişləri haqqında məlumat;

c) xidmət müqavilələri və razılaşmaları əsasında quraşdırılmış kommunikasiya
avadanlıqlarının yerləri haqqında istənilən digər məlumatlar.

 

Yarımfəsil 4 - Saxlanılan kompüter verilənlərinin axtarışı və götürülməsi

 

Maddə 19 - Saxlanılan kompüter verilənlərinin axtarışı və götürülməsi

 

1. Hər bir Tərəf özünün səlahiyyətli orqanlarına öz ərazisində aşağıdakıların axtarışı və
ya onlara daxil olması məqsədilə səlahiyyətlərin verilməsi üçün tələb edilə bilən qanunvericilik və digər tədbirləri görür:

a) kompüter sistemləri və yaxud onların hissələri, o cümlədən belə sistemdə saxlanılan verilənlər;

b) kompüter verilənlərinin saxlanıla bilən kompüter verilənləri daşıyıcıları.

2. Hər bir Tərəf onun səlahiyyətli orqanlarının 1«a» bəndinin müddəalarına uyğun olaraq axtarış apardığı və ya müvafiq kompüter sistemində, yaxud onun hər hansı bir hissəsinə daxil olduğu zaman axtarılan verilənlərin bu Tərəfin ərazisində yerləşən digər kompüter sistemində və ya onun hər hansı hissəsində olduğunu güman etməyə əsaslar olarsa və bu verilənləri qanuni əsaslarla birinci sistemdən, yaxud onun vasitəsilə əldə etmək mümkün olarsa, həmin orqanların digər sistemdə operativ axtarış və ya digər daxil olma hərəkətlərini həyata keçirə bilməsi üçün zəruri qanunvericilik və digər tədbirləri görür.

3. Hər bir Tərəf səlahiyyətli orqanlarına 1-ci və ya 2-ci bəndlərin müddəalarına uyğun olaraq daxil olmanın icazə verildiyi kompüter verilənlərini götürmək və ya analoji tərzdə onların mühafizəsini təmin etmək üçün səlahiyyətlərin verilməsi üçün zəruri qanunvericilik və digər tədbirləri görür. Bu tədbirlər aşağıdakı səlahiyyətlərin verilməsini nəzərdə tutmalıdır:

a) kompüter verilənlərinin saxlanması üçün istifadə edilən kompüter sistemlərinin, onların hissələrinin, yaxud daşıyıcılarının götürülməsini həyata keçirmək və ya başqa bir analoji üsulla bu verilənlərin qorunmasını təmin etmək;

b) müvafiq kompüter verilənlərinin surətini çıxarmaq və saxlamaq;

c) müvafiq saxlanılan kompüter verilənlərinin bütövlüyünü təmin etmək;

d) kompüter sistemində mövcud olan verilənlərə girişi qadağan etmək və ya belə
sistemdən müvafiq verilənləri götürmək.

4. Hər bir Tərəf onun səlahiyyətli orqanlarına müvafiq kompüter sistemlərinin fəaliyyət göstərməsi və ya orada saxlanılan verilənlərin mühafizəsi üçün həyata keçirilən tədbirlər haqqında biliklərə malik olan istənilən şəxsdən 1-ci və 2-ci bəndlərdə nəzərdə tutulan tədbirləri həyata keçirməyə imkan verən münasib lazımi məlumatları tələb etmək səlahiyyətlərini vermək üçün zəruri qanunvericilik və digər tədbirləri görür.

5. Bu maddədə nəzərdə tutulan səlahiyyət və prosedurlar 14-cü və 15-ci maddələrin müddəalarına uyğun olaraq müəyyən edilir.

 

Yarımfəsil 5 - Kompüter verilənlərinin real vaxt rejimində toplanması

 

Maddə 20 - Trafik verilənlərinin real vaxt rejimində toplanması

 

1. Hər bir Tərəf onun səlahiyyətli orqanlarına həmin Tərəfin ərazisində kompüter sistemi vasitəsilə real vaxt rejimində ötürülən konkret məlumatlarla əlaqədar trafik verilənləri barəsində aşağıdakı səlahiyyətlərin verilməsi üçün zəruri qanunvericilik və digər tədbirləri görür:

a) bu Tərəfin ərazisində texniki vasitələri tətbiq etməklə məlumatları toplamaq və ya yazmaq;

b) xidmət provayderləri üzərinə mövcud texniki imkanlar çərçivəsində aşağıdakı
öhdəlikləri qoymaq;

i) həmin Tərəfin ərazisində texniki vasitələri tətbiq etməklə məlumatları toplamaq və ya yazmaq;

ii) məlumatların toplanmasında və ya yazılmasında səlahiyyətli orqanlarla əməkdaşlıq etmək və onlara kömək etmək.

2. Hər hansı bir Tərəf onun daxili qanunvericilik sisteminə aid olan prinsiplərə əsasən 1«a» bəndində nəzərdə tutulan tədbirləri həyata keçirə bilmirsə, bunun əvəzində o, öz ərazisindəki belə məlumatlarla əlaqədar trafik verilənlərini öz ərazisində mövcud olan texniki vasitələri tətbiq etməklə real vaxt rejimində toplamağı və yazmağı mümkün etmək üçün zəruri ola bilən qanunvericilik və digər tədbirləri görə bilər.

3. Hər bir Tərəf xidmət provayderini bu maddə ilə nəzərdə tutulan istənilən səlahiyyətin həyata keçirilməsi faktının və bu barədə məlumatın məxfiliyinə əməl etməyə məcbur etmək üçün zəruri qanunvericilik və digər tədbirləri görür.

4. Bu maddədə göstərilən səlahiyyət və proseduralar 14-cü və 15-ci maddələrə uyğun olaraq müəyyən edilir.

 

Maddə 21 Məlumatın məzmununun ələ keçirilməsi

 

1.           Hər bir Tərəf daxili qanunvericiliklə müəyyən edilən bir sıra ağır cinayətlərə
münasibətdə öz səlahiyyətli orqanlarına həmin Tərəfin ərazisində kompüter sistemi
vasitəsilə real vaxt rejimində ötürülən konkret məlumatlarla əlaqədar məlumatın məzmunu
barəsində aşağıdakı səlahiyyətlərin verilməsi üçün zəruri qanunvericilik və digər tədbirləri
görür:

a) bu Tərəfin ərazisində texniki vasitələri tətbiq etməklə müvafiq məlumatları toplamaq və ya yazmaq,

b) xidmət provayderinin üzərinə onun texniki imkanları çərçivəsində aşağıdakı öhdəliklər qoymaq:

i) bu Tərəfin ərazisində texniki vasitələrdən istifadə etməklə məlumatları toplamaq və ya yazmaq,

ii) məlumatların toplanmasında və ya yazılmasında səlahiyyətli orqanlarla əməkdaşlıq etmək və onlara kömək etmək.

2. Hər hansı bir Tərəf onun daxili qanunvericilik sisteminə aid olan prinsiplərə əsasən 1«a» bəndində nəzərdə tutulan tədbirləri həyata keçirə bilmirsə, bunun əvəzində o, ərazisində mövcud olan məlumatın məzmunununu, texniki vasitələri tətbiq etməklə, real vaxt rejimində toplamağı və qeydə almağı mümkün etmək üçün zəruri ola bilən qanunvericilik və digər tədbirləri görə bilər.

3. Hər bir Tərəf xidmət provayderinin bu maddədə nəzərdə tutulan istənilən səlahiyyətin həyata keçirilməsi faktının və bu barədə məlumatın məxfiliyinə əməl etməyə məcbur etmək üçün zəruri qanunvericilik və digər tədbirləri görür.

