Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Təhsil Nazirliyi ilə birgə Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar internetdən təhlükəsiz istifadə üzrə vebinar təşkil edib.
“Virtual məktəb” platformasında keçirilmiş vebinarda respublika üzrə müxtəlif şəhər və rayon orta təhsil müəssisələrindən 1200-dən çox şagird və müəllim iştirak edib.
Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsinin əməkdaşı Səbinə Hacıyeva tərəfindən Azərbaycanın ən böyük daxili şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində təhsil müəssisələrinə təqdim edilən təhlükəsiz internet imkanları, onlayn təhsilin keyfiyyətli təşkilini, interaktivliyini və fasiləsizliyini təmin edən "Virtual Məktəb" platforması və Təhsil Nazirliyinin faydalı internet resurs portalları barəsində, Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Aysel Hadiyeva tərəfindən isə sosial şəbəkələrdən istifadə zamanı uşaq və yeniyetmələrin üzləşdiyi kibertəhdidlər və onlardan müdafiə üsulları, müəllim və şagirdləri hədəf alan fişinq kampaniyaları, uşaq və yeniyetmələrin aldadılaraq ailəyə məxsus bank hesab məlumatlarının oğurlanması və s. barəsində xüsusi təqdimatlarla vebinar iştirakçılarına məlumat verilib.
Həmçinin, “Kaspersky” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşfiq Məmmədov, “Microsoft Azerbaijan”ın baş meneceri Qaçay Mirzəyev, “Azercell” şirkətinin əməkdaşı Samir Rəsulov və İKT LAB Tətbiqi və Tədrisi Mərkəzinin əməkdaşı Ayaz Kərimov tərəfindən internetdə fərdi məlumatların mühafizəsi, sosial şəbəkə və e-poçt hesablarına düzgün şifrə seçmənin qaydaları, virtual aləmdə yeniyetmələrin dələduzlar tərəfindən necə aldadılaraq təsir altına salınması və şantaj olunması, kiberbullinq nədir və onu necə dayandırmaq olar və s. ilə bağlı təqdimatlar, müvafiq video materiallar nümayiş etdirilib.
Yekunda vebinar iştirakçılarını maraqlandıran müxtəlif suallar cavablandırılıb və müvafiq tövsiyələr verilib.