
Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) dəstəyi ilə qurumun əməkdaşları üçün kibertəhlükəsizlik mövzusunda onlayn maarifləndirmə tədbiri keçirilib.
“Onlayn mühitdə təhlükəsizlik” və “Kibergigiyena qaydaları” mövzularını əhatə edən tədbirin əsas məqsədi əməkdaşların rəqəmsal risklər barədə məlumatlılığını artırmaq, kibertəhdidlərin vaxtında müəyyənləşdirilməsinə və qarşısının alınmasına dəstək olmaq olub.
Tədbirdə 50 əməkdaş iştirak edib. İştirakçılara müasir kiberhücumların xüsusiyyətləri, fişinq və sosial mühəndislik halları, internetdən təhlükəsiz istifadə qaydaları və kiber risklərdən qorunma üsulları barədə məlumat verilib.
Tədbir çərçivəsində real nümunələr əsasında müzakirələr aparılıb və gündəlik iş prosesində qarşılaşa biləcəkləri təhlükələrdən qorunma yolları izah edilib. Təlimin sonunda iştirakçıların mövzu üzrə bilik səviyyəsini qiymətləndirmək məqsədilə test keçirilib.
