Müasir dövrdə hər birimiz virtual ünsiyyət vasitəsi olaraq sosial şəbəkələrdən istifadə edirik.Hər bir sosial şəbəkə istifadəçisi olan şəxs hesab yaratmadan öncə həmin sosial şəbəkənin istifadə şərt və qaydaları ilə tanış olmalıdır. Statistika göstərir ki, Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə “Facebook”dur. Təəsüf ki, istifadəçilər çox vaxt məlumatlı olmadığı üçün sosial şəbəkələrin istifadə qaydalarına əməl etmir və hesablarının bloklanması halları ilə üzləşir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti “Facebook” sosial şəbəkə istifadəçilərinə hesablarının bloklanmasının qarşısını almaq üçün aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir.
Aşağıdakı hallar “Facebook” hesabınızın bloklanmasına səbəb ola bilər:
- Özünün başqa şəxs və ya təşkilat kimi qələmə verilməsi;
- Birdən çox hesabın və ya saxta hesabların yaradılması;
- Əqli mülkiyyət hüququnu pozan paylaşımların edilməsi;
- Şəxsi hesabdan biznes məqsədləri üçün istifadə edilməsi;
- Rəy və ya paylaşımların təkrarlanması, eyni anda həddindən artıq dostluq sorğularının göndərilməsi və ya qəbul edilməsi (“Facebook” tərəfindən “spam” kimi qəbul edilir);
- Süni yolla bəyənmə, izləyici və baxışların əldə edilməsi;
- Pornoqrafik xarakterli paylaşımların edilməsi (xüsusilə, uşaq pornoqrafiyası);
- Fiziki şəxslər arasında odlu silahların, spirtli içkilər və tütün məmulatlarının alışı və satışı;
- Narkotik vasitələrin və psixotrop maddələrin alışı və satışı;
- Şəxsin irqi və milli mənsubiyyəti, dini və siyasi baxışları, cinsi, cinsi orientasiyasi, əlilliyi, xəstəliyi və digər hallarla bağlı zorakılığa və təhqirə yol verilməsi;
- Şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılması, nifrətə çağırışlar, təhqir və böhtan xarakerli məlumatlar;
- İntihara yönləndirmə;
- Sağlamlıq və ictimaiyyət üçün təhlükə yaradan paylaşımların edilməsi;
- Terrorizm və ya zorakılığın təbliği və təşviqi;
- Başqa şəxsin fərdi məlumatlarının icazəsiz paylaşılması;
- Qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədi ilə kiberdələduzluq fəaliyyəti ilə məşğul olunması;
- Başqasına məxsus sosial şəbəkə hesabının ələ keçirilməsinə cəhdlər;
- Virus və ya zərərli kodların yüklənilməsi və ya oxşar fəaliyyət.
“Facebook” hesabının bloklanmasının qarşısını almaq üçün nə etməliyik?
- “Facebook” sosial şəbəkəsindən istifadə şərt və qaydalarına əməl edin.
- “Facebook” hesabınızın bloklanmasına səbəb ola biləcək yuxarıda göstərilən hərəkətlərə yol verməyin.
- Başqalarına məxsus fərdi məlumatlarından istifadə etməklə saxta hesablar yaratmayın.
- Özünüz haqqında düzgün məlumat verin. Yalnız bir hesab yaradın və hesabınızı yalnız şəxsi məqsədlər üçün istifadə edin.
- Hesabınızın şifrəsini başqa şəxslərlə paylaşmayın və başqa şəxslərə hesabınıza daxil olmağa icazə verməyin və ya hesabınızı üçüncü şəxslərə ötürməyin.
- Başqa şəxslərin hüquqlarını, xüsusilə əqli mülkiyyət hüququnu pozan, terrorizmə, zorakılığa və nifrətə təşviq edən paylaşımlar etməkdən çəkinin.
- Başqasına məxsus fərdi məlumatları onların icazəsi olmadan paylaşmayın.
- İnsanlarla ünsiyyət qurarkən təhqir, təhdid və ya digər xoşagəlməz ifadələrdən çəkinin. Şəxsi fikirlərinizi başqalarının hüquqlarını pozmayacaq şəkildə və qarşılıqlı hörmət çərçivəsində ifadə edin.
- Məhsul və xidmətlərin reklamı üçün biznes səhifələrindən istifadə edin.
- Rəy və paylaşımlarınızı təkrarlanmayın, süni yolla bəyənmə, izləyici və ya baxış əldə etməyə çalışmayın.
- Bundan əlavə, “Facebook” qaydalarını pozan məzmunları (hesab, rəy, paylaşım, reklam və s.) rəy bildirmədən paylaşımın və ya hesabın sağ tərəfindəki üç nöqtəyə klik etməklə şikayət edin.
“Facebook” hesabı bloklandıqda nə etməliyik?
Hesabınız bloklandıqda, hesabınıza daxil olduğunuz zaman hesabınızın bloklanması barədə bildiriş göstərilir. Əgər yuxarıdakı qaydaları pozmadığınızı və “Facebook” tərəfindən hesabınızın səhvən bloklandığını düşünürsünüzsə, 30 gün ərzində qərarın yenidən nəzərdən keçirilməsi üçün “Facebook”a müraciət edə bilərsiniz. Bu müddət keçdikdən sonra hesabınız birdəfəlik silinir və müraciət etmə şansınızı itirirsiniz.
Qeyd: “Facebook” qaydalarına əsasən ciddi və ya təkrar pozuntular zamanı hesab xəbərdarlıq edilmədən birdəfəlik silinə bilər.
Hesabınız bloklandıqda aşağıdakı keçidə daxil olaraq “Facebook”un rəsmi müraciət formasını doldurun: Forma keçid
Şəkildə göstərilən boş xanalara aşağıdakı məlumatları daxil edin:
1. Hesabınızı qeydiyyatdan keçirərkən istifadə etdiyiniz e-poçt ünvanı və ya mobil nömrənizi;
2. Hesabınızda göstərilən ad və soyadınızı (“Facebook”-da olduğu kimi);
3. Şəxsiyyət vəsiqənizin aydın görünən şəkli (.jpeg formatında).
Daha sonra “Send (Göndər)” düyməsini sıxaraq müraciətinizi “Facebook”-a göndərin.
Müraciət formasının doldurulması ilə bağlı hər hansı çətinliyiniz yaranarsa, www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.