Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidməti Qarşılıqlı İnkişafa dair Kibertəhlükəsizlik Alyansının (CAMP) 10 illik yubiley tədbirində təmsil edilib.
Cari ilin 8-10 iyul tarixlərində Koreya Respublikasının Seul şəhərində Qarşılıqlı İnkişafa dair Kibertəhlükəsizlik Alyansı (CAMP) tərəfindən həyata keçirilən sayca 10-cu yubiley tədbirində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (Xidmət) əməkdaşı iştirak etmişdir.
CAMP üzv ölkələrin kibertəhlükəsizlik səviyyəsinin ümumilikdə yüksəldilməsi üçün bir şəbəkə platforması kimi fəaliyyət göstərir. Üzvlər həm qlobal kibertəhlükəsizliyin inkişafına töhfə verir, həm də bu inkişaf təcrübələrini və tendensiyalarını bir-birləri ilə bölüşərək qarşılıqlı tərəqqiyə təkan verir.
Tədbirin məqsədi interaktiv beynəlxalq ictimaiyyət yaratmaq məqsədilə qlobal insan şəbəkəsinin qurulması, ən son kibertəhlükəsizlik tendensiyalarını və strateji milli siyasətləri izləmək üçün kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsinin aparılması və kiber problemlərə kollektiv şəkildə cavab verərək üzv ölkələrin beynəlxalq səviyyədə təsir imkanlarının və fəaliyyət effektivliyinin artırılmasdır.
Tədbirdə iştirak çərçivəsində müxtəlif ölkələrin kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış qurumları ilə yeni əlaqələrin qurulması, həmin qurumların peşəkarları ilə məlumat mübadiləsinin aparılması və şəbəkələşmənin həyata keçirilməsi, həmçinin Xidmət tərəfindən kibertəhlükəsizlik sahəsində görülən işlər barədə tədbir iştirakçılarının məlumatlandırılması təmin edilmişdir.

