QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Xəbərdarlıq: Vətəndaşlara e-poçt üzərindən müxtəlif hərbi təlimlərin keçirildiyi ilə bağlı saxta məktublar göndərilir

08 Oct 2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti elektron poçt üzərindən həyata keçirilən daha bir “fişinq” kampaniyasını qeydə alıb. Belə ki, vətəndaşlara elektron poçt üzərindən göndərilən saxta məktublarda guya Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə müxtəlif hərbi təlimlərin keçirildiyi bildirilir. Qeyd olunur ki, həmin təlimləri canlı izləmək üçün Dövlət Mülki Aviasiya Agentliyi Müdafiə Nazirliyi ilə birlikdə “Sarsılmaz qardaşlıq – 2021” proqramını hazırlayıb. Saxta məktubda həmin proqramın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edildiyi vurğulanır.

 

Daha sonra istifadəçidən saxta məktuba əlavə edilən keçidə daxil olması və proqramı yükləməsi istənilir. Həmin keçiddə isə zərərverici proqramlar yerləşdirilir və keçidə daxil olub proqramı yükləyən istifadəçinin cihazı yoluxur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir. Məqsəd müxtəlif sosial mühəndislik texnikalarından istifadə edərək istifadəçiləri zərərli keçidlərə daxil olmağa vadar etməklə cihazlarını yoluxdurmaq və fərdi məlumatlarını ələ keçirməkdir.

Vətəndaşlara tövsiyə olunur ki, bu kimi məlumatlara etimad etməsinlər. İlk öncə fərqli əlaqə vasitələrindən istifadə etməklə məktubun göndərildiyi ünvanı və məlumatların düzgünlüyünü rəsmi mənbədən yoxlasınlar. Tanımadıqları şəxslərdən göndərilən heç bir keçidə daxil olmasınlar və hər hansı faylı yükləməsinlər.

Bununla yanaşı, e-poçtdan təhlükəsiz istifadəyə dair Elektron Təhlükəsizlik Xidməti tərəfindən hazırlanan təlimatda göstərilən tövsiyələrə əməl etsinlər:

“E-poçtdan təhlükəsiz istifadəyə dair” təlimat: https://cert.az/news/2020/elektron-poctdan-tehlukesiz-istifadeye-dair-telima

Vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdiklərində www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.