QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Xəbərdarlıq: Ermənistan uğursuz “fişinq” hücumlarını davam etdirir!

28 Oct 2020

Ermənistan ölkəmizə qarşı kibermühitdə uğursuz “fişinq” hücumlarını davam etdirir. Belə ki, düşmən tərəfindən sosial şəbəkələr, elektron poçt, “WhatsApp”, “Telegram” və digər kommunikasiya kanalları vasitəsilə vətəndaşlarımıza müxtəlif qurumların adından həqiqətə uyğun olmayan məlumatlar göndərilməklə “fişinq” hücumlara cəhdlər edilir. Məqsəd istifadəçiləri mesajda göndərilən zərərli keçidlərə yönləndirməklə cihazları yoluxdurmaq və fərdi məlumatları ələ keçirmək, eyni zamanda təxribat xarakterli dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları hazırkı dövrdə maksimum diqqətli olmağa və “fişinq” hücumlardan qorunmaq üçün aşağıdakı tövsiyələrə əməl etməyə çağırır:

  • Sosial mediada qarşınıza çıxan, telefonunuza, e-poçtunuza tanımadığınız şəxslər tərəfindən göndərilən heç bir keçidə daxil olmayın, yaxud hər hansı faylı və ya tətbiqi yükləməyin.
  • Aldığınız hər bir mesaja şübhə ilə yanaşın və hər hansı hərəkət etmədən öncə həmin məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlayın.
  • Hədiyyə qazandığınız və ya sizə miras qaldığı ilə bağlı mesajlar böyük ehtimalla “fişinq” mesajlardır. Bu kimi mesajlara əhəmiyyət verməyin.
  • Rəsmi mənbələr tərəfindən təsdiq olunmayan cərimə və ya qadağalarla bağlı bildirişlərə etimad etməyin.
  • Hər hansı keçiddən istifadə edərək istifadəçi adınızı, şifrənizi və digər fərdi məlumatlarınızı təqdim etməyin. Bu məqsədlə veb-brauzerdə yeni açılmış səhifədə müvafiq internet ünvanını əllə daxil edin.
  • Cəhbədəki vəziyyətlə bağlı məlumatların əks etdirildiyi bildirilən keçidlərə daxil olmayın.

Vətəndaşlardan xahiş olunur ki, hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.