4. Bu maddədə göstərilən səlahiyyət və proseduralar 14-cü və 15-ci maddələrə uyğun olaraq müəyyən edilir.

 

Fəsil 3 - Yurisdiksiya

Maddə 22 – Yurisdiksiya

 

1. Hər bir Tərəf hazırkı Konvensiyanın 2-11-ci maddələrinin müddəaları ilə nəzərdə
tutulmuş və aşağıdakı hallarda törədilmiş hər hansı cinayətə münasibətdə yurisdiksiyanın
müəyyən edilməsi üçün zəruri qanunvericilik və digər tədbirləri görür:

a) onun ərazisində törədildikdə;

b) bu Tərəfin bayrağı altında üzən gəmidə törədildikdə;

c) bu Tərəfin qanunlarına əsasən qeydə alınmış təyyarədə törədildikdə;

d) Tərəfin vətəndaşlarından biri tərəfindən törədildikdə, əgər cinayət törədilmə yerində cinayət cəzasına səbəb olursa və ya hər hansı dövlətin ərazi yurisdiksiya hüdudlarından kənarda törədilibsə.

2. Hər bir Tərəf bu maddənin 1 «b»-«d» bəndlərində müəyyən edilmiş yurisdiksiya normalarını tətbiq etməmək və ya yalnız konkret hallarda tətbiq etmək hüququnu özündə saxlayır.

3. Güman edilən cinayətkar onun ərazisində olduğu və ekstradiksiya tələbi irəli sürüldükdən sonra, yalnız həmin şəxsi vətəndaşlığına görə digər tərəfə ekstradisiya etməkdən imtina etdiyi hallarda, hər bir Tərəf bu Konvensiyanın 24-cü maddəsinin 1-ci bəndində qeyd edilən cinayətlərə münasibətdə yurisdiksiyasının müəyyən edilməsi üçün zəruri tədbirləri görür.

4. Hazırkı Konvensiya müvafiq Tərəfin öz daxili qanunvericiliyinə uyğun həyata keçirilən cinayət yurisdiksiyasını istisna etmir.

5. Hazırkı Konvensiya ilə nəzərdə tutulmuş güman edilən cinayət əməlinə münasibətdə yurisdiksiyaya dair bir neçə Tərəf iddialı olduqda, maraqlı Tərəflər, zərurət yarandıqda, cinayət təqibini həyata keçirmək üçün daha münasib yurisdiksiyanı seçmək məqsədilə məsləhətləşmələr aparırlar.

 

Bölmə III - Beynəlxalq əməkdaşlıq

 

Fəsil 1 - Ümumi prinsiplər

 

Yarımfəsil 1- Beynəlxalq əməkdaşlığın ümumi prinsipləri

 

Maddə 23 - Beynəlxalq əməkdaşlığın ümumi prinsipləri

 

Tərəflər hazırkı bölmənin müddəalarına uyğun olaraq və cinayət işləri üzrə beynəlxalq əməkdaşlıq haqqında müvafiq sənədlərin, vahidliyə söykənən və ya qarşılıqlığa əsaslanan razılaşmaların, daxili qanunların, o cümlədən kompüter sistemləri və verilənləri ilə bağlı cinayətlərin məhkəmə qaydasında istintaqı və araşdırılmasının həyata keçirilməsi məqsədilə daxili qanunvericilik normalarının tətbiq edilməsi yolu ilə bir-biri ilə geniş əməkdaşlığı həyata keçirirlər.

 

Yarımfəsil 2 - Ekstradisiya ilə bağlı prinsiplər

 

Maddə 24 – Ekstradisiya

 

1. a) Tərəflər arasında bu maddə hazırkı Konvensiyanın 2-11-ci maddələrinə uyğun
olaraq müəyyən edilən cinayətlərlə bağlı o şərtlə tətbiq edilir ki, hər iki maraqlı Tərəfin
qanunlarına əsasən onlara görə bir ildən az olmayan müddətə azadlıqdan məhrumetmə
cəzası və ya daha ciddi cəza növü nəzərdə tutulsun.

b) İki və ya daha çox tərəf arasında vahidliyə yaxud qarşılıqlığa söykənən qanunvericilik və ya ekstradisiya haqqında müqavilə, o cümlədən «Ekstradisiya haqqında» Avropa Konvensiyası (AMS № 024) əsasında bağlanmış Saziş qüvvədə olduqda və həmin sənəddə digər minimal cəzanın tətbiq edilməsi nəzərdə tutulduqda, həmin Saziş və ya müqavilədə nəzərdə tutulan minimum cəza tətbiq edilir.

2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan cinayətlər Tərəflər arasında mövcud olan ekstradisiya haqqında ikitərəfli, yaxud çoxtərəfli müqavilələrdə ekstradisiyaya səbəb olan cinayətlər kimi hesab olunur. Tərəflər həmin cinayətləri onların arasında bağlanacaq ekstradisiya haqqında istənilən ikitərəfli, yaxud çoxtərəfli müqavilələrə daxil etmək öhdəliyini götürürlər.

3. Ekstradisiyanın şərti kimi müqavilənin mövcudluğunu şərt kimi irəli sürən hər hansı bir Tərəf ekstradisiya haqqında müqaviləni bağlamadığı digər Tərəfdən ekstradisiya sorğusu aldıqda o, hazırkı Konvensiyanı bu maddənin 1-ci bəndində göstərilən istənilən cinayətlə əlaqədar ekstradisiya üçün hüquqi əsas kimi hesab edə bilər.

4. Ekstradisiyanın şərti kimi müqavilənin mövcudluğunu şərt kimi irəli sürməyən Tərəflər öz aralarında mövcud olan münasibətlərdə bu maddənin 1-ci bəndində göstərilən cinayətləri ekstradisiyaya səbəb olan cinayət kimi hesab edirlər.

5. Ekstradisiya, sorğu edilən Tərəfin qanunvericiliyi ilə nəzərdə tutulan şərtlər və ya, sorğu edilən Tərəfin ekstradisiyadan imtina edə biləcəyi əsaslar daxil olmaqla, tətbiq edilə bilən ekstradisiya müqavilələri əsasında həyata keçirilir.

6. Hazırkı maddənin 1-ci bəndində göstərilən cinayətlərin hər hansı biri ilə əlaqədar ekstradisiyadan imtina müstəsna olaraq aidiyyəti şəxsin vətəndaşlığı və ya sorğu edilən Tərəfin rəyinə əsasən həmin cinayətin onun yurisdiksiyasına aid olması ilə əsaslandırıldıqda, sorğu edilən Tərəf sorğu edən Tərəfin xahişi ilə bu işi cinayət təqibinin aparılması üçün öz səlahiyyətli orqanlarına təqdim edir və yekun nəticə haqqında sorğu edən Tərəfi məlumatlandırır. Bu orqanlar, həmin Tərəfin qanunlarına əsasən eyni xarakterli cinayətlər hallarında olduğu kimi, öz qərarlarını qəbul edir və istintaqı və məhkəmə təhqiqatmı aparırlar.

7. a) Hər bir Tərəf imzalanma və ya ratifikasiya, qəbul etmə, bəyənilmə və ya qoşulma haqqında öz sənədinin saxlanılması üçün təhvil verilməsi zamanı Avropa Şurasının baş katibinə müqavilə mövcud olmadıqda, ekstradisiya yaxud müvəqqəti həbs haqqında sorğunun göndərilməsi və ya alınmasına məsul olan hər bir orqanın adı və ünvanı barədə məlumat verir.

b) Avropa Şurasının baş katibi bu məqsədlə Tərəflərin təyin etdikləri orqanların reyestrini tərtib edir və mütəmadi olaraq təzələyir. Hər bir Tərəf bu reyestrdə hər zaman doğru məlumatların saxlanılmasını təmin edir.

 

Yarımfəsil 3 - Qarşılıqlı yardımın ümumi prinsipləri

 

Maddə 25 - Qarşılıqlı yardımın ümumi prinsipləri

 

1. Tərəflər qarşılıqlı əsasda kompüter sistemləri və verilənləri ilə bağlı olan cinayətlərin istintaqının və ya məhkəmə təhqiqatının aparılması və ya cinayət üzrə sübutların elektron formada toplanması məqsədilə bir-birinə mümkün qədər geniş şəkildə hüquqi yardım göstərirlər.

