Dünya İqtisadi Forumu növbəti 10 il üçün bütün dünyada cəmiyyətin üzləşə biləcəyi potensial təhlükələr barədə “Qlobal risklər”in hesabatını açıqlayıb. Hesabatda iqtisadi böhrandan iqlim dəyişikliyinə qədər təsvir oluna biləcək istənilən növ risklər analiz edilmiş və risklər arasındakı əlaqələr qiymətləndirilmişdir. Qeyd edək ki, 28 qlobal risk 5 kateqoriyada təsvir olunmuşdur: iqtisadi, ekoloji, sosial, geosiyasi, texnoloji. Forumun 900 üzvünün ötən il keçirdiyi anketə əsasən, gözlənilən risklər içərisində dövlətlər arasındakı problemlər, işsizlik, təbii fəlakətlər, su ehtiyatlarının çatışmazlığı, iqlim dəyişikliyinə adaptasiya olunma problemləri, məlumatların qeyri –qanuni yollarla ələ keçirilməsi, kiber hücumlar kimi risklər yer alır.
Hesabatda göstərilir ki, 2015 əvvəlki illərdən fərqlənir. Geniş informasiya axını artıq dünyada mübarizə və müharibə yollarını dəyişir. Hesabatda texnoloji risklər arasında kiberhücumlar 23,3%-lə birinci yerdədir. Bu kateqoriyada göstərilən növbəti texnoloji risk məlumatların ələ keçirilməsidir. Eyni zamanda hesabatda qeyd olunur ki, bu cür risklər dünya ölkələrinin əksəriyyətinin hazırlıqsız olduğu məsələlərdən biridir.
Növbəti 18 ay və 10 il üçün Dünya İqtisadi Forumun müəyyənləşdirdiyi "Qlobal risklər" cədvəlini sizə təqdim edirik.