Təhlillər nəticəsində məlum olmuşdur ki, ölkədə istifadəçilər tərəfindən geniş istifadə olunan texniki avadanlıqlar Android sistemli telefon və planşetlərdir. Bəs Android sistemli qurğularınız nə dərəcədə təhlükəsizdir?
Android, açıq qaynaq kodlu əməliyyat sistemi olduğundan bu sistem üçün proqramlar rahat şəkildə yazılır. Pis niyyətlilər Androidin bu üstünlüyündən istifadə edərək, ziyanverici proqramlar yazırlar və həmin proqramlar sayəsində Android sistemləri müxtəlif viruslara yoluxurlar. Yarandığı ilk gündən yüksək sürətlə təkmilləşən və yayılan bu sistemin ən böyük problemi təhlükəsizlik məsələsidir.
Google-un, Play Market-ə yüklənən proqramlara nəzarət etməməsi nəticəsində meydana gələn və sərbəst şəkildə yayılan bu proqramlara qarşı istifadəçilər nə etməlidir?
Bunun üçün əvvəlcə istifadəçilər Android virusları haqqında məlumatlı olmalıdır, virusların iş prinsiplərini bilməlidir. Bu məqsədlə viruslar haqqında məlumatlar aşağıda qeyd olunub.
Troyan viruslarının gücü:
Androiddəki troyanların gücü olduqca təsirlidir.
- Sizin məlumatlarınızı əldə etməyə çalışan bu proqramların ən təkmilləşmişi, telefon danışıqlarınızı kopyalayan troyandır. CA Security tədqiqatçılarının aşkar etdiyi bu troyan danışıqlarınızı .amr formatında yaddaşa yazır və internetə qoşulduğunuz zaman troyanı hazırlayan tərəfindən təyin olunmuş serverə göndərir. Bu tip troyanlarla əldə olunmuş məlumatlar sizi şantaj etmək üçün istifadə oluna bilər.
- Bundan başqa, telefonunuzun IMEI nömrəsini oğurlayan və telefonunuzu klonlayaraq, istifadəolunmaz hala gətirən troyanlar da mövcuddur.
- İcazəsiz mesaj göndərən troyanları da unutmaq olmaz.
Qısa şəkildə desək, bütün məlumatlarınız onların nəzarəti altındadır. Bunun səbəbi isə Androiddəki icazələrdir. Belə ki, hər hansı proqramı telefonunuza quraşdırdığınız zaman sizə təqdim olunan icazələrə baxmırsınız. Orada proqrama hansı icazələri verdiyimiz barədə məlumatlar göstərilir. Vacib icazələrə malik olan troyanlı bir proqramın Android telefonunuzda edə bilməyəcəyi iş yoxdur. Etibarlı Android istifadəsi üçün əvvəlcə icazələri diqqətlə oxuyun. Məsələn, "bu proqram bu icazəni nə üçün istəyir?". Yalnız proqrama tam etibar etdiyiniz halda onu quraşdırın. Beləliklə, Android proqramları quraşdırarkən icazələrə baxmalıyıq. Endirəcəyimiz proqramları diqqətlə seçməliyik.
Android Counterclank virusu:
Play Market-dən proqram endirdiyiniz zaman diqqət etməli olduğunuz məqamlardan biri də proqram haqqında şərhlər və ona verilən qiymətdir. Həmçinin, oyunu yazan şirkətin adı, onun tanınmış olub olmadığı. Məsələn, "Counter Strike" kimi məşhur bir oyun Android platforması üçün yazılsa, bu barədə başqa veb saytlarda mütləq xəbər görərsiniz. Bu cür məşhur oyunların və ya proqramların adını daşıyan proqramları gördüyünüz zaman onu endirməyiniz məsləhət deyil. Çünki bu addan istifadə edən ziyanverici proqramı telefonunuza endirmiş olacaqsınız. Bu məqamlara diqqət etsəniz, telefonunuzu qorumuş olarsınız. Bundan başqa sizin Android telefonunuzu qorumaq üçün lazımi proqramlar haqqında məlumat aşağıda verilib.
Antivirus Free:
Bildiyiniz kimi, antivirus proqramları artıq telefonlar üçün də vacibdir. Antivirus Free - pulsuz olaraq yayımlanan proqramdır. Bundan başqa, Lookout Security proqram da məsləhət görülür. Telefonunuz oğurlandığı zaman bu proqram vasitəsi ilə xəritədən telefonunuzun yerini müəyyən etmək mümkündür.
Android qurğularınıza virus yoluxduğu zaman ilk atmalı olduğunuz addım telefonunuzun internetlə əlaqəsini kəsməkdir. Çünki, Android sisteminə yoluxmuş troyanlar internet əlaqəsi vasitəsi ilə işləyirlər. Əgər siz kəsdiyiniz halda internetlə əlaqə qalırsa, telefonunuzu söndürün.
Qeyd edək ki, özünü kök kataloqa kopyalayan troyan virusları da mövcuddur. Siz nə qədər yaddaş kartını kopyalayıb, telefonu zavod sazlamalarına geri qaytarsanız da, bu troyanlar kök kataloqda qalacaqlar. Buna görə də ən ideal üsul telefonu format etməkdir. Həmçinin, yaddaş kartı da təhlükəsizlik üçün format olunmalıdır.