"Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi "Google Play Market" mağazaları vasitəsilə əlavələrin yüklənməsi zamanı istifadəçilərə diqqətli olmağı təkidlə tövsiyə edir". Bunu Trend İnformasiya Agentliyinə Mərkəzin rəhbəri Faiq Fərmanov deyib.
Onun sözlərinə görə, cinayətkarlar populyar "Android" platformasına həddən artıq diqqət göstərirlər və əlavələr mağazalar vasitəsilə zərərli proqramların paylanmasında fəallaşıblar: "Sistem daha populyar olduqca viruslar və sistemi dağıtmaq istəyənlərin sayı çoxalır. Biz istifadəçilərin təhlükəsizliyinin təmin edilməsində dünya vendorları ilə sıx əməkdaşlıq etmək niyyətindəyik".
F.Fərmanov təəssüflə qeyd edib ki, hazırda buna az adam diqqət yetirir: "Biz bu və ya digər məsələlər üzrə təklif və tövsiyələrimizi təqdim etməyə hazırıq. Söhbət hazırda xüsusi diqqət ayırdığımız maarifləndirici tədbirlərdən gedir. Mərkəz artıq bukletlərin, sosial şəbəkələrdə təhlükəsizlik qaydalarının və s. məsələlərin hazırlanmasına başlayıb".
Mənbə: www.trend.az