QAYNAR XƏTT 1654

NRYTN yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanovun AZTV-də yayımlanan "Hədəf" verlişində çıxış edib

20 Jul 2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN)  yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov bu gün - cari ilin 20 iyul tarixində AZTV-də yayımlanan "Hədəf" verlişinin qonağı olub. F.Fərmanov çıxışında son dövrlər ölkəmizə qarşı yönələn kibertəhlükələr, onlarla mübarizə üsulları, həmçinin, Elektron Təhlükəsizlik Xidmətinin bu istiqamətdə gördüyü işlərdən söhbət açıb.

O bildirib ki, düşmənlə mübarizə bütün cəbhələrdə davam edir. Məhz bu səbəbdən Elektron Təhlükəsizlik Xidməti vətəndaşları bu kimi kibertəhdidlərə qarşı tədbirli olmağa və ayıq davranmağa çağırır. Bilinməyən mənbədən gələn e-poçt, mesaj, səs və videoları açmamağı, şübhəli keçidlərə daxil olmamağı və yalnız rəsmi mənbələrdən verilən informasiyaya etibar etməyi tövsiyə edir.

F.Fərmanov, həmçinin, pandemiya dövründə kiberdələduzların aktivliyi məsələsinə də toxunub: "Dünyanı narahat edən koronavirus mövzusundan sui-istifadə edən kibercinayətkarların məqsədi fərdi məlumatları ələ keçirmək və əhali arasında təşviş yaratmaqdır. Bu mövzuda da vətəndaşlarımız ETX-nın xəbərdarlıqlarında yer alan sadəcə kibertəhlükəsizlik qaydalarına əməl edərək, bu təhlükələrin zərərini xeyli azalda bilərlər".

 Bundan əlavə, NRYTN yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi kibertəhlükəsizlik mövzusunda təmsil etdiyi qurumun apardığı beynəlxalq əməkdaşlıqlara da toxunub:

"ETX tərəfindən kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi məqsədilə bir sıra ölkələrin kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri (CERT) ilə kibertəhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə mütəmadi məsləhətləşmələr aparılır. Kibertəhlükəsizlik sahəsində insidentlərin qarşısının alınması istiqamətində Facebook, Youtube, Apple və Google şirkətləri ilə (beynəlxalq internet təminatçıları) əməkdaşlıq əlaqələri daha da genişləndirilməkdədir. Bu şirkətlərlə əlaqələr yerli istifadəçilərimizin üzləşdikləri kibertəhlükələrin ETX tərəfindən daha operativ şəkildə həllini təmin etməkdədir" - deyə F.Fərmanov bildirib.