QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Windows və Samba üçün yeni təhlükə: Badlock xətası

03 Apr 2016

Samba şirkətinin mütəxəssisi Stefan Metzmacher Windows sistemi və Samba proqram təminatında mövcud olan mühüm bir təhlükəsizlik xətasını aşkar etmişdir. “Badlock” adlanan bu zəiflik barədə ətraflı məlumat təhlükəsizlik ekspertləri tərəfindən 12 aprel 2016-cı il tarixində açıqlanacaq. Hal-hazırda Windows mühəndisləri və Samba heyəti bu xətanın aradan qaldırılması üçün istifadə olunacaq yeniləmə paketi (patch) üzərində işləyirlər və həmin paketin 12 aprel tarixində dərc olunacağı gözlənilir.

Windows və Samba server infrastrukturlarının administratorluğuna cavabdeh olan bütün mütəxəssislərin diqqətli olması və 12 aprel tarixində yeniləmə paketi dərc olunduqdan dərhal sonra sistemləri yeniləmələri tövsiyə olunur. Belə ki, xəta barədə məlumat dərc olunduqdan sonra bədniyyətlilər bu boşluqdan istifadə etməklə yenilənməmiş sistemlərə qarşı kiberhücumlar reallaşdıra bilərlər.

Yeniləmə paketi Sambanın 4.4., 4.3 və 4.2 versiyaları üçün nəzərdə tutulub. 22 mart 2016-cı il tarixindən etibarən Samba 4.1. versiyasına texniki dəstək dayandırıldığından bu proqram təminatının daha sonra buraxılmış versiyalı proqramlarla əvəz olunması (upgrade) tövsiyə olunur.