2. Hər bir Tərəf həmçinin 27-35-ci maddələrdə göstərilən öhdəliklərin yerinə yetirilməsi üçün zəruri ola bilən qanunvericilik və digər tədbirləri görür.

3. Hər bir Tərəf təcili hallarda operativ rabitə vasitələrindən, o cümlədən faks rabitəsindən və ya elektron poçtundan həmin vasitələri, onların müvafiq təhlükəsizlik və həqiqilik (zərurət yarandıqda, şifrlənmə daxil olmaqla) səviyyələrini təmin etmək şərti ilə, istifadə etməklə və, sorğu edilən Tərəfin tələbi ilə sonrakı rəsmi təsdiqlə, qarşılıqlı yardım haqqında sorğular və ya bu sorğularla bağlı məlumat göndərə bilər. Sorğu edilən Tərəf həmin sorğunu qəbul edir və istənilən eyni operativ rabitə vasitəsinin köməyi ilə ona cavab verir.

4. Hazırkı bölmənin müvafiq maddələrinin müddəalarında konkret olaraq nəzərdə tutulan digər hallar istisna olmaqla, qarşılıqlı yardım sorğu edilən Tərəfin qanunvericiliyinə və ya tətbiq edilən qarşılıqlı yardım müqavilələrinin müddəaları ilə nəzərdə tutulan şərtlərə, o cümlədən sorğu edilən Tərəfin əməkdaşlıqdan imtina edə bildiyi əsaslara uyğun göstərilir. Sorğu edilən Tərəf 2-11-ci maddələrdə nəzərdə tutulan cinayətlərə münasibətdə, sorğunun yalnız maliyyə hüquq pozuntusu kimi hesab edilən cinayətlə bağlı olması əsası ilə qarşılıqlı yardımdan imtina etmək hüququnu həyata keçirmir.

5. Bu bölmənin müddəalarına uyğun olaraq, sorğu edilən Tərəfə cinayət faktının mövcudluğu ilə şərtlənən qarşılıqlı yardım göstərmək icazəsi verilirsə, belə bir şərt adıçəkilən tərəfin qanunlarının cinayət əməlini sorğu edilən tərəfin eyni terminologiya çərçivəsində şərh etməsindən və ya bu kateqoriyaya aid etməsindən asılı olmayaraq, o zaman yerinə yetirilir ki, cinayət əməlini göstərən davranış bu Tərəfin qanunlarına uyğun olaraq cinayət sayılsın.

 

Maddə 26 -Plandankənar məlumat

 

1. Müvafiq Tərəf özünün daxili qanunvericilik çərçivəsində digər Tərəfə əvvəlcədən xəbər vermədən özünün apardığı araşdırmalar çərçivəsində əldə edilmiş məlumatı bir şərtlə göndərə bilər ki, onun fikrincə həmin məlumatın açıqlanması məlumatı alan Tərəfə bu Konvensiyanın müddəalarına uyğun olaraq müəyyənləşdirilmiş cinayət əməlləri ilə əlaqədar təhqiqat, yaxud məhkəmə araşdırmasına başlamaqda, yaxud aparmaqda kömək etmiş olsun və ya bu bölmənin müddəalarına uyğun olaraq həmin Tərəfi əməkdaşlıq haqqında xahiş göndərməyə sövq etsin.

2. Bu məlumatı təqdim etməkdən əvvəl onu göndərən Tərəf məlumatın məxfiliyinə riayət etməyi xahiş edə və ya ondan istifadə ilə bağlı müvafiq şərt irəli sürə bilər. Məlumatı alan Tərəf bu xahişə əməl edə bilməzsə, bu barədə o, məlumatı göndərən Tərəfə bildiriş göndərir, bundan sonra göndərən Tərəf bu cür məlumatın göndərib-göndərməyəcəyini müəyyən edir. Məlumatı alan Tərəf göstərilən şərtlərlə məlumatı qəbul etdikdə, həmin şərtlər onun üçün məcburi hesab edilir.

 

Yarımfəsil 4 - Tətbiq edilən beynəlxalq müqavilələr mövcud olmadıqda qarşılıqlı yardım haqqında sorğuların göndərilməsi prosedurları

 

Maddə 27 - Tətbiq edilən beynəlxalq müqavilələr mövcud olmadıqda qarşılıqlı yardım haqqında sorğuların göndərilməsi prosedurları

 

1. Sorğu edən və sorğu edilən Tərəflər arasında qüvvədə olan müqavilə və ya vahid və qarşılıqlı qanunvericilik əsasında qəbul edilmiş qarşılıqlı yardım haqqında saziş mövcud olmadıqda, bu maddənin 2-9-cu bəndlərinin müddəaları tətbiq edilir. Belə müqavilə, saziş və ya qanunvericilik mövcud olduqda bu maddənin müddəaları tətbiq edilmir, bu zaman hazırkı maddənin müddəaları o halda tətbiq edilə bilər ki, maraqlı Tərəflər bu maddənin istənilən və ya bütün sonrakı müddəalarını tətbiq etmək barədə razılığa gəlsinlər.

2. a) Hər bir Tərəf qarşılıqlı yardım haqqında sorğuların göndərilməsinə və onlara cavab verilməsinə, belə sorğuların icrasına və ya səlahiyyətlərinə sorğuların yerinə yetirilməsi aid olan orqanlara ötürülməsinə görə məsuliyyət daşıyan mərkəzi orqan və ya orqanlar təyin edir;

b) Bu mərkəzi orqanlar birbaşa bir-biri ilə əlaqə saxlayırlar;

c) Hər bir Tərəf hazırkı Konvensiyanı imzalayarkən və ya ratifikasiya fərmanını yaxud qəbul etmə, bəyənilmə və ya qoşulma haqqında öz sənədini saxlanılması üçün təhvil verərkən Avropa Şurasının baş katibinə bu bəndə uyğun olaraq təyin edilmiş orqanların adları və ünvanlan barədə məlumat verir;

d) Avropa Şurasının baş katibi bu məqsədlə Tərəflərin təyin etdikləri orqanların reyestrini tərtib edir və mütəmadi olaraq təzələyir. Hər bir Tərəf bu reyestrdə hər zaman doğru məlumatların saxlanılmasını təmin edir.

3. Bu maddənin müddəalarına uyğun olaraq göndərilən qarşılıqlı yardım haqqında sorğular, onların sorğu edilən Tərəfin qanunvericiliyi ilə ziddiyyət yaratdığı hallar istisna olmaqla, sorğu edən Tərəfin göstərdiyi prosedurlara uyğun olaraq icra edilir.

4. Sorğu edilən Tərəf 25-ci maddənin 4-cü bəndində nəzərdə tutulmuş imtinanın əsaslarından əlavə aşağıdakı hallarda yardım göstərməkdən imtina edə bilər:

a) sorğu onu alan Tərəf tərəfindən siyasi cinayət və ya siyasi cinayətlə bağlı olan
cinayət kimi hesab edilən cinayətə aid edildikdə;

b) onun rəyinə və ehtimallara görə sorğunun icrası onun müstəqilliyinə, təhlükəsizliyinə, ictimai asayişinə və ya digər əhəmiyyətli mənafelərinə xələl gətirdikdə.

5. Sorğu edilən Tərəf bir şərtlə sorğu üzrə tədbirlərin qəbul edilməsini təxirə sala bilər ki, həmin tədbirlər onun orqanlarının apardığı cinayət işinin istintaqına və ya məhkəmə icraatına mane olsun.

