QAYNAR XƏTT 1654

Xəbərdarlıqlar

Saxta "Google" hesabları ilə fişinq cəhdləri

29 Apr 2025

Elektron Təhlükəsizlik Xidməti saxta e-poçtlar vasitəsilə həyata keçirilən kiberhücumlarla bağlı vətəndaşları diqqətli olmağa çağırır. Belə ki, kiberdələduzlar “Google Sites” platformasından və e-poçtların doğruluğunu təsdiqləmək üçün istifadə olunan “DKIM” imzalarını sui-istifadə edərək “no-reply@google.com” ünvanından gələn və rəsmi e-poçt kimi görünən saxta məktublar göndərirlər. Bu səbəbdən, mesajlar ilk baxışdan təhlükəsiz görünür və çox vaxt elektron poçt sistemləri tərəfindən xəbərdarlıq işarəsi ilə işarələnmir.

Göndərilən e-poçtlarda vətəndaşlara hüquq-mühafizə orqanlarından “Google” hesabları ilə bağlı araşdırma aparıldığı bildirilir. Məktubun içərisində yerləşdirilən keçid ("sites.google[.]com" domenində hazırlanmış) istifadəçiləri saxta “Google Dəstək” səhifəsinə yönləndirir. Burada istifadəçilərdən “sənəd yükləmək”, “işə baxmaq” və ya “sorğuya cavab vermək” adı altında hesab məlumatlarını (istifadəçi adı, şifrə və digər fərdi məlumatlar) daxil etmələri tələb olunur.

Məlumat üçün bildiririk ki, bu cür e-poçtlar rəsmi “Google” bildirişi deyil və məqsəd fərdi məlumatları ələ keçirməkdir!