Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Beynəlxalq Təhlükəsiz İnternet Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Nazirliyin yanında Elektron Təhlükəsizlik Xidmətinin, eləcə də Nazirliyin ayrı-ayrı qurum və müəssisələrinin, Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri çıxış ediblər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində keçirilən tədbirə Şamaxı, Şirvan, Göyçay, Gəncə, Qazax, Zaqatala və Lənkəran şəhərlərindəki mərkəzlər, eləcə də həmin mərkəzlərə cəlb edilmiş şagird və müəllimlər videokonfrans vasitəsilə qoşulublar.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elm, yüksək texnologiyalar və informasiya cəmiyyətinin inkişafı sektorunun müdiri Kamal Məmmədov bildirib ki, internetdə təhlükəsizlik məsələləri, eləcə də fərdi xarakterli məlumatların mühafizəsi informasiya əsrinin prioritetlərindəndir.
O qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən kibertəhlükəsizlik və internet idarəçiliyi sahəsində əlaqəli fəaliyyətlərin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə 2010-cu ildən həm Təhlükəsiz İnternet Günü, həm də Məlumatların Mühafizəsi Günü ilə bağlı aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və internet ictimaiyyətinin nümayəndələrinin məruzəçi və dinləyici qismində iştirakı ilə, habelə gənclər və uşaqların aktiv şəkildə cəlb edilməsi ilə maarifləndirici tədbirlər keçirilməkdədir. Bu tədbir də onlardan biridir.
Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Xəyalə Babayeva "Təhlükəsiz internet" və "Fərdi məlumatların mühafizəsi" mövzusunda təqdimatlarla çıxış etmiş və uşaqları internetdən təhlükəsizlik davranış qaydaları və fərdi məlumatlarının mühafizəsi qaydaları barədə məlumatlandırmışdır.
İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabarov çıxışında bildirib ki, bu gün internet çox vacib bir alətə çevrilib. Hər birimiz təhsil, biznes, əyləncə və digər məqsədlər üçün internetdən istifadə edirik. Bununla belə internetdən düzgün istifadə etmədikdə bir çox problemlər yarana bilər. Bu səbəbdən hər birimiz internetdən təhlükəsiz istifadənin yollarını bilməliyik.
O bu məqsədlə bir sıra internet xidmət provayderləri tərəfindən “Təhlükəsiz internet” xidmətinin istifadəyə verildiyini və bu xidmətdən yararlanan istifadəçilərin müvafiq yaş kateqoriyasına aid hər növ təhlükəli məzmunlardan qorunduğunu bildirib. “Geniş seçim imkanı təqdim edən xidmət sayəsində valideynlərin azyaşlılara psixoloji zərər yetirə biləcək cinayətkarlıq, zorakılıq, irqçilik, diskriminasiya, ekstremizm və s. təbliğ edən oyun, filmlər və s. zərərli kontent yer alan resurslara nəzarəti güclənəcək.
Tədbir şagirdlərin interaktiv sual-cavab sessiyaları ilə müşayiət olunub.
Qeyd edək ki, gənclər və uşaqlar arasında internetdən təhlükəsiz istifadəni təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq məqsədilə Avropa Təhlükəsiz İnternet Mərkəzləri şəbəkəsi “İNSAFE” tərəfindən 2004-cü ildə Təhlükəsiz İnternet Günü təsis edilib. Hər il fevral ayının 2-ci həftəsinin 2-ci günü müxtəlif şüarlar altında dünyanın yüzdən çox ölkəsində Təhlükəsiz İnternet Günü ilə bağlı maarifləndirmə xarakterli tədbirlər keçirilir. Bu ilin şüarı “Birlikdə daha yaxşı internet üçün” (“Together for the better internet”) seçilib.
İstinad : http://mincom.gov.az/az/view/news/523/olkemizde-tehlukesiz-internet-gunu-qeyd-edilir