6. Yardımın göstərilməsindən imtina etməkdən, yaxud onu təxirə salmaqdan əvvəl sorğu edilən Tərəf sorğu edən Tərəflə məsləhətləşərək həmin sorğunu qismən təmin etmək və ya onu zəruri hesab etdiyi şərtlərlə təmin etmək imkanını nəzərdən keçirir.

7. Sorğu edilən Tərəf yardım haqqında sorğunun təmin edilməsinin nəticələri haqqında sorğu edən Tərəfi dərhal məlumatlandırır. Sorğunun təmin edilməsindən imtina edildikdə və ya təmin edilməsi təxirə salındıqda, imtinanın və ya təxirəsalmanın səbəbləri haqqında məlumat verilir. Sorğu edilən Tərəf həmçinin sorğunun təmin edilməsini mümkünsüz edən və ya icrasını xeyli gecikdirən hər hansı səbəblər haqqında sorğu edən Tərəfə məlumat verir.

8. Sorğu edən Tərəf sorğu edilən Tərəfdən bu bölmənin müddəalarına uyğun olaraq edilmiş istənilən sorğu faktının və ya predmetinin, lakin onun icrası ilə uzlaşan dərəcədə, məxfiliyini təmin etməyi xahiş edə bilər. Sorğu edilən Tərəf məxfiliyə əməl etmək haqqında xahişi yerinə yetirə bilmədikdə, bu barədə o, sorğu edən Tərəfə dərhal məlumat verir, bu Tərəf isə öz növbəsində sorğunun göndərib-göndərməyəcəyi haqqında qərar qəbul edir.

9. a) Ciddi zərurət yarandıqda, qarşılıqlı yardım haqqında sorğular və ya bu sorğularla bağlı məlumatlar sorğu edən Tərəfin cinayət prosesini həyata keçirən orqanları tərəfindən birbaşa sorğu edilən Tərəfin müvafiq orqanlarına göndərilə bilər. Belə hallarda sorğu edən Tərəfin mərkəzi orqanları vasitəsilə sorğu edilən Tərəfin mərkəzi orqanlarına həmin sənədlərin surətləri göndərilir.

b) bu hissədə göstərilən hər hansı sorğu və ya məlumat Beynəlxalq Cinayət Polisi Təşkilatı (İnterpol) vasitəsilə göndərilə bilər.

c) Sorğu bu maddənin (a) yarımbəndinin müddəalarına uyğun olaraq edildikdə və onun baxılması sorğunu alan orqanın səlahiyyətlərinə aid olmadıqda, sonuncu həmin sorğunu səlahiyyətli milli orqana göndərir və bu barədə birbaşa sorğu edən Tərəfi məlumatlandırır.

d) Hazırkı bəndin müddəalarına uyğun olaraq göndərilən və məcburi tədbirlərin görülməsini nəzərdə tutmayan sorğu və məlumatlar sorğu edən Tərəfin səlahiyyətli orqanları tərəfindən birbaşa sorğu edilən Tərəfin səlahiyyətli orqanlarına göndərilə bilər.

e) Hər bir Tərəf hazırkı Konvensiyanı imzalayarkən və ya ratifikasiya fərmanını yaxud qəbul etmə, bəyənilmə və ya qoşulma haqqında öz sənədini saxlanılması üçün təhvil verərkən səmərəliliyin təmin edilməsi məqsədilə hazırkı bəndin müddəalarına uyğun olaraq göndərilən sorğuların onun mərkəzi orqanlarına ünvanlanmalı olduqları barədə Avropa Şurasının baş katibini məlumatlandıra bilər.

 

Maddə 28 - Məxfilik və məlumatdan istifadənin məhdudiyyətləri

 

1. Sorğu edən və sorğu edilən Tərəflər arasında qüvvədə olan qarşılıqlı hüquqi yardım haqqında müqavilə və ya vahid yaxud qarşılıqlıq prinsipinə əsaslanan qanunvericiliyə söykənən saziş mövcud olmadıqda hazırkı maddənin müddəaları tətbiq edilir. Belə müqavilə, saziş və ya qanunvericilik mövcud olduqda bu maddənin müddəaları tətbiq edilmir, yalnız əgər maraqlı Tərəflər bunun əvəzində hazırkı maddənin istənilən və ya bütün sonrakı müddəalarını tətbiq etmək barədə razılığa gəlmirlər.

2. Sorğu edilən Tərəf sorğuya cavab olaraq məlumat və ya materialın təqdim edilməsinin aşağıdakı şərtlərini irəli sürə bilər:

a) qarşılıqlı hüquqi yardım haqqında xahiş belə bir şərt qoyulmadan yerinə yetirilə bilmədikdə onların məxfiliyini qorumaq;

b) sorğuda qeyd olunmayan digər istintaq və ya məhkəmə təhqiqatı üçün ondan istifadə etməmək.

3. Sorğu edən Tərəf 2-ci bənddə göstərilən şərtlərdən hər hansı birini yerinə yetirə bilmədikdə, o, bu barədə digər Tərəfi dərhal məlumatlandırır, həmin Tərəf isə sonradan məlumatın təqdim edilib-edilməyəcəyi haqqında qərar qəbul edir. Sorğu edən Tərəf bu şərtləri yerinə yetirməyə razılıq verdikdə, həmin şərtlər onun üçün məcburi xarakter daşıyır.

4. 2-ci bənddə göstərilən şərtlər əsasında məlumat və ya material təqdim edən hər hansı bir Tərəf bu şərtlərin biri ilə əlaqədar digər Tərəfdən həmin məlumat və ya materialdan baş vermiş istifadə ilə bağlı izahat tələb edə bilər.

 

Fəsil 2 - Xüsusi müddəalar

 

Yarımfəsil 1 - İlkin tədbirlərlə bağlı qarşılıqlı yardım

 

Maddə 29 - Kompüterdə saxlanan verilənlərin mühafizəsinin təxirəsalınmaz təminatı

 

1. İstənilən Tərəf digər Tərəfə həmin Tərəfin ərazisində yerləşən kompüter sistemində saxlanan və qarşılıqlı yardım çərçivəsində barələrində axtarış və ya digər analoji buraxılmanı təmin edən hərəkətlər, götürülmə və ya analoji mühafizənin təmin edilməsi yaxud onların açıqlanması haqqında sorğu göndərilən verilənlərin təxirəsalınmaz mühafizəsini təmin etmək və bununla əlaqədar digər tədbirlər görmək məqsədilə müraciət edə bilər.

2. 1-ci bəndə uyğun olaraq göndərilən məlumatların mühafizəsini təmin etmək haqqında sorğuda aşağıdakılar göstərilir:

a) mühafizəni təmin etmək niyyətində olan orqan;

b) istintaq edilməli və ya araşdırılmalı olan cinayət və əsas faktların qısa təsviri;

c) mühafizə edilməli olan kompüter verilənləri və onların göstərilən cinayətlə əlaqəsi;

d) kompüter verilənlərinin sahibini və ya kompüter sisteminin olduğu yeri müəyyən edən hər hansı mövcud olan məlumat;

e) mühafizənin əsaslandırılması;

t) bu Tərəfin qarşılıqlı yardım çərçivəsində axtarış və ya digər analoji buraxılmanı təmin edən hərəkətlər, götürülmə və ya analoji mühafizənin təmin edilməsi yaxud bu verilənlərin açıqlanması haqqında sorğu göndərmək niyyəti haqqında məlumat.

3. Belə sorğu digər Tərəfdən alındıqda sorğu edilən Tərəf göstərilən verilənlərin daxili qanunvericiliyə uyğun olaraq mühafizəsinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görür. Bu sorğunun təmin edilməsi üçün cinayətin hər iki Tərəfdə cəzalandırılan cinayət əməli kimi tövsif edilməsi şərti irəli sürülmür.

