Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə hər il ölkədə 18 may -18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı” keçirilir. “İnsan Hüquqları Aylığı” çərçivəsində müxtəlif dövlət strukturlarında, idarə və təşkilatlarda insan hüquqlarını təbliğ edən mövzuda silsilə tədbirlər təşkil edilir.
Bu silsilənin davamı olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən Bakı Dövlət Universitetində “İnformasiya təhlükəsizliyi və insan hüquqları” mövzusunda tədbir keçirilib.
50-ə yaxın tələbə və müəllim heyətinin iştirakı ilə keçirilən tədbirdə Mərkəzin əməkdaşları informasiya təhlükəsizliyi sahəsində mövcud vəziyyət, kiber təhlükələr, onlara qarşı mübarizə, həmçinin insan hüquqları sahəsində mövcud yerli və beynəlxalq qanunvericilik aktları və bu aktlarda informasiya təhlükəsizliyi ilə bağlı məsələlər, həmçinin sosial media və insan hüquqları ilə bağlı xüsusi təqdimatlarla çıxış ediblər.
Tədbirin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.