QAYNAR XƏTT 1654

28 Yanvar Məlumatların Mühafizəsi Günüdür

28 Jan 2022

28 yanvar tarixi dünyada fərdi məlumatların mühafizəsi günü kimi qeyd olunur. Belə ki, 1981-ci ildə məhz bu tarixdə Avropa Şurası tərəfindən “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənilməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” konvensiya (108 saylı konvensiya) qəbul edilib. Bu tarixin qeyd edilməsində məqsəd fərdi məlumatların mühafizəsinin əhəmiyyətini vurğulamaq, bu istiqamətdə fərdi məlumatların mülkiyyətçi və operatorlarının öhdəliklərinə, o cümlədən fərdi məlumatların subyektlərinin hüquqlarına diqqəti çəkməkdir.


Azərbaycan isə sözügedən konvensiyaya 2009-cu ildən qoşulub. 2010-cu ildə isə milli səviyyədə fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətləri tənzimləyən ayrıca qanun – “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.


Bununla belə, Azərbaycanda beynəlxalq təcrübəni nəzərə almaqla fərdi məlumatların qorunması istiqamətində hüquqi islahatlar davam etməkdədir. Bu məqsədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə yanaşı digər məsul dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli işçi qrupu formalaşdırılıb və yeni qanun layihəsi hazırlanıb.


Bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən də mütəmadi olaraq Məlumatların Mühafizəsi Günü ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilməkdədir. Belə ki, Elektron Təhlükəsizlik Xidməti fərdi məlumatların qanunsuz toplanılması, işlənilməsi, mühafizəsinin təmin edilməməsi halları ilə bağlı tədbirlər görən, əlaqələndirici qurum olan icra hakimiyyəti orqanıdır.


Bununla yanaşı, qurum tərəfindən fərdi məlumatların qanunsuz toplanılması, işlənilməsi, mühafizəsinin təmin edilməməsi nəticəsində hüquqları pozulmuş subyektlərin şikayətlərinə baxılır. Bununla bağlı www.cert.az rəsmi veb resursunda vətəndaş müraicətləri üçün “Fərdi məlumatlarla bağlı insidenti bildir” elektron müraciət forması mövcuddur.