4. Hazırkı Konvensiyanın 2-11-ci maddələrində sadalanmayan cinayətlər üzrə qarşılıqlı yardım çərçivəsində axtarış və ya buraxılmanı təmin edən digər analoji hərəkətlər, götürülmə və ya analoji mühafizənin təmin edilməsi yaxud bu verilənlərin açıqlanması haqqında sorğunun təmin edilməsi üçün cinayətin hər iki Tərəfdə cinayət sayılmasını şərt kimi irəli sürən Tərəf hazırkı Konvensiyaya əsasən mühafizənin təminatı haqqında sorğudan imtina etmək hüququnu o hallarda özündə saxlaya bilər ki, verilənlərin açıqlanması anına cinayətin hər iki Tərəfdə cinayət kimi tövsif edilməsi şərtinin yerinə yetirilməməsini güman etməyə əsaslar olsun.

5. Bundan başqa, mühafizə təminatı haqqında sorğunun təmin edilməsindən aşağıdakı hallarda imtina edilə bilər:

a) müvafiq sorğu onu alan Tərəf tərəfindən siyasi cinayət və ya siyasi cinayətlə bağlı olan cinayət kimi tövsif edilən cinayətə aid edildikdə;

b) sorğu edilən Tərəfin sorğunun icrasının onun müstəqilliyinə, təhlükəsizliyinə, ictimai asayişinə və ya digər əhəmiyyətli mənafelərinə xələl gətirə bilməsi barədə ehtimalları olduqda.

6. Sorğu edilən Tərəf verilənlərin belə mühafizə təminatının gələcəkdə həmin
məlumatların mühafizəsini təmin etməyəcəyini və ya onların məxfiliyini təhlükə altına
olacağını yaxud başqa bir üsulla sorğu edən Tərəfin istintaqına maneə törədəcəyini ehtimal
etdikdə, o, sorğu edən Tərəfi bu barədə dərhal məlumatlandırır, həmin Tərəf sonradan adı
çəkilən sorğunun yerinə yetirilib-yetirilməyəcəyi haqqında qərar qəbul edir.

7. 1-ci bənddə göstərilən sorğuya cavab olaraq verilənlərin həyata keçirilmiş
mühafizəsinin hər hansı təminatı sorğu edən Tərəfin axtarış və ya buraxılmanı təmin edən
digər analoji hərəkətlər, götürülmə və ya analoji mühafizənin təmin edilməsi yaxud bu
verilənlərin açıqlanması haqqında sorğunu göndərə bilməsi üçün 60 gündən az olmayan
müddət ərzində həyata keçirilir. Belə sorğu alındıqdan sonra bu verilənlər həmin sorğu ilə
əlaqədar qərar qəbul edilənə qədər mühafizə edilir.

 

Maddə 30 - Saxlanılan trafik verilənlərinin təxirəsalınmaz açıqlanması

 

1. 29-cu maddəyə uyğun olaraq konkret məlumatla əlaqədar olaraq verilənlərin mühafizə təminatı haqqında sorğunun yerinə yetirildiyi zaman sorğu edilən Tərəf digər dövlətdə xidmət provayderinin həmin verilənlərin ötürülməsində iştirakını müəyyən etdikdə, o, operativ şəkildə bu məlumatın verildiyi xidmət provayderinin iş üsulunu müəyyənləşdirmək məqsədilə sorğu edən Tərəfə trafik verilənlərini kifayət həcmdə açıqlayır.

2. 1-ci bəndə uyğun olaraq trafik verilənlərinin açıqlanması haqqında sorğu yalnız aşağıdakı hallarda geri götürülə bilər:

a) o, sorğu edən Tərəfdə siyasi cinayət kimi tövsif olunan cinayətə aid olduqda;

b) sorğu edilən Tərəfin sorğunun icrasının onun müstəqilliyinə, təhlükəsizliyinə,
ictimai asayişinə və ya digər əhəmiyyətli mənafelərinə xələl gətirə bilməsi barədə
ehtimalları olduqda.

 

Yarımfəsil 2 - İstintaq səlahiyyətləri ilə bağlı qarşılıqlı yardım

 

Maddə 31 - Saxlanılan kompüter verilənlərinə daxil olma ilə bağlı qarşılıqlı yardım

 

1. Tərəf digər Tərəfdən kompüter sistemi vasitəsi ilə qorunan, sorğu edilən Tərəfin ərazisində yerləşən verilənlərin, o cümlədən 29-cu maddəyə əsasən saxlanılan verilənlərin axtarışını və ya buraxılmanı təmin edən digər analoji hərəkətlərin həyata keçirilməsini, götürülməni və ya analoji mühafizəni yaxud bu verilənlərin açıqlanmasını sorğu edə bilər.

2. Sorğu edilən Tərəf 23-cü maddədə sadalanan beynəlxalq sənədlərə, razılaşmalara və qanunlara, habelə hazırkı bölmənin müvafiq müddəalarına uyğun olaraq həmin sorğuya cavab verir.

3. Sorğuya aşağıdakı hallarda operativ şəkildə cavab verilir:

a) müvafiq verilənlərin itkiyə və ya modifikasiyaya məruz qalacağına güman etməyə əsaslar olduqda;

b) 2-ci bənddə sadalanan sənədlər, razılaşmalar və qanunlar digər operativ əməkdaşlığı nəzərdə tutduqda.

 

Maddə 32 Müvafiq razılıq əsasında saxlanılan kompüter verilənlərinə və ya ümumi məlumatlara transsərhəd daxil olma

 

Tərəf digər Tərəfin razılığı olmadan aşağıdakıları edə bilər:

a) coğrafi yerindən asılı olmayaraq ümumi kompüter verilənlərinə (açıq mənbəyə) giriş əldə etmək;

b) öz ərazisində yerləşən kompüter sistemi vasitəsilə digər Tərəfin ərazisində qorunub saxlanan kompüter verilənlərinə girişi və ya həmin verilənləri o şərtlə əldə edə bilər ki, həmin Tərəf belə kompüter sisteminin vasitəsilə verilənləri bu Tərəfə açıqlamaq üçün qanuni səlahiyyətlərə malik olan şəxsin qanuni və könüllü razılığını alsın.

 

Maddə 33 - Real vaxt rejimində trafik verilənlərinin toplanması üzrə qarşılıqlı hüquqi yardım

 

1. Tərəflər bir-birinə onların ərazisində kompüter sistemlərinin vasitəsilə konkret məlumatlara aid olan trafik verilənlərinin toplanmasında qarşılıqlı hüquqi yardım göstərirlər. 2-ci bənddə göstərilənlərə əməl etməklə belə yardımın göstərilməsi daxili qanunvericilikdə nəzərdə tutulan şərt və prosedurlarla tənzimlənir.

2. Hər bir Tərəf bu yardımı ən azı daxili qanunvericilikdə real vaxt rejimində trafik verilənlərinin toplanması nəzərdə tutulan cinayətlər üzrə göstərir.

 

Maddə 34 Məlumatın məzmununun ələ keçirilməsi üzrə qarşılıqlı yardım

 

Tərəflər kompüter sistemi vasitəsi ilə ötürülən konkret məlumatların məzmununun real vaxt rejimində toplanılması və ya yazılması üzrə bir-birlərinə bir şərtlə qarşılıqlı yardım göstərirlər ki, buna qüvvədə olan müqavilələr və onların daxili qanunvericiliyi yol vermiş olsun.

 

Yarımfəsil 3 24/7 şəbəkəsi

 

Maddə 35 -24/7 şəbəkəsi

 

1. Hər bir Tərəf, kompüter sistemləri və kompüter verilənləri ilə əlaqədar cinayətlərin
istintaqı və ya digər icraatın aparılması məqsədilə və ya cinayətlərə dair sübutların elektron
formada toplanması üçün təxirəsalınmaz yardımın göstərilməsini təmin etmək məqsədilə
sutkada iyirmi dörd saat, həftədə yeddi gün ərzində fəaliyyət göstərən müvafiq əlaqə
mərkəzini təyin edir. Bu yardıma idarəetmədə köməklik və ya, daxili qanunvericilik və ya
təcrübə yol verdikdə, aşağıdakı tədbirlərin birbaşa tətbiq edilməsi daxildir:

a) texniki məsləhət yardımının göstərilməsi;

b) 29-cu və 30-cu maddələrə əsasən verilənlərin mühafizəsinin təmin edilməsi;

c) sübutların toplanması, rəsmi məlumatın təqdim edilməsi və şübhəli şəxslərin yerinin müəyyən edilməsi.

