QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

“Gooligan” - ziyanverici proqram

02 Dec 2016

Elektron Təhlükəsizlik Mərkəzi yoluxmuş qurğuların təmizlənməsi ilə bağlı tövsiyələrini istifadəçilərin nəzərinə çatdırır.

“Gooligan” adlı ziyanverici proqram 1 milyondan artıq “Google” hesabına müdaxilə edərək, “Android” istifadəçilərinə təhlükə yaradıb.  Belə ki, “Gooligan” özünü rəsmi “Android” tətbiqetməsi kimi gizləyir və istifadəçilərin həmin tətbiqetməni endirməsinə şərait yaradır. İstifadəçi “Googligan”-la yoluxan tətbiqetməni yükləmək və ya “phishing” mesajlarındakı ziyanverici keçidlərə klikləməklə, bu ziyanverici proqramın qurğuya yoluxmasına səbəb ola bilər. Nəzərinizə çatdıraq ki, telefona quraşdırılan tətbiqetmələr mobil qurğudan asanlıqla silinmir.

Ziyanverici proqram “Google” şirkətinin “Gmail”, “Google Photos”, “Google Docs”, “Google Play”, “Google Drive” kimi xidmətlərindən istifadə edən istifadəçilərin bu xidmətlərə giriş məlumatlarını ələ keçirməyə cəhd göstərir.

“Android” istifadəçiləri qurğularının bu ziyanvericiyə yoluxub-yoluxmamasını https://gooligan.checkpoint.com/ keçidinə daxil olmaqla yoxlaya bilərlər.

Yoluxan telefon istifadəçisi aşağıdakı problemlərlə qarşılaşır:

  • Telefonun fəaliyyəti zəifləyir;
  • Telefonun batareyası normal vəziyyətindən daha sürətlə bitməyə başlayır;
  • İstifadəçinin icazəsi olmadan onun telefonuna tətbiqetmələr yüklənilir və bu da telefonun yaddaş tutumunun azalmasına gətirib çıxarır;
  • Mobil məlumat istifadəsi anlaşılmaz şəkildə artır;
  • Telefonun ilkin parametrlərinə gətirilməsi belə (factory reset) problemləri aradan qaldırmağa köməklik göstərmir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi yoluxmuş qurğuların təmizlənməsi ilə bağlı tövsiyələrini istifadəçilərin nəzərinə çatdırır:

  • Telefonda ziyanverici proqramı aşkar edərək skan edən etibarlı antivirus proqramından istifadə edin.
  • Telefondakı bütün sinxronlaşdırılan hesablardan (“Gmail”, “Yahoo”, “Hotmail”, “Facebook” və s.) çıxın.
  • Bu hesablara daxil olmaq üçün təhlükəsizliyinə əmin olduğunuz mobil qurğu və ya kompüterdən istifadə edin və giriş şifrlərini dəyişin.
  • Mümkün olduqda iki mərhələli təsdiqləmədən (2 factor authentication) istifadə edin.
  • Şifrlər dəyişdikdən sonra yenidən hesabınıza daxil olun.