Cihazın yavaş işləməsi, donmaların olması, yaddaşın birdən-birə yüklənməsi, brauzerin alətlər paneli və ya əsas səhifəsində dəyişikliklərin olması, həmçinin “pop-up” reklamlarla tez-tez qarşılaşmaq zərərverici proqrama yoluxma ehtimallarından sadəcə bir neçəsidir. Bu cür proqramlara yoluxma halından şübhələndikdə aşağıdakı tədbirləri görə bilərsiniz:
– Zərərli proqramın yayılmasının və ya əlavə zərərli məzmunun yüklənməsinin qarşısını almaq üçün yoluxmuş cihaz internet şəbəkəsindən (Wi-Fi) ayrılmalıdır.
– Zərərvericini aşkarlamaq və aradan qaldırmaq üçün antivirus proqramları, yaxud cihazın skan imkanlarından yararlanmaq lazımdır. Bəzi hallarda, xüsusilə də, mürəkkəb zərərli proqramlarla qarşılaşdıqda manual (əl ilə) silinmə tələb oluna bilər.
– Yoluxma aradan qalxdıqdan sonra zərərli proqramın giriş məlumatlarınızı oğurlama ehtimalına qarşı bank və e-poçt da daxil olmaqla, bütün onlayn hesablarınızın şifrlərini dəyişməlisiniz.