QAYNAR XƏTT 1654

“Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda dəyirmi masa keçirilib.

05 Jun 2025

4 iyun tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir insan alveri və rəqəmsal istismarın qarşısının alınması istiqamətində təşkil olunub. Açılışda Komitə sədrinin müavini Aynur Sofiyeva sağlam, savadlı və vətənpərvər nəslin formalaşmasının bu cür tədbirlərin əsas məqsədi olduğunu qeyd edib.

Dəyirmi masada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Tofiq Cəfərli və xidmətin əməkdaşı Gülər Rzayeva da iştirak ediblər.

Müzakirələr zamanı rəqəmsal təhlükələrin artdığı bir dövrdə uşaqların internet mühitində müdafiəsinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Dövlət qurumlarının, media nümayəndələrinin və vətəndaş cəmiyyətinin bu istiqamətdə koordinasiyalı fəaliyyət göstərməsinin əhəmiyyəti qeyd olunub.

Uşaqların zərərli kontentdən qorunması, kibercinayətkarlıqla mübarizə, media savadlılığının artırılması və Azərbaycan dilində rəqəmsal məzmunun genişləndirilməsi əsas müzakirə mövzuları olub. Eyni zamanda süni intellektlə bağlı yeni risklərə qarşı müdafiə mexanizmlərinin hazırlanması və təhlükəsiz internetin təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib.

Tədbir bütün aidiyyəti qurumların birgə əməkdaşlığı və ictimai maarifləndirmənin genişləndirilməsi çağırışları ilə yekunlaşıb.