Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) “CIAT paylaşımdır” proqramı üzrə qalib olmuş “Kiber Smart Ol” layihəsi çərçivəsində kibertəhlükəsizlik sahəsində növbəti təlimi Gəncə şəhərində təşkil edib.
Tədbir Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan nümayəndəliyi, KOICA Azərbaycanlı Məzunlar Assosiasiyası, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə keçirilib. Təlimə Gəncə, Yevlax, Goranboy, Şəmkir, Göygöl rayonlarından olan Vətən müharibəsi şəhidləri və qazilərinin 12-17 yaş qrupunda ailə üzvləri cəlb edilib.
Uşaqlara “Rəqəmsal bacarıqların inkişafı” və “Təhlükəsiz internet” mövzularında təqdimatlar edilib. Təlim iştirakçıları dünyada bu sahədəki mövcud vəziyyət, İT ixtisasları, rəqəmsal bacarıqların inkişaf etdirilməsi, uşaq və yeniyetmələrin internetdə qarşılaşa biləcəkləri təhlükələr, onlarla mübarizə üsulları, internetdən təhlükəsiz istifadə üçün əməl edilməsi vacib olan kibergigiyena qaydaları haqqında məlumatlandırılıb.
Elektron Təhlükəsizlik Xidmətinin “Kiber Smart Ol” layihəsi çərçivəsində Bakı və Sumqayıt da daxil olmaqla bir neçə şəhərdə təlimlər təşkil etməsi nəzərdə tutulur.