4-6 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi" və "NewSpace" şirkətinin təşkilatçılığı ilə “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” beynəlxalq tədbiri keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti də tədbirin tərəfdaşlarından biri olub. Eyni zamanda Xidmətin mütəxəssisləri digər mentorlarla birlikdə Hakaton ərzində prototiplərin hazırlanıb-sonlandırılması üçün komandalara dəstək göstəriblər və qiymətləndirmə prosesində iştirak ediblər.
Müsabiqənin rəqəmsal tərəfdaşı qismində isə "Azercell" şirkəti çıxış edib.
Onlayn formada keçirilən tədbirdə mülki şəxslərin müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal təbliğat mövzuları müzakirə olunub. Həmçinin müdafiə texnologiyaları ilə bağlı innovativ arxitektura və proqramların tətbiqi, bu istiqamətdə əməkdaşlıqların artırılması məsələlərinə toxunulub.
Hakatonda 48 saat ərzində komandalar qeyd olunan problemlər üzrə hazırladıqları texniki avadanlıq, mobil tətbiq, eləcə də “hardware” və “software” proqram tətbiqləri üzərində çalışıblar.
Hakatonda rəqəmsal təbliğat problemi üzrə Moldovadan “FakeReveal” komandası 1-ci yerə, müvafiq problem üzrə Azərbaycandan “AzOP Fables” komandası 2-ci yerə, müdafiə texnologiyaları problemi üzrə isə Azərbaycandan “VRSoldiers” komandası 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, Hakatonda 30-dan çox xarici və yerli mentorun dəstəyi ilə 55 üzvü olmaqla 19 xarici və 98 üzvü olmaqla 31 yerli komanda yarışıb.