Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar ümumtəhsil müəssisələrinin müəllimləri üçün internetdən təhlükəsiz istifadə mövzusunda təlim təşkil edib.
İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi və aidiyyatı regional bölmələrində keçirilən təlimdə Bakı şəhəri, eləcə də Şamaxı, Qəbələ, Şəki, Gəncə, Mingəçevir və Zaqataladan olan 100-ə yaxın informatika müəllimi iştirak edib.
Təlimdə Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Aysel Hadiyeva çıxış edərək, uşaqların üzləşə biləcəyi kiber təhlükələr, bu təhlükələrlə mübarizə üsulları, əsas kibergigiyena qaydalarından bəhs edib.
Təlimdə iştirak edən müəllimlər sonrakı bir həftə ərzində şagirdlərin internetdən təhlükəsiz istifadəsi üzrə maarifləndirilməsi məqsədilə açıq dərslər təşkil edəcək və nəticələr barədə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verəcəklər.
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən də dəstəklənən təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Yekunda təlim iştirakçılarını maraqlandıran müxtəlif suallar cavablandırılıb və müvafiq tövsiyələr verilib.
Təlimdə, həmçinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin əməkdaşı Zakir İbrahimov da çıxış edərək, Mərkəzdə keçirilən təlimlər barədə iştirakçılara məlumat verib.
Qeyd edək ki, Beynəlxalq Təhlükəsiz İnternet Günü (International Safer Internet Day) Avropa Komissiyasının təşəbbüsü ilə 2004-cü ildən başlayaraq hər il fevral ayının ikinci həftəsində qeyd olunur.
Həmin gün dünyanın bir çox ölkələrində bu istiqamətdə bir sıra tədbirlər təşkil olunur. Elektron Təhlükəsizlik Xidməti Azərbaycanda da mütəmadi olaraq bu istiqamətdə işlər görməkdə, dövlət və özəl şirkətlərlə birgə silsilə tədbirlər həyata keçirməkdədir.