30 aprel tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda konfrans keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, ekspertlər və aidiyyəti sahələr üzrə mütəxəssislər iştirak ediblər.
Tədbir çərçivəsində rəqəmsal dövrdə ailə münasibətlərinin transformasiyası və bu kontekstdə kibertəhlükəsizlik məsələləri də diqqət mərkəzində olub. Bu istiqamətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və Tədqiqat sektorunun müdiri Esmira Qasımova çıxış edərək bildirib ki, rəqəmsallaşma ailədaxili münasibətləri dəyişdirərək yeni davranış modelləri formalaşdırır və bu şəraitdə rəqəmsal təhlükəsizlik üzrə maarifləndirmənin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Bildirilib ki, həyata keçirilən maarifləndirmə təşəbbüsləri çərçivəsində 42 mindən çox uşaq və yeniyetmə rəqəmsal təhlükəsizlik, sosial media davranışı və şəxsi məlumatların qorunması istiqamətində məlumatlandırılıb. Qeyd olunub ki, bu təşəbbüslərin əsas məqsədi yalnız mövcud risklər barədə məlumat vermək deyil, eyni zamanda təhlükəsiz rəqəmsal davranış mədəniyyətinin formalaşdırılmasıdır.
Çıxışda sosial media platformalarında mövcud olan valideyn nəzarəti və təhlükəsizlik alətlərinin əhəmiyyətinə toxunularaq vurğulanıb ki, əsas məsələ bu vasitələrin düzgün və effektiv istifadəsidir. Valideynlərin nəzarətçi deyil, daha çox bələdçi rolunda çıxış etməsinin vacibliyi diqqətə çatdırılıb.
Sonda qeyd edilib ki, rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunması yalnız texnoloji deyil, həm də sosial və təhsil məsələsidir və bu istiqamətdə dövlət qurumları, təhsil sistemi və ictimai institutlar arasında koordinasiyalı fəaliyyət xüsusi önəm daşıyır.




