QAYNAR XƏTT 1654

Mayın 30-da Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə “Uşaq hüquqlarının müdafiəsində inkişaf və strateji əməkdaşlıq” mövzusunda elmi-praktik konfrans keçirilib.

04 Jun 2025

Mayın 30-da Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə “Uşaq hüquqlarının müdafiəsində inkişaf və strateji əməkdaşlıq” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2020-ci il tarixli Sərəncamları ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın uğurla icra olunduğu vurğulanıb.

DİN tərəfindən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilə biləcək cinayətlərin, inzibati xətaların, eləcə də uşaqlara qarşı baş verən hüquqpozmaların qarşısının alınması sahəsində aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları tərəfindən kompleks tədbirlərin görüldüyü, uzunmüddətli proqramların qəbul edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Çıxışçılar nazirliyin “102” Xidməti-zəng mərkəzi, elektron poçt ünvanı, “Qaynar xətt” kimi sistemlərin, “E-polis” mobil tətbiqi və DİN-in sosial şəbəkə hesablarının cinayətlərin, o cümlədən yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş zorakılıq əməllərinin qarşısının vaxtında alınmasına, operativ tədbirlərin görülməsinə xidmət etdiyini və ötən dövr ərzində bu istiqamətdə effektiv nəticələrin əldə olduğunu bildiriblər.
Vurğulanıb ki, vətəndaşların müraciət etmələrinin asanlaşdırılması, baş verə biləcək hadisələrə çevik müdaxilə olunması məqsədilə polis sahə rəisləri və yetkinlik yaşına çatmayanların işləri üzrə inspektorlar tərəfindən vətəndaşlara vizit kartlar paylanılır, sığınacaq və sosial reabilitasiya mərkəzlərinə ərazi polis orqanlarının növbətçi hissələrinin əlaqə nömrələri verilir.

Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Cavid Hüseynov da iştirak edib. O, rəqəmsal mühitdə uşaqların hüquqlarının qorunması, onlayn təhlükələrə və təhdidlərə qarşı preventiv yanaşmalar, zərərli məzmuna qarşı qabaqlayıcı tədbirlərin görülməsi, həmçinin bu istiqamətdə dövlət qurumları arasında effektiv və koordinasiyalı əməkdaşlığın əhəmiyyətindən danışıb.