2017-ci il mayın 12-də kiber məkanda qlobal virus epidemiyası baş vermişdir.
İlkin məlumatlara əsasən kompüter qurğularının və informasiya sistemlərinin fəaliyyətinə ciddi təsir edən virus dünyanın 99 ölkəsində 75000-dən çox kompüter sistemində yayılmışdır. WannaCry adlandırılmış bu virusun əsasən Windows əməliyyat sistemlərindəki şəbəkədə faylların paylanması protokolunda mövcud olan boşluqdan istifadə etməsi ilə yayıldığı aşkarlanmışdır.
Yoluxmuş kompüterlərdəki bütün növ faylları – sənədləri, şəkilləri, videoları, məlumat bazalarını şifələyib, kompüterin fəaliyyətinə maneə yaradılır və deşifrələnmə üçün müəyyən məbləğ tələb edilir.
Microsoft şirkəti aşkar olunmuş boşluğun aradan qaldırılması ilə bağlı 14 mart 2017-ci il tarixində “Microsoft Security Bulletin MS17-010 – Critical” adlı yenilənmə dərc etmişdir.
Hazırda müxtəlif antivirus proqramlarında virusa qarşı müvafiq təzələnmələr aparılmışdır.
Kompüter sistemlərinin təhlükədən qorumağınız üçün Elektron Təhlükəsizlik Mərkəzi aşağıdakıları tövsiyə edir:
- İstifadə etdiyiniz kompüter və informasiya sistemlərinizdəki Windows əməliyyat sistemlərində mövcud olan boşluqların aradan qaldırılması üçün dərhal təzələnmə (“patch”ın yüklənməsi və quraşdırılması) aparmaq;
- E-poçt vasitəsi ilə göndərilən naməlum faylları, tanış olmayan hər hansı digər mənbəyə keçidi klikləməmək;
- Vacib sənədlərin ehtiyat nüsxəsini (backup) yaratmaq;
- Aktiv və antivirus bazası aktual olan anti-virusdan isitfadə etdiyinizdən əmin olmaq;
- Əgər hər hansı antivirus proqramı istifadə edilmirsə, Microsoft Defender antivirus proqramından istifadə etmək;
- Antivirus proqram vasitəsilə kompüterinizdə mövcud ola biləcək yoluxmaları yoxlamaq;
- İnternetdən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmək;
- Baş verilmiş yoluxmalar barədə və ya əməli yardıma ehtiyac olduqda Mərkəzə müraciət etmək.
Təhlükə ilə üzləşdiyiniz halda Elektron Təhlükəsizlik Mərkəzinin 1654 qaynar xəttinə zəng etməyiniz və ya team@cert.az elektron ünvanına yazmağınız tövsiyə olunur.