2. a) Tərəfin əlaqə mərkəzi digər Tərəfin əlaqə mərkəzi ilə məlumatların operativ
mübadiləsi üçün imkanlara malikdir.

b) Tərəfin təyin etdiyi əlaqə mərkəzi bu Tərəfin yardıma və ya ekstradisiyaya məsul olan orqanı yaxud orqanlarının tərkibində olmadıqda, həmin əlaqə mərkəzi öz fəaliyyətini bu orqan yaxud orqanlarla operativ şəkildə əlaqələndirmək üçün tədbirlər görür.

3. Hər bir Tərəf belə şəbəkənin işləməsini asanlaşdırmaq məqsədilə ixtisaslı işçi heyətin və avadanlığın ayrılmasını təmin edir.

 

Bölmə IV- Yekun müddəalar

 

Maddə 36 - İmzalama və qüvvəyə minmə

 

1. Hazırkı Konvensiya Avropa Şurasının üzvü olan və onun işlənib hazırlanmasında iştirak etmiş Avropa Şurasının üzvü olmayan dövlətlər tərəfindən imzalanması üçün açıqdır.

2. Hazırkı Konvensiya ratifikasiya, qəbul və ya təsdiq edilməlidir. Ratifikasiya fərmanları və ya qəbul etmə yaxud təsdiq haqqında sənədlər Avropa Şurasının baş katibinə saxlanmaq üçün təhvil verilir.

3. Hazırkı Konvensiya beş dövlətin, o cümlədən Avropa Şurasının üzvü olan ən azı üç dövlətin 1-ci və 2-ci bəndlərin müddəalarına uyğun olaraq Konvensiyaya əməl etməyin məcburiliyinə razılığı ifadə etdiyi tarixdən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir.

4. Konvensiyanı imzalayan və sonradan Konvensiyaya əməl etməyin məcburiliyinə razılığı ifadə edən hər bir dövlətə münasibətdə Konvensiya, həmin dövlətin 1-ci və 2-ci bəndlərinə uyğun olaraq ona əməl etməyin məcburiliyinə razılığı ifadə etdiyi tarixdən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir.

 

Maddə 37 - Konvensiyaya qoşulma

 

1. Konvensiya qüvvəyə mindikdən sonra Avropa Şurasının Nazirlər Komitəsi Konvensiyanın iştirakçısı olan dövlətlər ilə məsləhətləşmələr apararaq, Avropa Şurasının üzvü olmayan və Konvensiyanın işlənib hazırlanmasında iştirak etməyən istənilən dövlətə bu Konvensiyaya qoşulmağı təklif edə bilər. Belə qərar Avropa Şurası Nizamnaməsinin 20.d maddəsində nəzərdə tutulan səs çoxluğu və Nazirlər Komitəsinin işində iştirak etməyə hüququ olan Tərəflərin nümayəndələrinin yekdil səs verməsi ilə qəbul edilir.

2. 1-ci bəndə uyğun olaraq Konvensiyaya qoşulan hər hansı dövlətə münasibətdə, Konvensiya onların qoşulma haqqında sənədi Avropa Şurasının baş katibinə saxlanması üçün verdiyi tarixdən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir.

 

Maddə 38 - Ərazi üzrə tətbiq

 

1. Hər bir dövlət imzalama zamanı və ya ratifikasiya fərmanını, qəbuletmə, təsdiqetmə yaxud qoşulma haqqında sənədini saxlanması üçün təqdim edərkən hazırkı Konvensiyanın tətbiq ediləcəyi ərazini və ya əraziləri göstərə bilər.

2. Hər bir Tərəf istənilən sonrakı müddətdə Avropa Şurası baş katibinin adına bəyanat verməklə, hazırkı Konvensiyanın qüvvəsini həmin bəyanatda göstərilmiş hər hansı bir digər əraziyə tətbiq edə bilər. Bu cür əraziyə münasibətdə Konvensiya, baş katib bu cür bəyanatı aldığı tarixdən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir.

3. Yuxarıda göstərilən iki bəndə uyğun olaraq təqdim edilmiş hər hansı bir bəyanat onda göstərilən hər hansı bir əraziyə münasibətdə baş katibin adına bildiriş təqdim etməklə geri götürülə bilər. Geri götürülmə baş katib bu cür bildirişi aldığı tarixdən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir.

 

Maddə 39 - Konvensiyanın qüvvəsi

 

1. Hazırkı Konvensiyanın məqsədi Tərəflər arasında müvafiq çoxtərəfli və ya ikitərəfli
müqavilələri və ya razılaşmaları, o cümlədən aşağıdakı müddəaları tamamlamaqdan
ibarətdir:

- 1957-ci 13 dekabr tarixli Parisdə imzalanmaq üçün açıq elan edilmiş Ekstradisiya haqqında Avropa Konvensiyası (AMS № 024);

- 1959-cu il 20 aprel tarixli Strasburqda imzalanmaq üçün açıq elan edilmiş Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Avropa Konvensiyası (AMS № 030);

-1978-ci il 17 mart tarixli Strasburqda imzalanmaq üçün açıq elan edilmiş Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Avropa Konvensiyasına Əlavə Protokol (AMS № 099).

2. İki və ondan daha çox Tərəf hazırkı Konvensiyanın predmetini təşkil edən məsələlər üzrə saziş və ya müqavilə bağladıqda yaxud başqa bir üsulla həmin məsələlərə münasibətlərini qurduqda və ya onlar bunu gələcəkdə həyata keçirə bildikdə, adı çəkilən Tərəflər göstərilən saziş və müqaviləni tətbiq edə və ya öz münasibətlərini onlara uyğun olaraq tənzimlək hüququna malikdirlər. Lakin, Tərəflər bu sənədin tənzimlədiyi məsələlərdə fərqli olan və hazırkı Konvensiyanın predmetini təşkil edən digər məsələlər üzrə münasibətlər qurduqda, onlar bu münasibətləri Konvensiyanın məqsəd və prinsiplərini pozmamaqla həyata keçirirlər.

3. Hazırkı Konvensiyada heç bir müddəa Tərəflərin digər hüquq, məhdudiyyət və öhdəliklərinə toxunmur.

 

Maddə 40 - Bəyanatlar

 

Avropa Şurası baş katibinin adına rəsmi bildiriş göndərməklə hər bir dövlət imzalama zamanı və ya ratifikasiya fərmanının və ya qəbuletmə, təsdiq və ya qoşulma haqqında sənədi saxlanması üçün təhvil verərkən 2-ci, 3-cü maddə və 6-cı maddənin 1.b bəndi, 7-ci maddə və 9-cu maddənin 3-cü bəndi, 27-ci maddənin 9.e bəndində nəzərdə tutulmuş əlavə elementlərin daxil edilməsi məqsədilə müvafiq imkanlardan istifadə etdiyini bəyan edə bilər.

 

Maddə 41 Federativ dövlətə aid olan müddəa

 

1. Federativ dövlət hazırkı Konvensiyanın II fəslində əksini tapan, mərkəzi hakimiyyətlə federasiya subyektləri arasında yaxud digər analoji ərazi vahidləri arasında münasibətləri tənzimləyən öhdəlikləri qəbul etmək hüququnu özündə saxladığını bir şərtlə qeyd-şərt edə bilər ki, o, istənilən halda III fəslə uyğun olaraq əməkdaşlığı həyata keçirmək qabiliyyəti olsun.

