ABŞ CERT-i istifadəçiləri Internet Explorer-in 6-11 versiyalarından istifadə etməməyə çağırır. Çünki Internet Explorer-in qeyd olunmuş versiyaları təhlükə altındadır. Belə ki, bu veb brauzerdə aşkar olunmuş "məsafədən kodla idarə etmə"( remote code execution vulnerability) boşluğu bədniyyətli istifadəçilərə kompüteri adi istifadəçi kimi idarə etmək üçün bütün hüquqları verir. Bu o deməkdir ki, bədniyyətli istifadəçi kompüterin inzibatçısı (administrator) kimi nüfuz edərək sistemə hər hansı zərərli proqram təminatını yükləyə, yeni istifadəçi hesabları yarada, kompüterdə saxlanılmış məlumatları silə bilər. Adətən bu cür halla istifadəçilər adi istifadəçilərin göndərdiyi məzmunu və ya reklamları yerləşdirən veb saytlara daxil olduğu zaman qarşılaşa bilərlər. Çünki bədniyyətli istifadəçilər zərərli kodu məzmunda yerləşdirirlər.
Bu təhlükəsizlik boşluğundan xəbərdar olduğunu qeyd edən Microsoft şirkəti yaxın zamanda yaranmış problemi həll etməklə istifadəçilərinin təhlükəsizliyini təmin edəcəklərini bildiriblər.
Hal-hazırda bu təhlükəsizlik boşluğunun qurbanına çevrilməmək üçün həmin brauzerdən istifadə etməməniz, şifrələrinizi dəyişməniz və antivirus proqramını işə salmanız vacibdir. Eyni zamanda Microsoft şirkəti İnternet Explorer istifadəçilərinə kompüterlərinə Enhanced Mitigation Experience Toolkit (EMET) 4.1utilitini quraşdırmağı tövsiyə edir. Qeyd edək ki, bu utilit yalnız Windows XP SP3 əməliyyat sistemində işləyir.