QAYNAR XƏTT 1654

ETX əməkdaşı “Kibertəhlükəsizlik sahəsində süni intellekt” mövzusunda beynəlxalq seminarda iştirak edib

01 Dec 2025

Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizliyin idarəedilməsi sektorunun əməkdaşı Məzahir Məmmədov Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Kibertəhlükəsizlik sahəsində süni intellekt" mövzusunda beynəlxalq seminarda iştirak edib.

Tədbirdə rəqəmsal infrastrukturunun təhlükəsizliyinin təmin edilməsində süni intellektin rolu, süni intellektdən müdafiə və hücum məqsədli istifadəyə dair trendlər, habelə süni intellektin zərərli proqramlar və informasiya əməliyyatları da daxil omaqla geniş spektrli kibertəhlükələrin qarşısının alınmasında əhəmiyyəti və s. kimi mövzular ətrafında müzakirələr aparılıb.

Seminarda çıxış edən ETX əməkdaşı süni intellekt texnologiyalarının zərərli proqramların, informasiya əməliyyatlarının və digər kibertəhdidlərin operativ aşkarlanması və qarşısının alınmasında rolundan danışıb. O bildirib ki, süni intellekt əsaslı alətlər və analitik modellər kibertəhlükələrə daha effektiv reaksiyanın verilməsinə imkan yaradır, həmçinin rəqəmsal infrastrukturun müdafiə qabiliyyətini gücləndirir.

Qeyd edək ki, iki gün davam edən seminarın məqsədi NATO-nun müvafiq strukturları, mükəmməllik mərkəzləri, eləcə də Alyansın üzv və tərəfdaş dövlətlərindən olan mütəxəssislərin iştirakı ilə ölkənin aidiyyəti qurumlarının nümayəndələrinin kibertəhlükəsizlik sahəsində süni intellekt və əlaqədar məsələlər barədə məlumatlılığının artırılması olub.