2. 1-ci bəndə uyğun olaraq belə bir qeyd-şərti irəli sürməklə federativ dövlət II bölmədə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə təminat vermək üzrə öhdəlikləri istisna etmək və ya əhəmiyyətli dərəcədə ixtisar etmək məqsədilə həmin qeyd-şərtin müddəalarından istifadə edə bilməz. O, həmin tədbirlərin həyata keçirilməsinə təminat vermək üçün daha geniş və təsirli hüquq-mühafizə imkanlarını nəzərdə tutmalıdır.

3. Həyata keçirilməsi federasiya subyektlərinin və ya federasiyanın konstitusiya sisteminə uyğun olaraq qanunvericilik tədbirlərini görmək öhdəliyinə malik olmayan digər analoji ərazi vahidlərinin yurisdiksiyasına düşən bu Konvensiyanın müddəalarına gəlincə, federal hökumət həmin subyektlərin səlahiyyətli orqanlarına adı çəkilən müddəalar haqqında, o cümlədən onları həmin müddəaların həyata keçirilməsi üçün lazımi hərəkətə sövq etmək mənasında özünün müsbət rəyini bildirir.

 

Maddə 42 - Qeyd-şərtlər

 

Avropa Şurası baş katibinin adına rəsmi bildiriş göndərməklə hər bir dövlət imzalama zamanı və ya ratifikasiya fərmanının və ya qəbuletmə, təsdiq və ya qoşulma haqqında sənədi saxlanması üçün təhvil verərkən bəyan edə bilər ki, o, 4-cü maddənin 2-ci bəndi, 6-cı maddənin 3-cü bəndi, 9-cu maddənin 4-cü bəndi, 10-cu maddənin 3-cü bəndi, 11-ci maddənin 3-cü bəndi, 14-cü maddənin 3-cü bəndi, 22-ci maddənin 2-ci bəndi, 29-cu maddənin 4-cü bəndi və 41-ci maddənin 1-ci bəndində nəzərdə tutulmuş qeyd-şərti bəyan etmək hüququna malikdir. Başqa qeyd-şərtlərin edilməsinə yol verilmir.

 

Maddə 43 Qeyd-şərtlərin statusu və ləğv edilməsi

 

1. 42-ci maddənin müddəalarına uyğun olaraq qeyd-şərt vermiş Tərəf Avropa Şurası baş katibinin adına ünvanlanmış bildiriş vasitəsilə qeyd-şərtin özünü və ya bir hissəsini ləğv edə bilər. Qeyd-şərtin bu şəkildə ləğvi müvafiq bildirişin baş katib tərəfindən alındığı gün qüvvəyə minir. Bildirişdə qeyd-şərtin ləğvi orada göstərilən tarixdə qüvvəyə minməsi haqqında qeyd olduqda və bu tarix isə bildirişin baş katib tərəfindən alındığı tarixdən sonrakı tarixə təsadüf etdikdə, qeyd-şərtin ləğv edilməsi göstərilən sonrakı tarixdən etibarən qüvvəyə minir.

2. 42-ci maddədə göstərilən qeyd-şərti verən Tərəf, şərait icazə verdikdə, həmin qeyd-şərti tam və ya qismən ləğv edir.

3. Avropa Şurasının baş katibi 42-ci maddədə göstərilmiş bir və ya bir neçə qeyd-şərt verən Tərəfə həmin qeyd-şərti (qeyd-şərtləri) ləğv etmək imkanları haqqında müntəzəm olaraq sorğu göndərə bilər.

 

Maddə 44 Düzəlişlər

 

1. Hər bir Tərəf bu Konvensiyaya düzəlişlər təklif edə bilər və müvafiq məlumat Avropa Şurasının üzvü olan dövlətlərə, Avropa Şurasının üzvü olmayan, lakin hazırkı Konvensiyanın işlənib hazırlanmasında iştirak etmiş dövlətlərə, o cümlədən bu Konvensiyaya qoşulan və ya 37-ci maddənin müddəalarına uyğun olaraq qoşulmaq təklifi alan hər hansı dövlətə Avropa Şurasının baş katibi vasitəsilə bildirilir.

2. Tərəflərdən hər hansı biri tərəfindən təklif edilmiş istənilən düzəliş Nazirlər Komitəsinə təklif edilən düzəlişə dair öz rəyini bildirən Cinayət problemləri üzrə Avropa Komitəsinə göndərilir.

3. Nazirlər Komitəsi təklif edilən düzəlişi və Cinayət problemləri üzrə Avropa Komitəsi tərəfindən təqdim edilən rəyi nəzərdən keçirir və üzv olmayan hazırkı Konvensiyanın iştirakçıları ilə məsləhətləşmədən sonra həmin düzəlişi qəbul edə bilər.

4. Hazırkı maddənin 3-cü bəndinin müddəalarına uyğun olaraq Nazirlər Komitəsi tərəfindən qəbul edilmiş hər hansı düzəlişin mətni təsdiq olunmaq üçün Tərəflərə göndərilir.

5. Hazırkı maddənin 3-cü bəndinə uyğun olaraq qəbul edilmiş hər hansı düzəliş bütün Tərəflərin baş katibə həmin düzəlişlə əlaqədar razılıqlarını bildirdikdən sonra 13-cü günü qüvvəyə minir.

 

Maddə 45 Mübahisələrin həlli

 

1. Cinayət problemləri üzrə Avropa Komitəsi bu Konvensiyanın şərhi və tətbiqi haqqında məlumatlandırılır.

2. Tərəflər arasında hazırkı Konvensiyanın şərhi və ya tətbiqi ilə bağlı mübahisə yarandıqda, onlar bu mübahisəni danışıqlar və ya öz seçimlərinə uyğun olan digər dinc yollarla, o cümlədən mübahisənin maraqlı Tərəflərinin razılığını almaq üçün Cinayət problemləri üzrə Avropa Komitəsinə, qərarı Tərəflər üçün məcburi qüvvəyə malik olan Arbitraj Məhkəməsinə yaxud Beynəlxalq Məhkəməyə verməklə tənzimləməyə çalışırlar.

 

Maddə 46 Tərəflərin məsləhətləşmələri

 

1. Tərəflər, müvafiq hallarda, aşağıdakıları təşviq etmək məqsədilə müntəzəm olaraq
məsləhətləşmələr keçirirlər:

a) hazırkı Konvensiyadan səmərəli istifadə və onun tətbiq edilməsi, o cümlədən ona aid olan problemlərin, habelə hazırkı Konvensiyaya uyğun olaraq verilmiş hər hansı bəyanat və ya qeyd-şərtin nəticələrin aşkarlanması;

b) hüquqi, siyasi və ya texniki sahələrdə kibercinayətkarlığa və elektron formada sübutların toplanmasına aid mühüm dəyişikliklər haqqında məlumat mübadiləsi;

c) hazırkı Konvensiyaya mümkün əlavə və ya düzəlişlərin edilməsi məsələsinin
nəzərdən keçirilməsi.

2. Cinayət problemləri üzrə Avropa Komitəsi 1-ci bənddə göstərilən məsləhətləşmələrin nəticələri haqqında müntəzəm olaraq məlumatlandırılır.

3. Cinayət problemləri üzrə Avropa Komitəsi müvafiq hallarda 1-ci bənddə göstərilən məsləhətləşmələrin keçirilməsinə yardım göstərir və Tərəflərə onların Konvensiyaya əlavə və düzəlişlər etmək səylərinə köməklik etmək üçün zəruri tədbirlər görür. Hazırkı Konvensiyanın qüvvəyə minməsindən sonra üç ildən gec olmayaraq Cinayət problemləri üzrə Avropa Komitəsi Tərəflərlə əməkdaşlıqda Konvensiyanın bütün müddəalarını nəzərdən keçirir və, zərurət yarandıqda, hər hansı müvafiq düzəlişin qəbul edilməsini tövsiyə edir.

