18 dekabr tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının təşəbbüsü ilə həmkarlar ittifaqları kadrlarının, fəallarının ixtisasartırma və yenidən hazırlanması üzrə kurs təşkil edilib. Kurs çərçivəsində Elektron Təhlükəsizlik Xidmətinin (ETX) əməkdaşı Rüstəm Müzəffərov tərəfindən “Bank kartlarının təhlükəsizliyi və kiberdələduzların qurbanına çevrilməmək üçün nələri bilməliyik?” mövzusunda təlim həyata keçirilib.
Təlimdə Həmkarlar İttifaqı Səhiyyə Şuralarının sədrləri, Həmkarlar İttifaqı əməkdaşları, mühasiblər, eləcə də “Azərikimya” İstehsalat Birliyi həmkarlarının fəalları iştirak etmişdir. Təlimin əsas məqsədi bank kartlarının istifadəsi zamanı diqqət yetirilməli olan məqamlar, fərdi məlumatların təhlükəsizliyi, fişinq hücumlarından qorunma yolları, onlayn alış-veriş zamanı təhlükəsizlik tədbirləri, həmçinin şifrə və PIN kodların təhlükəsizliyi ilə bağlı iştirakçılara geniş məlumatlar təqdim etmək olmuşdur.
Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, bu istiqamətdə məlumatlılıq səviyyəsinin artırılması rəqəmsal təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.