Mütəxəssislər tərəfindən modifikasiya olunmuş “FMWhatsApp” tətbiqinin 16.80.0 versiyasında aşkarlanan “Triada” adlanan troyan istifadəçilərin mobil cihazlarını digər zərərli proqramlarla yoluxdurur. Tətbiqə yüklənən virus ilk öncə istifadəçinin cihazı barədə məlumatları toplayır və daha sonra əldə etdiyi informasiyadan asılı olaraq digər zərərli proqramları cihaza yükləyir.
Belə ki, bir çox istifadəçi “WhatsApp” tətbiqinin rəsmi versiyasında mövcud olmayan əlavə funksiyalardan yararlanmaq üçün tətbiqin modifikasiya olunmuş versiyalarından istifadə edir. Tətbiqin bu cür versiyalarının yaradıcıları qazanc əldə etmək məqsədilə tətbiqə reklam modulları əlavə edir. Bu cür üçüncü tərəf reklam modullarına asanlıqla zərərli kodların yerləşdirilməsi mümkündür. Eynilə, “FMWhatsApp” tətbiqinin 16.80.0 versiyasına inteqrasiya olunmuş üçüncü tərəf reklam modullarında zərərli kodlar yerləşdirilmişdir
.
“Triada” virusu istifadəçilər üçün cihaza nəzarətin ələ keçirilməsi, ödənişli abunəlik, şəxsi mesajların oxunması, “WhatsApp” hesabının ələ keçirilməsi və onun vasitəsilə digər qanunsuz fəaliyyətin həyata keçirilməsi kimi ciddi təhlükələr yaradır. Belə ki, cihazda olan məlumatlar yaddaşa yazılır və internetə qoşulma zaman virusu hazırlayan tərəfindən təyin olunmuş serverə göndərilir.
Bu cür təhlükələrdən qorunmaq üçün nə etməliyik?
• Qeyri-rəsmi mənbələrdən tətbiqləri yükləməyin və cihazınızın parametrlərində qeyri-rəsmi (məlum olmayan) mənbələrdən quraşdırılmalara icazələri qeyri-aktiv edin.
• Yalnız rəsmi tətbiqlərdən istifadə edin və onları yalnız rəsmi mağazalardan (Google Play, App Store) yükləyin. Müəyyən funksiyalardan faydalanmasanız belə, telefonunuz təhlükələrdən qorunacaq.
• Quraşdırdığınız tətbiqlərə verdiyiniz icazələrə diqqət yetirin. Hər hansı tətbiqi telefona quraşdırdığınız zaman tətbiqə hansı icazələri verdiyimiz barədə məlumatlar göstərilir. Əvvəlcə icazələri diqqətlə oxuyun. Məsələn, "bu tətbiq bu icazəni nə üçün istəyir və icazə tətbiqin təyinatına uyğundurmu?"
• Tətbiqin etibarlılığını araşdırın. Tətbiq yüklənilən zaman diqqət edilməli məqamlardan biri də tətbiq haqqında şərhlər və ona verilən rəylərdir. İstehsalçı, yükləmə sayı kimi göstəricilərə baxın. Yalnız tətbiqə tam etibar etdiyiniz halda onu quraşdırın.
• Cihazınızı qorumaq üçün antivirus proqramlarından istifadə edin.
Mobil cihazımız virus ilə yoluxduqda nə etməliyik?
• İlk atmalı olduğunuz addım telefonunuzun internetlə əlaqəsini kəsməkdir. Çünki, telefona yoluxmuş viruslar internet bağlantısı vasitəsi ilə işləyirlər. Əgər siz kəsdiyiniz halda internetlə əlaqə qalırsa, telefonunuzu söndürün.
• Cihazının parametrlərindən son yüklədiyiniz tətbiqlərə baxın və şübhəli tətbiqləri silin.
• İdeal üsul telefonu və yaddaş kartını format etməkdir. Qeyd edək ki, bəzi troyan virusları özünü kök kataloqa koplaya bilir. Yaddaş kartını kopyalanması və telefonun zavod sazlamalarına geri qaytarılması, bu virusları təmizləmək üçün kifayət etmir. Buna görə də ən ideal üsul telefonu format etməkdir. Həmçinin, yaddaş kartı da təhlükəsizlik üçün format olunmalıdır.
Həmçinin bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verməyiniz xahiş olunur.