10.03. 2023. Azərbaycan Mətbuat Şurasının və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin birgə təşəbbüsü ilə “Kütləvi informasiya vasitələrinin kiber təhlükəsizlik problemləri” mövzusunda “dəyirmi masa” keçirilib.
Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid tədbirin keçirilməsində məqsədin medianın kiber təhlükəsizlik məsələlərinə diqqət çəkməkdən ibarət olduğunu bildirib. “Müsavat TV”-nin və “Səs TV”-nin sosial platforma hesablarına hücumların olduğunu xatırladaraq qeyd edib ki, bu hadisələr problemə yanaşmada yeni metodların tətbiqini aktuallaşdırır. RİNN yanında Elektron Təhlükəsizlik Xidməti də bu həssas məqamı nəzərə alaraq, Şura ilə birgə toplantı keçirməyi vacib sayıb.
RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov çıxışında müzakirə olunan mövzunun əhəmiyyətindən söz açıb. Bildirib ki, rəqəmsallaşmanın tətbiqi genişləndikcə, müvafiq olaraq kiber təhdidlərin sayı da artır. Bu təhdidlər özünü müxtəlif forma və metodlarda göstərir. O, belə təhdidlərdən qorunmaq üçün ilk növbədə maarifləndirmə işlərinin aparılmasını zəruri sayıb. Bildirib ki, kiber dələduzların öz məqsədlərinə nail olmaları 60 faiz insan faktoru ilə əlaqəlidir. Kiber məkandan istifadə edən şəxslər təhlükəsizlik qaydalarına düzgün əməl etsələr, xoşagəlməz durumdan yayınmaq da mümkün olar.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli 44 günlük Vətən müharibəsi dövründə ayrı-ayrı kütləvi informasiya vasitələrinin kiber hücumlara məruz qaldığı faktını önə çəkərək, kiber hücumların bütövlükdə ölkənin informasiya təhlükəsizliyinə təhdid yaratdığını vurğulayıb.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli çıxışında diqqəti ölkəmizin üzləşdiyi informasiya savaşına çəkib. Savaşın həssas məqamlarında kiberhücumların da intensivləşməsini vurğulayıb. Qeyd edib ki, belə hallarda problemlərin çevik həll edilməsi üçün müvafiq dövlət qurumları ilə koordinasiyaedilmiş fəaliyyətə ehtiyac yaranır. Çevik koordinasiya mexanizmlərinin müzakirə edilməsinin vacibliyini bildirib.
AİKTSA sədri Elvin Abbasov qeyd edib ki, media qurumları tərəfindən kibertəhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilməli və bu prosesə peşəkar kadrlar cəlb edilməlidir.
MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu rəhbərlik etdiyi “Musavat TV”-yə hücumun aradan qaldırılması istiqamətində gördükləri işlərdən söz açıb. Kiber təhdidlərin əvvəllər də qeydə alındığını vurğulayan R.Arifoğlu, ümumən, yaranmış durumun ölkənin informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndirilməsi üçün əsasların formalaşdığını diqqətə çatdırıb. Problemin müzakirəsinin vacibliyini bu baxımdan əsaslandırıb.
“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev isə çıxışında kiber hücumla rastlaşarkən həyata keçirilmiş tədbirlərdən söz açıb.
Çıxış edənlərdən MŞ sədrinin müavini Səadət Məmmədova, Şuranın İdarə Heyətinin üzvləri – Umud Rəhimoğlu, Fərid Pərdəşünas, Hacıbəy Heydərli və başqaları mövcud sahədəki xarakterik məqamlara diqqət çəkiblər.
RİNN yanında ETX-nın mütəxəssisləri Aysel Hadiyeva və İbrahim Əbdüləzizli media qurumlarına yönəlmiş aktual kiber təhdidlər və kibergigiyena qaydaları barədə məruzələrlə çıxış ediblər.
Sonda RİNN yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov toplantıda səslənmiş suallara aydınlıq gətirib.