"WhatsApp"da "Kodun uzaqdan icrası" təhlükəsizlik zəifliyi aşkar olunmuşdur. Belə ki, bədniyyətli hədəf götürülmüş telefon nömrələrinə ziyanverici kodları göndərərək bu zəiflikdən istifadə edir. Hücum edən şəxslər hədəf nömrəyə zəng edərək, uzaqdan casus proqramı müvafiq mobil cihaza quraşdırmağa nail olur.
Qeyd edək ki, qurban telefon zənginə cavab verməsə belə, bədniyyətli ziyanvericini mobil telefonda qurmağa müvəffəq olur. Casus proqram qurbanın mobil cihazında işə düşdükdən sonra telefonun kamerasını və mikrofonunu işə sala, e-poçtları və mesajları skan edə və istifadəçinin məkan məlumatlarını toplaya bilər.
Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə WhatsApp proqramını ən son versiyaya kimi yeniləməyi, habelə mobil əməliyyat sisteminin ən son versiyasını istifadə etməyi tövsiyə edir.
Təsirə məruz qalan "WhatsApp" versiyaları aşağıdakılardır:
- Adroid üçün "WhatsApp"ın v2.19.134-dən əvvəlki versiyaları
- Android üçün "WhatsApp Business"ın v2.19.44-dən əvvəlki versiyaları
- iOS üçün "WhatsApp"ın v2.19.51-dən öncəki versiyaları
- iOS üçün "WhatsApp Business"in v2.19.51-dən öncəki versiyaları
- Windows telefonu üçün "WhatsApp"ın v2.18.348 -dən öncəki versiyları
- Tizen üçün "WhatsApp"ın v2.18.15-dən öncəki versiyaları