4. Avropa Şurası xərclərin öz üzərinə götürdüyü hallar istisna olmaqla, 1-ci bəndin müddəalarının həyata keçirilməsi zamanı əmələ gələn xərcləri Tərəflər özlərinin müəyyən etdikləri şərtlər əsasında ödəyirlər.

5. Avropa Şurasının Katibliyi Tərəflərə onların bu maddədən irəli gələn vəzifələrinin
həyata keçirilməsində köməklik göstərir.

 

Maddə 47 – Denonsasiya

 

1. Hər bir Tərəf Avropa Şurasının baş katibinə bildiriş göndərməklə hazırkı Konvensiyanı istənilən zaman denonsasiya edə bilər.

2. Denonsasiya baş katibin belə bildirişi aldığı tarixdən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir.

 

Maddə 48 – Bildiriş

 

Avropa Şurasının baş katibi Avropa Şurasının üzvü olan dövlətlərə, hazırkı Konvensiyanın işlənib-hazırlanmasında iştirak etmiş Şuranın üzvü olmayan dövlətlərə, habelə hazırkı Konvensiyaya qoşulmuş və ya qoşulmaq təklifi almış istənilən dövlətə aşağıdakılar barədə bildiriş göndərir:

a) hər hansı imzalama;

b) istənilən ratifikasiya fərmanının və ya qəbuletmə, təsdiq və ya qoşulma haqqında sənədin saxlanması təhvil verilməsi;

c) 36-cı və 37-ci maddələrin müddəalarına uyğun olaraq hazırkı Konvensiyanın qüvvəyə minməsinin istənilən tarixi;

d) 40-cı maddənin müddəalarına uyğun olaraq verilmiş hər hansı bəyanat və ya 42-ci maddənin müddəalarına uyğun olaraq verilmiş hər hansı qeyd-şərt;

e) hazırkı Konvensiyaya aid olan hər hansı digər aktlar, bildirişlər və məlumatlar.

Bunun təsdiqi olaraq, lazımi qaydada səlahiyyət verilmiş aşağıda imza edənlər hazırkı Konvensiyanı imzaladılar.

Budapeşt şəhərində, 2001-ci il noyabrın 23-də ingilis və fransız dillərində imzalanmışdır, hər iki mətn bir nüsxədə eyni qüvvəyə malikdir, həmin nüsxə Avropa Şurasının arxivlərində saxlanılır. Avropa Şurasının baş katibi Avropa Şurasının üzvü olan hər bir dövlətə, hazırkı Konvensiyanın işlənib-hazırlanmasında iştirak etmiş Şuranın üzvü olmayan dövlətlərə və Konvensiyaya qoşulmuş istənilən dövlətə göndərir.

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının "Kibercinayətkarlıq haqqında" Konvensiyanın 24-cü maddəsinin 7-ci bəndinin "a" yarımbəndi üzrə

 

BƏYANATI

 

Azərbaycan Respublikası, Konvensiyanın 24-cü maddəsinin 7-ci bəndinin "a" yarımbəndinə uyğun olaraq, ekstradisiya müqaviləsi olmadığı hallarda ekstradisiya və müvəqqəti həbsə dair sorğuları qəbul edən səlahiyyətli orqan qismində Ədliyyə Nazirliyini təyin edir.

  

Azərbaycan Respublikasının "Kibercinayətkarlıq haqqında" Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinin "c" yarımbəndi üzrə

 

BƏYANATI

 

Azərbaycan Respublikası, Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinin "c" yarımbəndinə müvafiq olaraq, qarşılıqlı yardım üçün sorğu göndərmək, sorğuları icra etmək və onların icra edilməsi üçün məsul olan səlahiyyətli orqan qismində Milli Təhlükəsizlik Nazirliyini təyin edir.

 Azərbaycan Respublikasınm "Kibercinayətkarlıq haqqında" Konvensiyanın 27-ci maddəsinin 9-cu bəndinin "e" yarımbəndi üzrə

 

BƏYANATI

 

Konvensiyanın 27-ci maddəsinin 9-cu bəndinin "e" yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikası baş katibi məlumatlandırır ki, səmərəliliyin təmin edilməsi məqsədilə bu bənd əsasında edilmiş sorğular onun mərkəzi hakimiyyət orqanına göndərilməlidir.

 

 

 

 

Azərbaycan Respublikasının "Kibercinayətkarlıq haqqında" Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndi üzrə

 

BƏYANATI

 

Azərbaycan Respublikası, Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq, kompüter sistemləri və kompüter verilənləri ilə əlaqədar cinayətlərin istintaqı və ya digər icraatın aparılması məqsədilə və ya cinayətlərə dair sübutların elektron formada toplanması üçün təxirəsalınmaz yardımın göstərilməsini təmin etmək məqsədilə sutkada iyirmi dörd saat, həftədə yeddi gün ərzində fəaliyyət göstərən əlaqələndirici qurum qismində Milli Təhlükəsizlik Nazirliyini təyin edir.

 

 

 

 

Azərbaycan Respublikasının "Kibercinayətkarlıq haqqında" Konvensiyanın 38-ci maddəsi üzrə

 

BƏYANATI

 

Azərbaycan Respublikası, Konvensiyanın 38-ci maddəsinə uyğun olaraq, Konvensiyanın müddəalarının Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində həyata keçirilməsinə həmin ərazilər işğaldan azad edilməyənədək zəmanət verə bilməyəcəyini bəyan edir.

 

 

 

 

Azərbaycan Respublikasınm "Kibercinayətkarlıq haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin "b" yarımbəndi üzrə

 

QEYD – ŞƏRTİ

 

Azərbaycan Respublikası Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin "b" yarımbəndinə dair bəyan edir ki, əməllər az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli hesab edilmədikdə, cinayət deyil, tənbeh edilə bilən hüquq pozuntuları kimi qiymətləndirilir. Cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi əhəmiyyətli zərərə səbəb olursa, cinayət sayılır.

 

 

 

 

Azərbaycan Respublikasının "Kibercinayətkarlıq haqqında" Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndi üzrə

 

QEYD – ŞƏRTİ

 

Azərbaycan Respublikası, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinə dair Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilən əməlləri, az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli cinayət hesab edilmədikdə, cinayət tərkibli hüquq pozuntuları kimi yox, cəzalandırıla bilən hüquq pozuntuları kimi qiymətləndirir, cinayət məsuliyyətinin yalnız göstərilən əməllər əhəmiyyətli zərərlə nəticələndiyi halda yarandığı barədə qeyd-şərt edir.

 

 

 

 

Azərbaycan Respublikasının "Kibercinayətkarlıq haqqında" Konvensiyanın 42-ci maddəsi və 4-cü maddəsinin 2-ci bəndi üzrə

 

QEYD – ŞƏRTİ

 

Azərbaycan Respublikası, Konvensiyanın 42-ci maddəsinə və 4-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq, cinayət məsuliyyətinin yalnız Konvensiyanın 4-cü maddəsində göstərilən əməllər əhəmiyyətli zərərlə nəticələndiyi halda yarandığı barədə qeyd-şərt edir.

 

 

 

 

Azərbaycan Respublikasının "Kibercinayətkarlıq haqqında" Konvensiyanın 42-ci maddəsi və 29-cu maddəsinin 4-cü bəndi üzrə

 

QEYD – ŞƏRTİ

 

Azərbaycan Respublikası, Konvensiyanın 42-ci maddəsinə və 29-cu maddəsinin 4-cü bəndinə uyğun olaraq, verilənlərin mühafizəsinin təminatına dair sorğunun əsaslandığı cinayət aşkar edildiyi vaxt, həmin cinayət Azərbaycan Respublikası qanunvericiliyinə görə cinayət hesab edilmədiyi halda, verilənlərin mühafizəsinin təminatı ilə bağlı sorğunun icrasından imtina etmək hüququna malikdir.