QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Amerika Birləşmiş Ştatlarında kibertəhlükəsizlik üzrə təcrübə keçmişdir

06 Jun 2018

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Əməliyyat sektorunun baş məsləhətçisi Leyla Əliyeva Amerika Şuraları (American Councils) tərəfindən təşkil olunmuş Professional Tərəfdaşlar Proqramında iştirak məqsədi ilə 23 aprel-3 iyun 2018-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarına ezam olunmuşdur. Bu proqramda ümumilikdə 18 müxtəlif ölkədən 59 nümayəndə iştirak etmişdir.

 Adıçəkilən proqram perspektivli gənc mütəxəssislərə peşə təcrübələrindən asılı   olaraq ABŞ hökumət orqanları, innovasiya ekosistemləri və digər qurumlarda   praktiki təcrübə qazanmalarına imkanı verir. Xidmətin əməkdaşı Leyla Əliyeva   proqram çərçivəsində Massaçusets Hökumət Evində, Texnologiya və   Hökumətlərarası Məsələlər üzrə Komitə sədrinin rəhbərliyi ilə kibertəhlükəsizlik   üzrə təcrübə keçmişdir.

 Bununla yanaşı, Xidmətin nümayəndəsi Bay Path Universitetində təşkil olunan   “Kibertəhlükəsizlik sahəsində qadınların rolu” mövzusunda müzakirələrdə   iştirak etmiş, həmçinin universitetin informasiya təhlükəsizliyi, rəqəmsal   ekspertiza laboratoriyalarında olmuş və kadrların hazırlanması proqramları ilə   tanış olmuşdur.

 Professional Tərəfdaşlar Proqramının bir hissəsi olaraq Leyla Əliyeva 29 may-2   iyun tarixlərində Vaşintqonda keçirilən beynəlxalq konqressdə iştirak etmişdir.   Konqressdə dünyanın müxtəlif ölkələrindən 200 gənc mütəxəssisin iştirakı ilə   müxtəlif mövzulu seminarlar keçirilmiş, həmçinin ABŞ Dövlət Departamenti,   Təhsil və Mədəniyyət İşləri Bürosuna səfər həyata keçirilmişdir.