QAYNAR XƏTT 1654

“Müasir informasiya dövründə kibertəhlükəsizlik: problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib

03 Jun 2016

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncə Avro-Atlantik Mərkəzi tərəfindən Gəncədə “Müasir informasiya dövründə kibertəhlükəsizlik: problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib.

Gəncə Dövlət Universitetində keçirilən “dəyirmi masa”da rektorun müşaviri və Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Azərbaycanda informasiya cəmiyyətinin inkişafı, milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi barədə söz açıblar.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin əməkdaşları informasiya təhlükəsizliyinin cari vəziyyəti, mövcud və baş verə biləcək kiber təhlükələr, onların informasiya sistemlərinə təsiri və kiber təhlükələrin qarşısının alınması üsulları, eləcə də informasiya təhlükəsizliyi sahəsində beynəlxalq və yerli qanunvericilik aktları, beynəlxalq standartlar barəsində xüsusi təqdimatlarla çıxış ediblər.

50 nəfərdən çox universitet əməkdaşlarının və tələbələrin iştirakı ilə həyata keçirilən tədbirin sonunda kibertəhlükəsizlik məsələlərinin bir sıra aspektləri ətrafında  müzakirələr  və fikir mübadiləsi aparılıb, regionlarda bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyi müzakirə olunub.

Bununla yanaşı, Elektron Təhlükəsizlik Mərkəzi  tərəfindən hazırlanmış və yerli istifadəçilərə yönəlik maarifləndirici xarakter daşıyan “Facebook sosial şəbəkəsində təhlükəsizlik qaydaları haqqında” kitabça tədbir iştirakçılarına təqdim olunub.