Fərdi məlumatların mühafizəsi üzrə yerli icra hakimiyyəti orqanları ilə görüş təşkil edilib
11 aprel 2025-ci il tarixində “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli Fərmanının icrası ilə bağlı yerli icra hakimiyyəti orqanlarının müvafiq sahə üzrə məsul şəxslərinin iştirakı ilə çoxtərkibli onlayn görüş keçirilib.
Görüş iştirakçılarına fərdi məlumatlar haqqında qanunvericilik, subyektlərin hüquqları, fərdi məlumatların mühafizəsinə dair əsas tələblər və öhdəliklər, fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri və dövlət qeydiyyatına alınması proseduru izah edilib.
Bununla yanaşı, görüşdə tərəflər arasında müvafiq sahədə əməkdaşlığın davam etdirilməsi və fərdi məlumatlar üzrə vətəndaş hüquqlarının təmin edilməsi istiqamətində həyata keçiriləcək birgə tədbirlər müzakirə edilib.