QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Mərkəzinin nümayəndəsi informasiya təhlükəsizliyi ilə bağlı təlim keçib

25 Oct 2013

 

 

“Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində jurnalistlərin professional hazırlığına kömək məqsədilə keçirilən bir həftəlik təlimlər başa çatıb.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Təlim Mərkəzində təşkil olunan bu təlimlər qabaqcadan Jurnalistlərin arzusu nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçirilib.

Təlimdə ölkənin tanınmış ekspertləri ilə yanaşı, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin sektor müdiri Rəşad Əliyev də xüsusi təqdimatla çıxış edib. "İnformasiya təhlükəsizliyi" mövzusunda çıxış edən R.Əliyev bu istiqamətdə mövcud olan beynəlxalq standartlar,  kiber hücumlar və onların qarşısının alınması məsələlərinə toxunub. O həmçinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi və onun fəaliyyət istiqamətləri barədə təlim iştirakçılarına məlumat verib. R.Əliyev bildirib ki, "informasiya müharibəsi"nin geniş vüsət aldığı müasir dövrdə belə bir mərkəzin ölkəmizdə fəaliyyətə başlaması olduqca mütərəqqi haldır.

Məlumat üçün bildirək ki, “İKT İli” çərçivəsində həyata keçirilən Layihənin əsas məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğuna, elektron hökumətin formalaşmasına dəstək vermək, İnformasiya Cəmiyyəti ideyasını, İT-dən cəmiyyətin bütün sahələrində istifadə edilməsinin üstünlüklərini geniş kütlələrə çatdırmaqdan ibarətdir.

Layihə Multimedia Mərkəzi  tərəfindən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi və "Nar Mobile"ın baş sponsorluğu ilə həyata keçirilir.