Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Avropa İttifaqı və Avropa Şurasının birgə icra etdiyi “CyberEast and CyberSecurity EAST” layihələri çərçivəsində virtual tədbir öz işinə başlayıb.
“Kompüter insidentlərinə qarşı mübarizə qrupları (CSIRT) və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq üçün standart əməliyyat prosedurlarının inkişafı” mövzusunda keçirilən tədbirin əsas məqsədi Azərbaycanda kibercinayətkarlıq və kibertəhlükəsizlik mütəxəssisləri arasında əməkdaşlığın genişləndirilməsidir.
Kibercinayətlər və elektron sübutlar sahəsində beynəlxalq mütəxəssislər, kibertəhlükəsizlik və CSIRT üzrə beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən onlayn tədbir martın 5-də başa çatacaq.
Tədbirdə təcrübə mübadiləsi məqsədilə informativ və interaktiv virtual sual-cavab sessiyaları və müzakirələr təşkil olunur.
Qeyd edək ki, ölkəmizdə CERT xidmətləri fəaliyyət göstərir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti əhalinin, özəl və digər qurumların kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər görən Milli CERT funksiyasını həyata keçirir. Xidmətin www.cert.az rəsmi saytında baş vermiş insidentlərlə bağlı müraciətlərin operativ qəbulu üçün “Kibertəhlükəsizlik insidentini bildir” (https://cert.az/report_cyber) elektron müraciət forması mövcuddur.