Milli Kibertəhlükəsizlik Agentliyi
Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2026-cı il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin əsasında Nazirliyin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləməni və nəzarəti, kritik informasiya infrastrukturları və dövlət orqanlarına məxsus informasiya infrastrukturlarına münasibətdə isə məlumat mübadiləsini həyata keçirən, dayanıqlılığın artırılmasını təmin edən, informasiya infrastrukturu subyektlərinin fəaliyyətini koordinasiya edən, habelə dövlət orqanlarına məxsus informasiya infrastrukturları və kritik informasiya infrastrukturları istisna olmaqla, informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəlmiş hərəkətlərin aşkarlanması, araşdırılması və qarşısının alınması məqsədilə preventiv tədbirlər görən publik hüquqi şəxsdir.
Agentlik həmçinin mövcud və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, dövlət və qeyri-dövlət qurumlarının (istifadəçilər) kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki dəstək göstərilməsini təmin edir.
Bununla yanaşı, qanunvericilik çərçivəsində yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsinə qarşı tədbirlərin görülməsi və fərdi məlumatların mühafizəsi sahəsində fəaliyyət həyata keçirən səlahiyyətli qurum kimi fəaliyyət göstərir.
