QAYNAR XƏTT 1654

“Kiber Təhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlər keçiriləcək

07 Oct 2021

Hər il oktyabr ayı dünyanın bir sıra ölkələrində “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” kimi qeyd olunur. Bu ay çərçivəsində kibertəhlükəsizlik və kibergigiyena qaydalarını təşviq etmək, vətəndaşlar, şirkətlər, qurumlar arasında məlumatlılığı artırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.

 

Qlobal mühitdə kibertəhdidlərin artdığını nəzərə alaraq əhalini maarifləndirmək məqsədilə bu ay Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən də “Kiber Təhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Maarifləndirmə xarakterli tədbirlər, əsasən, kibergigiyena, fişinq hücumlarından müdafiə, bank kartlarından təhlükəsiz istifadə, uşaqların onlayn təhlükəsizliyi kimi mövzuları əhatə edəcək.

 

Elektron Təhlükəsizlik Xidməti kibertəhlükəsizlik üzrə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə oktyabr ayı ərzində bütün internet istifadəçilərini sosial şəbəkələrdə #KiberSmartOl, #BeCyberSmart, #CyberSmartAZE həştəqlərindən istifadə edərək maarifləndirmə kampaniyasına qoşulmağa dəvət edir.