QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Xidmətinin "Facebook"a müraciəti əsasında "Ghosty" tətbiqi silindi

21 Nov 2019

Nəzərinizə çatdırırıq ki, son günlərdə ölkəmizdə, eləcə də xaricdə “İnstagram” sosial şəbəkəsinin istifadəçilərinin böyük narahatlığına səbəb olan, istifadəçilərin məxfilik hüquqlarını və “İnstagram”ın gizlilik qaydalarını pozan “Ghosty” tətbiqi Elektron Təhlükəsizlik Xidmətinin “Facebook” komandasına birbaşa müraciəti əsasında həm “Google Play store”, həm də “App store”dan  silinmişdir.  Belə ki, naməlum tərtibatçı (developer) tərəfindən yaradılan bu tətbiq gizli İnstagram hesablarını açmağa, istifadəçinin fərdi məlumatlarını görməyə və hesabdakı şəkilləri yükləməyə imkan verir. Tətbiq qeydiyyatdan keçərkən “İnstagram” istifadəçisinin giriş məlumatlarını (login və parol) əldə edərək həmin hesabdakı gizli profilləri müəyyən edir.  Bu gizli profillərdən hər hansı birinə baxmaq istədikdə proqram fərqli bir sessiya açaraq profilə baxmaq istəyən şəxsə gizli profili tamamilə açıq şəkildə göstərir. Dolayısı ilə, bu tətbiqdən istifadə edərək login və parolunu təqdim edən  şəxslər öz hesabındakı gizli profillərə baxılması üçün digər “Ghosty” istifadəçilərinə icazə vermiş olurlar. Tətbiqin populyarlığı artdıqca açılan gizli profillərin sayı da çoxalır. Xarici mənbələrin məlumatına görə tətbiq istifadəyə verildiyi andan etibarən “Google Play Store” üzərindən 500,000 dəfədən çox yüklənilmişdir.

Nəzərə alsaq ki, “İnstagram” istifadəçilərə profili gizli saxlamaq və yalnız təsdiq edilmiş izləyicilərə paylaşımları, şəkilləri və ya videoları görməyə icazə vermək kimi seçim imkanı verir, bu istifadəçilərin məxfiliyinin ciddi şəkildə pozulması deməkdir. Eyni zamanda “İnstagram” istifadə şərtlərinə görə istifadəçilər öz hesabları üzərindən digər istifadəçilərə hüquqlarını ötürə bilməzlər.

Elektron Təhlükəsiz Xidmətindən məlumat daxil olduqdan sonra “Facebook” komandası “Google” ilə birlikdə araşdırma aparmış və tətbiq “Google Play store” və “App store”dan  silinmişdir. “Facebook” rəhbərliyinin rəsmi məlumatına görə “İnstagram” qaydalarını pozan bu tətbiqi, eləcə də “İnstagram”la bağlı qanunsuz fəaliyyətini dərhal dayandırması üçün “Ghosty” tətbiqinin tərtibatçısına rəsmi xəbərdarlıq göndərilmişdir. Hal-hazırda bu şəxsin məsuliyyətə cəlb edilməsi üçün “Facebook” tərəfindən tədbirlər görülür və təhlükəsizlik tədbirləri gücləndirilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu cür qeyri-rəsmi tətbiqləri yükləməməyi, giriş məlumatları kimi həssas məlumatları təqdim etməməyi, özlərinin və ətrafının məxfiliyini təhlükə altında qoymamağı tövsiyə edir. 

Bu kimi hallarla rastlaşdığınız təqdirdə Elektron Təhlükəsizlik Xidmətini məlumatlandırmağınız xahiş olunur.