“Facebook” sosial şəbəkəsində şəxsi mesajlar bölməsindən istifadəçilərə spam mesajlar göndərilir. Şəxsi mesaj xanasından göndərilən spam mesajlar aldadıcı xarakter daşıyır və istifadəçilərin kompüterinə ziyanverici proqramın yüklənməsinə gətirib çıxarır. Tövsiyə olunur ki, şəxsi mesaj bölməsindən göndərilən mesajlara əlavə olunan keçidlərə, dostlarınızın profillərində və ya ana səhifədə paylaşılan keçidlərə daxil olmayasınız. Keçidə klikləmisinizsə, bu halda kompüterə endirilən faylı açmayın.
Əgər ziyanverici proqram artıq kompüterinizə yayılmışsa, bu halda:
- Kompüterin İdarəetmə panelindən (Control Panel) kompüterə yüklənən tanımadığınız proqramları silin (Uninstall);
- Brauzerin Extensions (genişlənmə) bölməsindən bütün genişlənmələri silin;
- “Facebook”da “Uyğulamalar” bölməsində olan proqramları silin. Bunun üçün “Tənzimləmələr” bölməsini seçin və “Uyğulamalar”a daxil olun. Uyğulamaların adlarının sağ tərəfində “sil” əmrini seçin;
- Antivirus vasitəsi ilə kompüterinizi viruslardan təmizləyin;
- Brauzeri silin və yenidən quraşdırın.
Qeyd edək ki, cari problemlə əlaqədar Elektron Təhlükəsizlik Mərkəzinin əməkdaşları tərəfindən araşdırmalar davam edir və nəticələr barədə məlumat Mərkəzin veb saytında dərc olunacaqdır.