QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Elektron poçtunuza daxil olan məktublara diqqət!

15 Jan 2014

 

Kiberfəzada şəxsi məlumatların oğurlanması təhlükənin yeni növü deyil. Lakin, son zamanlarda kibercinayətkarların sayının artması ilə bərabər, bu təhlükənin istifadəçilərə vurduğu ziyan da artmışdır.

Sizin internet üzərində yerləşən hesablarınızı hədəf seçən cinayətkarlar, ad, hesab adları və ya şifrələr kimi şəxsi məlumatları ələ keçirə bilmək üçün ən çox phishing üsulundan istifadə olunur. Phishing müxtəlif qanuna zidd üsullarla login və şifrə kimi konfidensial (məxfi) məlumatların oğurlanmasıdır.

Praktikada phishing-in müxtəlif üsullarına rast gəlmək mümkündür. Bunlardan biri – elektron poçt vasitəsilə göndərilən saxta məktublardır. Bu məktublar sizin bildiyiniz və güvəndiyiniz şəxsdən və ya qurumdan (məsələn, bankdan hesabınızın bağlanması ilə əlaqədar gələn və ya digər vacib hallarla bağlı məzmuna malik məktublar) gəlmiş kimi görünür. Məktubların məzmununda sizdən hər hansı linklərə klikləmək və şəxsi məlulatlarınızı daxil etmək tələb olunur. Əslində həmin linklər saxta saytlara yönəlmişdir və sizin daxil etdiyiniz məlumatlar cinayətkarların əlinə keçir.

Lotareya oyunları və digər pul qazandıran üsullarla bağlı gələn elektron məktublar əslində təhlükə ola bilər. Məsələn, böyük miqdarda pulu sizin hesabınıza köçürmək və s. bu kimi maliyyə əməliyyatları üçün icazənizi tələb edən elektron məktublar əslində informasiyalarınız üçün riskdir.

Daha çox rast gəlinən hallardan biri tanımadığınız şəxslər tərəfindən göndərilmiş, məzmununda kiminsə varisi olmanızı və hesabınıza çoxlu pul köçürülməsini təklif edən məktublardır.

Digər təhlükə - saxta təhlükəsizlik proqram təminatlarıdır.  İnternetdə saytları ziyarət etdiyiniz zaman kompüterinizin risk altında olduğunu göstərən veb səhifələr və ya pop-up pəncərələrlə qarşılaşa bilərsiniz. Bu xəbərdarlıqlarda hansısa proqramı endirməniz və kompüterinizə quraşdırmanız tələb olunur. Əslində bu saxta və casus proqramları quraşdırmaqla kompüterinizin sisteminə ziyan vermiş olursunuz, həmçinin, lazımsız proqram üçün pul ödəmiş olursunuz.

Phishing qarşımıza harada çıxa bilər?

- Elektron məktublar dostunuz və ya tanışlarınızın birindən gəlsə də, təhlükəli ola bilər;

- Sosial şəbəkələr ən riskli mənbələrdir;

- Yardım toplamaq məqsədilə qurulmuş kimi görünən veb səhifələr təhlükəli ola bilər;

- Sizin axtardığınız veb saytın ünvanına çox bənzəyən domenlərdən istifadə edən və həmin sayta çox bənzəyən veb səhifələr;

- Çatlaşma proqramları;

- Yalnız kompüter mühitində deyil, mobil telefonlarınızda və qurğularınızda da bu cür təhlükələrlə qarşılaşa bilərsiniz.