QAYNAR XƏTT 1654

Ümumi təhsil müəssisələrinin informatika müəllimləri üçün internetdən təhlükəsiz istifadə üzrə təlim keçirilib

21 Jan 2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Təhsil Nazirliyi ilə birgə ümumi təhsil müəssisələrinin informatika müəllimləri üçün təlim keçirib. Məqsəd gənclər və uşaqlar arasında internetdən təhlükəsiz istifadəni təbliğ etmək, gələcək nəsilləri qlobal şəbəkədəki mövcud kibertəhdidlərlə bağlı məlumatlandırmaqdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində keçirilən təlimə video-konfrans vasitəsilə Şamaxı, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələdən 70 ümumi təhsil müəssisəsinin ümumilikdə 100 informatika müəllimi cəlb edilib.

Təlimdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Aysel Hadiyeva, “Kaspersky” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşfiq Məmmədov və “Azercell” şirkətinin dəstəyi ilə Azərbaycan Müəllim İnkişaf Mərkəzinin əməkdaşı Elvin Əliyev tərəfindən internetdən, eləcə də sosial şəbəkələrdən təhlükəsiz istifadə, uşaq və yeniyetmələrin üzləşdiyi kibertəhdidlər və onlardan müdafiə üsulları ilə bağlı təqdimatlar, müvafiq video materiallar nümayiş etdirilib və müəllimlərin sualları cavablandırılıb.

11 fevral - Beynəlxalq Təhlükəsiz İnternet Günündə də yuxarı sinif şagirdləri üçün internetdən təhlükəsiz istifadə üzrə “açıq dərs”lərin keçirilməsi planlaşdırılır. “Açıq dərs”lər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində keçirilən təlimlərdə iştirak edən müəllimlər tərəfindən keçiriləcək.

Qeyd edək ki, internetdən təhlükəsiz istifadəni təbliğ etmək məqsədilə Avropa Təhlükəsiz İnternet Mərkəzləri şəbəkəsi “İNSAFE” tərəfindən 2004-cü ildə “Təhlükəsiz internet günü” təsis edilib.  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən kibertəhlükəsizlik və internet idarəçiliyi sahəsində maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə 2010-cu ildən “Təhlükəsiz internet günü” ilə bağlı aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və internet ictimaiyyətinin nümayəndələrinin məruzəçi və dinləyici qismində iştirakı, habelə gənclər və uşaqların aktiv şəkildə cəlb edilməsi ilə maarifləndirici tədbirlər keçirilməkdədir.