QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Xidməti pandemiya dövründə maarifləndirmə işlərini davam etdirir

17 Jun 2020

 

ETX tərəfindən “İnformasiya təhlükəsizliyi kontekstində elektron təhlükəsizlik” mövzusunda vebinar keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti pandemiyanın yaratdığı məhdudiyyətləri nəzərə alaraq, informasiya təhlükəsizliyi, elektron təhlükəsizlik sahəsində maarifləndirmə işlərini davam etdirir. Belə ki, qurum müvafiq istiqamətlərdə online təlimlərə, vebinarlara start verib.

“İnformasiya təhlükəsizliyi kontekstində elektron təhlükəsizlik” mövzusunda bu qəbildən olan ilk vebinar NRYTN yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva tərəfindən ADBTİA-nın idman jurnalistikası magistr proqramının tələbələrinə keçilib. E.Mustafayeva bu istiqamətdə mövcud olan beynəlxalq standartlar,  kiber hücumlar və onlardan müdafidə məsələlərinə toxunub.

Vebinarda informasiya təhlükəsizliyi, konfidensial və fərdi məlumatların mühafizəsi üsulları, virtual mühitdə informasiya üçün təhlükə yaradan daxili və xarici faktorlar kimi məsələlərdən də bəhs olunub. E.Mustafayeva bildirib ki, cəmiyyətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Ona görə də, informasiyanın cəmiyyətdə rolunu müsbət istiqamətdə nizmlamaq üçün informasiyanın özünün qorunması və neqativ informasiyanın yayılmasının qarşısının alınması vacib faktordur.

E.Mustafayeva, həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti və onun fəaliyyət istiqamətləri barədə də vebinar iştirakçılarına məlumat verib. Bildirilib ki, Elektron Təhlükəsizlik Xidməti tərəfindən təlim və vebinarların əsas məqsədi elektron informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində gənclərin hazırlığının artırılması, məlumatların mühafizəsi üsulları, sosial mediadan düzgün istifadə qaydalarının aşılanması və bu sahədə maarifləndirmə işinin aparılmasıdır.