QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Amerikada kibertəhlükəsizlik mövzusunda təlim proqramında iştirak edib

14 May 2018

Cari ilin 2-12 may tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin aparıcı məsləhətçisi Sevinc Heydərli Amerika Birləşmiş Ştatlarında “Açıq Dünya” proqramı çərçivəsində kibertəhlükəsizlik istiqaməti üzrə “Kiber İntellektual Mülkiyyət Hüququ” mövzusuna həsr olunmuş təlim proqramında iştirak etmişdir. Proqram özəl və dövlət sektorunda kibertəhlükəsizlik üzrə fəaliyyət göstərən mütəxəssislərin müzakirələri, eləcə də bank, sığorta və digər əlaqədar qurumlara təlim xarakterli səfərlər istiqamətində təşkil olunmuşdur.

Təlim ABŞ-da kibertəhlükəsizlik təcrübəsinin, xüsusilə özəl sektorun bu sahəyə yanaşmasının öyrənilməsi, kibertəhlüksəzlik insidentlərinin analizi, mühafizə üsulları, qurumun kibertəhlükəsizlik arxitekturası üzrə istifadə olunan standartlar, proqram təminatı və ən son texnologiyalar haqqında məlumat əldə edilməsi, müvafiq sahədə vacib əlaqələrin qurulması, əməkdaşlığın inkişaf etdirilməsi nöqteyi-nəzərdən olduqca əhəmiyyətli olmuşdur.        

Vaşinqton və Çikaqoda həyata keçirilən təlimlər ABŞ Federal hökumətində məlumat sızmasının analizində və kiber təhlükəsizlik insidentlərin araşdırılmasında uzun illər təcrübəsi olan mütəxəssislərin Amerikada özəl və dövlət sektorunda kibertəhlükəsizlik və onun idarəedilməsinə dair tələblər, 2017 –ci ildə müşahidə olunan kritik təhlükəsizlik boşluqları, insidentə cavab üsulları barədə geniş müzakirələri və dialoqlar şəklində təşkil olunmuşdur.                        

Təlimdə uğurla iştirak edən Sevinc Heydərli, eyni zamanda, digər proqram iştirakçıları ilə birgə Delta Dental Sığorta şirkətində və Çikaqoda fəaliyyət göstərən Bridgeview Bankda, DePaul Universitetində və Çikaqo şəhərinin Texnologiya və İnnovasiya departamentində  təlim səfərində olmuş və burada müvafiq istiqamət üzrə rəsmi şəxslərlə görüşmüşdür.