Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən Azərbaycandakı istifadəçilərin elektron poçt ünvanlarına “fişinq” hücumları qeydə alıb. Belə ki, ölkəmizin e-poçt istifadəçilərinə guya azərbaycanlı xakerlər tərəfindən düşmənə aid sənədlərin ələ keçirildiyini bildirən elektron məktublar yollanılır və əlavə olaraq giriş üçün təhlükəli keçid qeyd olunur. Keçidə daxil olduqda e-poçt hesabının istifadəçi adı və parolu istənilir.
Qeyd edək ki, həmin saxta məktuba cavab olaraq məlumatlar təqdim edən e-poçt sahibinin fərdi məlumatları bu keçid vasitəsilə təxribatçıların əlinə keçir. Məqsəd istifadəçilərimizin fərdi məlumatlarını ələ keçirmək və təxribatçılıq əməllərini daha təhlükəli formada davam etdirməkdir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlardan bir daha xahiş edir ki, hazırkı dövrdə xüsusilə ayıq davransınlar, hər məlumata etimad etməsinlər, hər hansı şübhəli keçidə daxil olmasınlar, hər hansı faylı və ya tətbiqi yükləməsinlər.
Yanlışlıqla “fişinq” keçidlərə daxil olduqda fərdi məlumatlarınızı təqdim etməyin, dərhal cihazınızı şəbəkədən ayırın, antivirus və oxşar proqramlarla skan edin, hesablarınızın şifrələrini dəyişin, məlumatlarınızın ehtiyat nüsxəsini saxlayın və baş verən insident barədə www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə məlumat verin.