QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Kiberhücumların yeni hədəfi - koronovirus! Məqsəd fərdi məlumatları ələ keçirmək və əhali arasında təşviş yaratmaqdır!

12 Mar 2020

 

Kibercinayətkarlar öz bəd niyyətlərini həyata keçirmək üçün bu dəfə də bütün dünyanı təşvişə salan sağlıq problemi – koronovirusdan istifadə edir.

İnsanların sağlamlıqları ilə bağlı narahatlıqlarından sui-istifadə edən bu kiberhücum növü onları tələyə düşməyə vadar edir.

Belə ki, tədqiqatçılar koronavirusla əlaqəli sənədlərdə çox sayda zərərli fayl aşkar ediblər. Həmin zərərli fayllarda koronavirusdan qorunma yollarına dair təlimatlar və virusu aşkar etmə üsullarına dair məlumat verildiyi iddia edilsə də, əsl məzmun tamamilə fərqlidir. Bu fayllar istifadəçilərinin cihazlarını hədəfə alan kibertəhdidlər ehtiva edir.

Bəzi zərərli fayllar e-poçt üzərindən göndərilir. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən göndərildiyi iddia edilən bir sənəddə koronavirus qurbanlarının siyahısının verildiyi bildirilir.

Bu cür e-poçt faylına əslində digər zərərli faylları gizli olaraq yükləmək üçün istifadə olunan troyan virusu yerləşdirilir. Başqa bir cəsus proqram isə yoluxmuş cihazda şifrələr və digər fərdi məlumatları toplayaraq kibercinayətkara göndərir.

Başqa bir e-poçtda tibbi maska və oxşar gigiyenik məhsullar göndəriləcəyi və ya saxta peyvəndlər haqqında məlumat veriləcəyi bildirilərək istifadəçilərdən keçidlərə daxil olmaq istənilir. İstifadəçilər həmin keçidlərə daxil olduqda, fişinq saytlara yönləndirilir. Bu məlumatlar isə kibercinayətkarların əlinə keçir.

Göründüyü kimi, dünyanı narahat edən koronavirus mövzusundan sui-istifadə edən kibercinayətkarların məqsədi fərdi məlumatları ələ keçirmək və əhali arasında təşviş yaratmaqdır.

Əlbəttə ki, hər kəs ətrafının sağlamlığı üçün narahat olduğu üçün bu kimi zərərli proqram ehtiva edən mətn, səs, video faylları sevdikləri ilə paylaşır ki, bu da daha çox insanın qurbana çevrilmə ehtimalını artırır. Bu isə öz növbəsində bütün fərdi məlumatlarımızın, kredit kart məlumatlarımız, fotoşəkillərimiz, digər önəmli qeydlərimizin risk altında olması deməkdir.

Gələcək də koronovirus mövzusunu hədəfə alaraq həyata keçirilən kiberhücumların növünün və zərərli proqramların sayının artacağı istisna edilmir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları bu kimi kibertəhdidlərə qarşı tədbirli olmağa və ayıq davranmağa çağırır. Bilinməyən mənbədən gələn e-poçt, mesaj, səs və videoları açmamağı, şübhəli keçidlərə daxil olmamağı və yalnız rəsmi mənbələrdən verilən informasiyaya etibar etməyi tövsiyə edir.

Eyni zamanda, böyük həcmli həssas məlumatlarla işlədiklərini və risk faktorunun daha yüksək olduğuni nəzərə alaraq, müəssisələr də bu kimi kiberhücumlara qarşı hazırlıqlı olmalı və öz əməkdaşlarını xüsusi olaraq bu risklər barədə məlumatlandırmalıdırlar.