QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

“Facebook” istifadə şərt və qaydalarının pozulması hesabın bloklanması ilə nəticələnə bilər

01 Apr 2022

Sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Statistika göstərir ki, Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə “Facebook”dur. Təəssüf ki, istifadəçilər tez-tez sosial şəbəkədən istifadə şərt və qaydalarına əməl etmədiyindən hesablarınının bloklanması halları ilə üzləşir.

“Facebook” mütəmadi olaraq keçmişdə paylaşılan məzmunlar da daxil olmaqla, hesabınızda olan bütün paylaşımların istifadə şərt və qaydalarına uyğunluğunu xüsusi alqoritmlər vasitəsilə nəzərdən keçirir. Qaydalara uyğun olmayan hesablar məhdudlaşdırılır və ya silinir.

 

Aşağıdakı hallar “Facebook” hesabının bloklanmasına səbəb ola bilər:

  • Özünü başqa şəxs və ya təşkilat kimi qələmə vermək məqsədilə saxta hesabların yaradılması;
  • İntihara yönləndirən, təşviq edən, intihar edən şəxsi təsvir edən paylaşımların edilməsi;
  • Əqli mülkiyyət hüququnu pozan paylaşımların edilməsi;
  • Pornoqrafik xarakterli paylaşımların edilməsi;
  • Fiziki şəxslər arasında odlu silahların, spirtli içkilər və tütün məmulatlarının alışı və satışı;
  • Narkotik vasitələrin və psixotrop maddələrin alışı və satışı;
  • Şəxsin irqi və milli mənsubiyyəti, dini və siyasi baxışları, cinsi, cinsi orientasiyasi, əlilliyi, xəstəliyi və digər hallarla bağlı zorakılığa və təhqirə yol verilməsi;
  • Şəxsiyyətin alçaldılması, nifrətə çağırışlar, təhqir və böhtan xarakerli məlumatlar;
  • Sağlamlıq və ictimaiyyət üçün təhlükə yaradan paylaşımların edilməsi;
  • Terrorizm və ya zorakılığın təbliği və təşviqi;
  • Başqa şəxsin fərdi məlumatlarının icazəsiz paylaşılması;
  • Qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədi ilə kiberdələduzluq fəaliyyəti ilə məşğul olunması;
  • Başqasına məxsus sosial şəbəkə hesabının ələ keçirilməsinə cəhdlər;
  • Şəxsi hesabdan biznes məqsədləri üçün istifadə edilməsi;
  • Rəy və ya paylaşımların təkrarlanması, eyni anda həddindən artıq dostluq sorğularının göndərilməsi və ya qəbul edilməsi (“Facebook” tərəfindən “spam” kimi qəbul edilir);
  • Süni yolla bəyənmə, izləyici və baxışların əldə edilməsi.

 

“Facebook” hesabının bloklanmaması üçün nə etməliyik?

 

  •  Hesab  yaratmadan öncə həmin sosial şəbəkədən istifadə şərt və qaydaları ilə tanış olun. “Facebook” sosial şəbəkəsindən istifadə qaydaları: https://transparency.fb.com/policies/community-standards/
  • Hesabınızın bloklanmasına səbəb ola biləcək yuxarıda göstərilən məzmunda paylaşımlar etməyin.
  • Daha öncə etdiyiniz paylaşımları nəzərdən keçirin və qaydalara uyğun olmayan məzmunları silin.
  • Bununla yanaşı, güclü parol və iki-mərhələli autentifikasiyadan istifadə edərək hesablarınızın təhlükəsizliyini qoruyun.

 

“Facebook” hesabı bloklandıqda nə etməliyik?

Adətən hesablar bloklanmadan öncə bununla bağlı “Facebook” tərəfindən xəbərdarlıq göndərilir. Bloklanmanın qarşısının almaq üçün xəbərdarlıqda göstərilən məzmunların vaxtında silinməsi vacibdir.

Əgər yuxarıdakı qaydaları pozmadığınızı və “Facebook” tərəfindən hesabınızın səhvən bloklandığını düşünürsünüzsə, aşağıdakı keçidə daxil olaraq “Facebook”un rəsmi müraciət formasını doldurun.

     https://www.facebook.com/help/contact/260749603972907

Şəkildə göstərilən boş xanalara aşağıdakı məlumatları daxil edin:

1.  Hesabınızı qeydiyyatdan keçirərkən istifadə etdiyiniz e-poçt ünvanı və ya mobil nömrənizi;

2.  Hesabınızda göstərilən ad və soyadınızı (“Facebook”-da olduğu kimi);

3.  Şəxsiyyət vəsiqənizin aydın görünən şəklini (.jpeg formatında).

Daha sonra “Send (Göndər)” düyməsini sıxaraq müraciətinizi “Facebook”-a göndərin.

 

 

Müraciət formasının doldurulması ilə bağlı hər hansı çətinliyiniz yaranarsa, www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərsiniz.