Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) kibertəhlükəsizlik üzrə beynəlxalq əməkdaşlıqlarını uğurla davam etdirməkdədir. Belə ki, Mərkəz "Trusted Introducer" beynəlxalq təşkilatına üzv olub.
Bu üzvlük nəticəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq kompyuter təhlükəsizliyinin təmin edilməsi sahəsində qabaqcıl təcrübənin mənimsənilməsinə imkan yaradacaq, kompüter insidentlərinin idarə olunması və qarşısının alınması istiqamətində inkişafa təkan verəcək.
Əməkdaşlıq çərçivəsində təşkilat əməkdaş komandalara kompüter insidentlərinə və kibertəhlükələrə qarşı keçirilən görüş və konfranslarda iştirak etmək, informasiya mübadiləsini həyata keçirmək, kiber təhlükəsizlik sahəsində yayımlanan hesabat və məlumatlara giriş əldə etmək hüququ verir.
Məlumat üçün bildirək ki, Trusted Introducer 2000-ci ildə kibertəhlükəsizlik sahəsində beynəlxalq səviyyəli problemlərin təmin olunması, təhlükəsizlik insidentlərinə qarşı mübarizə infrastrukturunun yaradılması məqsədi ilə Avropa CERT cəmiyyəti tərəfindən təsis olunmuşdur.