QAYNAR XƏTT 1654

FAQ

SUAL: Elektron təhlükəsizlik nədir?

CAVAB: Elektron təhlükəsizlik - kompüterlər, şəbəkələr, proqramlar və verilənlərə gözlənilməyən və icazəsiz giriş, onların dəyişdirilməsi və dağıdılmasından mühafizəsinə yönəlmişdir. Elektron təhlükəsizlik anlayışı, həmçinin, informasiya texnologiyalarının təhlükəsizliyi kimi də ifadə oluna bilər.

 

SUAL: Elektron təhlükəsizlik nə üçün vacibdir?

CAVAB: Hökumət təşkilatları, hərbi təşkilatlar, şirkətlər, maliyyə institutları, xəstəxanalar və digər müəssisələr məxfi məlumatların böyük bir hissəsini kompüterlərdə toplayır, emal edir və saxlayır. Kiberhücumların həcminin artması və əhatəsinin genişlənməsi ilə bağlı məxfi məlumatların və şəxsi informasiyaların mühafizəsinə, həmçinin, milli təhlükəsizliyin təmin olunmasına xüsusi və daimi diqqət tələb olunur.

 

SUAL: Elektron təhlükəsizliyə kimlər cavabdehdir?

CAVAB: Elektron təhlükəsizliyə hər kəs cavabdehdir. Hər hansı bir informasiya sistemində aşağıdakılardan biri sizsinizsə, onda təhlükəsizliyə cavabdehsiniz: informasiyanın sahibi, informasiya istifadəçisi, informasiya sistemini idarə edən. Bu sadalananlar geniş bir kütləni əhatə etdiyindən, "elektron təhlükəsizliyin təmin olunmasına hər kəs cavabdehdir" demək doğrudur.

 

SUAL: Elektron təhlükəsizliyin qorunmasında istifadəçinin rolu nədən ibarətdir?

CAVAB: Təhlükəsizlik açıqlarının çoxu istifadəçilərin xətalarından qaynaqlanır. Bilmədən və ya qəsdən edilmiş səhvlər informasiya itkisinə səbəb olur. Pis niyyətli istifadəçi olmaq şərt deyil. Bəlkə də yalnız sınamaq məqsədi ilə "port skanner proqramlarından", "crack olunmuş proqramlardan" istifadə etmisiniz və bununla da fərqinə varmadan təhlükəsizlik açıqları yaratmısınız. Məhz bu səbəbdən istifadəçilərin təhlüksizliklə bağlı biliklərinin olması vacibdir.

 

SUAL: İstifadəçi bu sahədə hansı biliklərə malik olmalıdır?

CAVAB: Hər bir informasiya texnologiyaları istifadəçisi təhlüksizliklə bağlı biliklərə malik olmalıdır. Belə ki, hər bir istifaədçi təhlükəsizliyi tam mənada başa düşməli, risklərin müxtəlif tiplərini tanımalı və məlumatlarını onlardan necə qorumalı olduğunu bilməlidir. Bundan başqa əsas təhlükəsizlik qaydalarını bilməli və onlara əməl etməlidir.

 

SUAL: Elektron təhlükəsizlik haqqında daha geniş məlumatı haradan əldə edə bilərəm?

CAVAB: Elektron təhlükəsizlik haqqında daha geniş məlumatı istifadəçilər üçün hazırlanmış tövsiyyələr kitabından əldə etmək mümkündür.

 

­

SUAL: Təhlükəsizliklə bağlı suallarım olduqda kimə müraciət etməliyəm?

CAVAB: Təhlükəsizliklə bağlı suallar yarandıqda team[at]cert[dot]az e-poçt ünvanına müraciət edə bilərsiniz.

 

SUAL: Təhlükəsizliklə bağlı hadisə baş verdikdə hara məlumat vevrməliyəm?

CAVAB: Təhlükəsizlik hadisələri baş verdikdə Elektron Təhlükəsizlik Mərkəzinin qaynar xəttinə zəng edə və ya reports[at]cert[dot]az ünvanına yazmaqla bu barədə məlumat verə bilərsiniz.

 

SUAL: Hadisələr haqqında məlumat vermək nə üçün vacibdir?

CAVAB: Kiçik bir təhlükəsizlik hadisəsi daha geniş və riskli hadisələrə yol aça və böyük fəsadlar yarada bilər. Buna görə də təhlükəsizlik hadisələri baş verdikdə bu barədə aidiyyatı qurumları məlumatlandırmaq vacibdir.