Mütəxəssislər tərəfindən "Android" mobil əməliyyat sistemlərinə yoluxaraq təhlükə yaradan yeni ziyanverici proqram aşkar olunmuşdur. "Viking Horde" adlanan bu ziyanverici proqram “Google play”də mövcud olan bəzi yoluxmuş tətbiqetmələr vasitəsilə smartfonları bota çevirməklə "botnet" yaradır. "Check Point" şirkətinin bu təhlükə barəsində araşdırmalarına görə “Viking Horde” reklam fırıldaqçılığı aparır və həmçinin paylanmış xidmətdən imtina hücumları (distributed denial-of-service attacks), spam mesajlar və digər hücumlar məqsədilə istifadə oluna bilir. Ziyanverici proqrama yoluxan və bota çevrilən smartfonlar xidmətdən imtina hücumlarında birbaşa istifadə edilir.
“Kaspersky Lab” şirkətinin mütəxəssislərinin rəylərinə görə “Viking Jump”, “WiFi Plus”, “Memory Booster”, “Parrot Copter” kimi tətbiqetmələr bu ziyanvericinin yayılmasına xidmət göstərən proqramlar hesab olunur.
Tədqiqatçılar bildirir ki, “Viking Horde”yə yoluxmuş smartfon istifadəçinin məlumatlarını ələ keçirə və icazəsi olmadan avtomatik şəkildə müxtəlif xidmətlərə abunə ola bilər.
Ziyanverici proqram qurğuda qalmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Bu səbəbdən Android istifadəçisi qeyd olunan ziyanvericini özünün aradan qaldırması mümkün olmadığından, mövcud əməliyyat sistemində yenilənmə aparılması ilə mobil qurğunun təhlükəsizliyini təmin edə bilər.